21 aprel 2018 01:52
1742

OPEC+ sazişi neft sektorunu tənəzzüldən xilas etdi

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə (OPEC ) əldə edilən neft hasilatının azaldılmasına dair saziş neft sektorunu qısamüddətli tənəzzüldən xilas etdi.

AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 20-də Ciddədə keçirilən OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.

“24 neft istehsalçısı ölkənin 2016-cı ilin dekabrında əldə etdikləri və hazırda da icra edilən Əməkdaşlıq Bəyannaməsi neft sənayesini geriləmədən xilas etməklə yanaşı, eyni zamanda, onun tənəzzülə uğramasının qarşısını aldı”, - deyə M.Barkindo bildirib.

OPEC-in baş katibi qeyd edib ki, OPEC-ə üzv ölkələr ABŞ-ın dostudur: “ABŞ-ın böyüməsi, inkişafı və rifahından biz də yararlanarıq”.

O əlavə edib ki, neft hasilatının azaldılmasını nəzərdə tutun saziş istehsalçı, istehlakçı və bütövlükdə qlobal iqtisadiyyatın lehinə olmaqla davamlı sabitliyi təmin etmək üçün icra edilir.