Əlçatanlıq və sağlam düşüncənin olmaması. Həkimlər və hüquqşünaslar həyəcan təbili çalır.
Hər bir qadının müasir dövrdə rahatlıqla əldə edə biləcəyi inyeksiya doldurucular kortəbii tətbiq olunarsa, nəinki xarici görünüşü poza bilər, həm də sağlamlıq və hətta həyatı bahasına başa gələ bilər. Xəbərdarlıq və göstərişlərə baxmayaraq, gözəllik uğrunda çoxları təhlükəli əlavələr haqqında daha çox sosial şəbəkələrdəki videolara inanır. Bunun sonu necə ola bilər?
Həyəcan təbili çalan artıq həkimlər deyil - onlar yorulublar, artıq hüquqşünaslar da qadınların qeyri-ciddiliyi ilə mübarizə aparırlar.
“Dodaqları çox şişir, temperaturu daim 38-39 dərəcə saxlayır. Bunun baş verməməsi üçün qadınlar var ki, aylarla hormon qəbul edir. Onlar gündə iki dəfə iynə vurur. Bunu etməsə, ağrı, şişlik və qızdırma başlayır”, - deyə rusiyalı vəkil yalnız bir doldurucu inyeksiyanın yan təsirlərini sadalayıb.
Belə bir nəticə ilə qarşılaşanlar hər ölkədə az deyil, hər kəs onları görə bilər. Damar tıxanıqlığı doldurucunun damarın kanalına daxil olması, onu tıxamasıdır. Sonra toxuma nekrozu başlayır. Sosial şəbəkələrdə isə “əvvəl qorxurdum, amma etdim və hər şey əladır” tipli şərhlərdən başqa bir şey görə bilməzsiniz. Üst dodağın, yanaqların şişirdilməsi artıq adi hal alıb.
Öz görünüşünüzü günümüzdə redaktə etmək ucuzdur, lakin bu, həyatınız bahasına başa gələ bilər. Burada iki mühüm məqam var. Birincisi, dərmanların keyfiyyətidir. Kosmetoloqlar deyirlər ki, həqiqətən dəyərli olan hər şey klinikalar tərəfindən alınır. Klinikaların, yumşaq desək, maraqlanmadığı məhsullar isə açıq satışa göndərilir və burada “sürprizlər” mümkündür.
“Çox vaxt müstəqil olaraq alınan dərmanlar sertifikata malik olurlar, ancaq sertifikatda deyilir ki, bu dərman səthə tətbiq oluna bilər. Bunu isə hamı bilmir. Əgər siz onu intradermal inyeksion kimi tətbiq etsəniz, deməli, bu sizin probleminizdir, çünki sertifikatda səthə tətbiq üçün olduğu yazılır”,-deyə rusiyalı kosmetoloq Anna Sidorova bildirib. O vurğulayıb ki, əslində, doldurucu infeksiyalar artıq bu günümüzün bəlasıdır.Hətta tamamilə zərərsiz sertifikatlaşdırılmış doldurucu da insanı tanınmaz dərəcədə eybəcərləşdirə bilər.
Bütün dünya üzrə kosmetologiya bazarında bu günə qədər polimerlər müntəzəm olaraq satışdadır. Onlar həll olunmayan dolduruculardır. Mütəxəssislər onları “qatil” adlandırırlar.
“Bu maddə yayıla, qan damarlarını sıxa bilər və buna uyğun olaraq, insan xəstələnərsə, onun sadəcə elementar temperaturu olarsa, bu dərman biofilmlərin təsiri ilə ciddi iltihaba səbəb ola bilər”, - kosmetoloq Elena Nosatskaya ümumi mövzuya münasibətində bildirib.
Bunun günahkarı təkcə biofilm deyil. Estetik cərrahiyyə klinikalarında da bu barədə ümumiyyətlə, danışılmır. Əslində hialuron turşusunun sintezində, doldurucunun əsası olan stafilokokk istifadə olunur. Əgər təmizlənmə dərəcəsi kifayət deyilsə, bakteriya dərinin altına keçir. İltihab kimi özünü büruzə verməsi, xroniki hala çevrilən ciddi bir xəstəlik ola bilər.
Estetik problemləri özbaşına həll etmək cəhdləri ən yaxşı halda estetik cərrahiyyə klinikasının qapılarına, ən pis halda üz-çənə cərrahının kabinetinə, ifrat halda reanimasiya çarpayısına aparır.
Mütəxəssislər durmadan çağırış edirlər: “Gözəllik heç də belə qurban tələb etmir. Aldadıcı vədlərə baş qoşub, böyük bir biznesin qurbanı olmayın”.
Nubar Süleymanova, “İki sahil”