Xoşbəxt Yusifzadə: Azərbaycan indiyədək AÇG-dən 256 milyon ton mənfəət nefti əldə edib
Azərbaycan indiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 256 milyon ton mənfəət nefti əldə edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən SOCAR-ın III Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumundakı çıxışında SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
“Artıq 19 ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. 2018-ci il aprelin 1-dək dünya bazarında Azərbaycanın payına düşən 256 milyon ton mənfəət nefti satılıb. Bu da dünya bazarında realizə olunmuş bütün mənfəət neftinin 56,6 faizini təşkil edir", - SOCAR-ın rəsmisi bildirib.
X.Yusifzadə əlavə edib ki, bu vaxtadək AÇG layihəsinə 43 milyard dollar xərclənib.