Türkiyənin Kayseri bölgəsinin Yamula bəndinin sahilindəki bir sahədə qazıntı işləri aparan arxeoloqlar 7,5 milyon il əvvəl yaşamış zürafənin ön ayaq sümüyünü aşkar ediblər.
32 yaşlı ekspert antropoloq Oğuzhan Köylüoğlu bildirib ki, ərazidə işlərə 10 nəfərlik komanda ilə iyunun 7-də başlanılıb və 30-a yaxın fosil tapılıb. Köylüoğlu daha sonra bu vaxta qədər Yamula Barajı bölgəsindən xortumlular, (heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi), zürafələr, atlar , bovidlər, ətyeyənlər və donuzlar da daxil olmaqla 612 fosil tapdıqlarını bildirib. Komanda daha əvvəl ərazidə aparılan qazıntı işləri zamanı təəccübdoğuran qədim at qalıqları aşkar etmişdi və maraqlısı da odur ki, aşkar olunan atın indiki atlardan fərqli olaraq üç barmağı olub. Bu da onu göstərir ki, tapıntı 7,5 milyon il əvvəl mövcud olmuş “hipparion” adlı at növünə aiddir.
Köylüoğlu zürafə fosilinin heç bir sınığı olmadan aşkar olunduğunu söyləyib. O ,həmçinin zürafə ilə yanaşı, orada at, qoyun, keçi, antilop kimi qədim heyvan qalıqlarına da rast gəldiklərini əlavə edib.
Qeyd edək ki, Kocasinan rayonunda çoban Murat Adıyamanın 2017-ci ildə bəndin sahilində sümük parçası aşkar etməsindən sonra ərazidə qazıntı işlərinə başlanılıb və burada tədqiqatlar altı ildir ki, davam edir.
Leyla Şıxəli, “İki sahil”