Çad
Dənizə çıxışı olmayan bu Mərkəzi Afrika ölkəsi iqlim dəyişikliyi ilə daha da şiddətlənən quraqlıq və daşqınlardan əziyyət çəkir. Dünya Bankının məlumatına görə, təkrarlanan quraqlıqlar ölkənin kənd təsərrüfatı istehsalına “əhəmiyyətli təsir” göstərib və 2,4 milyon insana zərər vurub. Davamlı quraqlıq, həmçinin ölkənin şimal hissəsində səhralaşmanın sürətlənməsinə səbəb olub ki, bu da kənd təsərrüfatı sahələrinin azalması və otlaq sahələrinin cənuba doğru yerdəyişməsi ilə nəticələnib. NASA ölkənin cənub-qərbindəki Çad gölünün 20 il ərzində yox ola biləcəyini də proqnozlaşdırıb.
Ölkə həmçinin daşqınlardan da əziyyət çəkib. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının saytında deyilir: “2022-ci il avqustun əvvəlindən Çada yağan misli görünməmiş leysan yağışları paytaxt Njamena və yaxınlıqdakı əyalətlərdə mənzillərə, mühüm infrastruktura və kənd təsərrüfatı torpaqlarına ciddi ziyan vurub”.
Daşqınlar təxminən 750 min insana təsir edib və əhalini vəba kimi sudan yoluxan xəstəliklər riski ilə üz-üzə qoyub.
Banqladeş

Dünya Bankı 2022-ci ilin sonunda bildirib ki, bu Asiya ölkəsi ciddi və artan iqlim riskləri ilə üzləşməkdə davam edir. Orta hesabla hər il baş verən tropik siklonlar ölkəyə ildə təqribən 1 milyard dollara başa gəlir. Dünya Bankının məlumatına görə, 2050-ci ilə qədər kənd təsərrüfatı ÜDM-nin üçdə biri itirilə və 13 milyon insan daxili iqlim miqrantına çevrilə bilər.
BMT-nin hesablamalarına görə, 2050-ci ilə qədər dəniz səviyyəsinin qalxması nəticəsində ölkə ərazisinin təxminən 17%-i su basa və 20 milyon insan evsiz qala bilər.
Somali
Afrikanın şərqində yerləşən Somali bir neçə ildir ki, ölkədə əkin sahələrini məhv edən və məhsul çatışmazlığına səbəb olan quraqlıqdan əziyyət çəkir. Aclıqla mübarizə aparan bir ölkədə yüz minlərlə insan hazırda miqrasiya etməyə və başqa yerlərdə məskunlaşmağa çalışır.
"Antropogen iqlim dəyişikliyi quraqlıqların tezliyini və şiddətini artırıb və onilliklər boyu davam edən münaqişələr ölkənin böhranlara cavab vermək qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədib",-deyə Beynəlxalq Xilasetmə Komitəsi 2022-ci ilin sonunda məlumat verib.
Keniya

Qlobal istiləşmədən təsirlənən bir çox başqa ölkələr kimi, Keniya da şiddətli quraqlıq yaşayır. Bu Şərqi Afrika ölkəsi mal-qaranın qırılmasından əziyyət çəkir və Quraqlığın İdarə Olunması Təşkilatı ölkənin 11 bölgəsini "təhlükə mərhələsində" elan edib ki, bu da onların ən ağır quraqlıq vəziyyətini yaşadığı anlamına gəlir.
Keniyanın turizm departamentinin rəhbəri bildirib ki, 2022-ci ilin fevralından oktyabr ayına qədər ölkədə 205 fil həyatını itirib. Bundan əlavə, Keniyada 512 çöl, 381 zebra, 12 zürafə və 51 camış ölüb.
2023-cü ildə BMT-nin bloqunda deyilir: “İqlim dəyişikliyinin insan cəmiyyətinə və təbii mühitə mənfi təsirləri görünməmiş dərəcədədir”.
Haiti
İqlim dəyişikliyi haqqında məlumat üçün yaradılmış “Climate Links” vebsaytının məlumatına görə, Haiti Latın Amerikası və Karib hövzəsində iqlim dəyişikliyinə ən həssas ölkədir. Haiti əhalisinin yarıdan çoxu su daşqınlarının yaxınlığında və sürüşmələrə meyilli ərazilərdə sıx məskunlaşan sahil şəhərlərində yaşayır. “Climate Links”in məlumatına görə, ölkədə meşələrin qırılması onun fırtına və daşqınlara qarşı həssaslığını artırıb və Haitidə quraq aylarında temperatur yüksəlib.
Artan yağışların daha tez-tez daşqınlara və quraqlıqlara səbəb olduğunu bildirən BMT, hər üç haitilidən birinin təhlükəsiz içməli suya çıxışı olmadığını əlavə edib.
Kiribati

