16 iyul 2023 12:20
1155

“Qol U-15” beynəlxalq futbol turniri başa çatıb- FOTO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Qol U-15” beynəlxalq futbol turnirinə iyulun 15-də yekun vurulub.

“İki sahil” xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın birgə təşkilatçılığı ilə keçirilən turnirdə 8 komanda iştirak edib.

"ASCO Arena"da keçirilən üçüncü yer uğrunda qarşılaşmada “Neftçi” “Səbail” komandasına 2:1 hesabı ilə qalib gələrək yarışın bürünc medalına sahib çıxıb. Final oyununda "Zirə" və Qırğızıstanın “İlbirs” komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən oyunda “İlbirs” 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi olub. Beləliklə, yarışın qalibi "İlbirs" komandası olub. İkinci və üçüncü yerlərə "Zirə" və "Neftçi" komandaları layiq görülüblər.

Turnirin ən yaxşı oyunçusu Kayrat Kanatov ("İlbirs"), bombardiri Murad Cabbarov ("Sumqayıt", 7 qol), ən yaxşı qapıçısı isə Xəqan Şükürov ("Zirə") seçiliblər.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və “Zirə” PFK-nın baş məşqçisi Rəşad Sadıqov təqdim ediblər.

Qeyd edək ki, turnirdə Azərbaycan komandaları ilə yanaşı, Qırğızıstanın “İlbirs” və Özbəkistanın 14 yaşlılardan ibarət “Paxtakor” komandaları da iştirak ediblər.