Kiribati Sakit Okeanın mərkəzi hissəsində, ekvator boyunca səpələnmiş adalardan ibarət arxipelaqdır. 1950-ci ildən etibarən bu arxipelaqda tarixən hər on ildə 0,1-0,2°C istiləşmə müşahidə olunur.
Təxminən 100 min əhalisi olan Kiribati dəniz səviyyəsindən cəmi 1,8 metr hündürlükdədir və alimlər hesab edirlər ki, iqlim dəyişikliyi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olduğu üçün adalar yaşayış üçün yararsız hala düşə bilər.
Cənubi Sudan
Beynəlxalq Xilasetmə Komitəsinin (IRC) ölkə direktoru Karolin Sekieva bildirib ki, iqlim dəyişikliyinin təsiri Cənubi Sudanda qeyri-adi güclü yağışlarla nəticələnib: sel suları insanları evlərini tərk etməyə məcbur edib və onları kifayət qədər qida və susuz qoyub. 900 mindən çox insan 2022-ci ilin sonu və 2023-cü ilin əvvəlində vəba və malyariya epidemiyalarına səbəb olan daşqınlardan təsirlənib. Ölkədəki şiddətli quraqlıq və daşqınlar bir çox insan üçün ərzaq çatışmazlığını daha da artırıb.
Efiopiya
Şiddətli quraqlıq və həddindən artıq daşqın bu Şərqi Afrika ölkəsində yoxsulluğu və ərzaq təhlükəsizliyini daha da artırıb. Dünya Bankının məlumatına görə, Efiopiyanın quraqlıqdan təsirlənən ərazilərdə yaşayan çoban və fermer icmaları artan quraqlığa qarşı daha çox həssasdır.
Hindistan
Hindistan əhalisinin sayına görə dünyanın ən böyük ölkəsi (1,4 milyard) kimi Çini artıq geridə qoyub və dünyanın ən böyük istixana tullantıları toplanan ölkələrindən biridir. İqlim Reallığı Layihəsinə əsasən, 2022-ci ildə bir neçə həftə davam edən isti dalğası nəticəsində havanın temperaturu 43°C-dən yuxarı qalxıb, bəzi bölgələrdə hətta 46°C-ə çatıb. Tədqiqatçılar müəyyən ediblər ki, Hindistanda 2000-2004-cü illər və 2017-2021-ci illər arasında həddindən artıq istilərdən ölüm hallarında 55% artım olub.
Ölkə həmçinin bəzi regionlarda kənd təsərrüfatı və məhsul istehsalına ciddi təsir göstərən geniş yayılmış quraqlıq və daşqınlarla üzləşir.
Filippin

“Climate Links”in məlumatına görə, Cənub-şərqi Asiyada adalar ölkəsi olan Filippin iqlim dəyişikliyinə "çox həssasdır". Adalar üçün iqlim risklərinə dəniz səviyyəsinin qalxması, ekstremal hava hadisələrinin tezliyinin artması və temperaturun yüksəlməsi daxildir.
Nubar Süleymanova, “İki sahil”