Aparılan son araşdırmalara görə, dünya əhalisinin 60%-dən çoxu ( 5 milyarddan çox insan) sosial mediadan fəal şəkildə istifadə edir.
“Kepios” rəqəmsal məsləhət şirkətinin son rüblük hesabatındakı hesablamalara görə, ötən illə müqayisədə sosial şəbəkələrdən istifadə edənlərin sayı 3,7% artıb. Sosial şəbəkə istifadəçilərinin sayı 5,19 milyarda yaxınlaşır ki, bu da dünya əhalisinin 64,5%-ni təşkil edir. Lakin bu göstərici hər yerdə eyni deyil. Sosial şəbəkədən istifadə edən ölkələr arasında ciddi fərqlər var. Şərqi və Mərkəzi Afrikada 11 nəfərdən yalnız biri sosial mediadan istifadə edir. Hazırda dünyanın ən sıx əhalisi olan Hindistanda bu rəqəm hər üç nəfərdən biridir.

Sosial şəbəkələrə sərf olunan vaxt da iki dəqiqə artaraq gündə 2 saat 26 dəqiqəyə çatıb. Fərqi siz burada da görə bilərsiniz . Belə ki, braziliyalılar gündəlik orta hesabla sosial mediaya 3 saat 49 dəqiqə, yaponlar isə bir saatdan az vaxt sərf edirlər.
Dünyada ən çox 7 sosial platformadan istifadə olunur. “Meta” onlardan üçünə sahibdir. Onlar “WhatsApp”, “Instagram” və “Facebook”dur.
Çində üç proqramdan –“WeChat”, “TikTok” və onun yerli versiyası “Douyin”dən istifadə edilir. Ümumilikdə isə, “Twitter”, “Messenger” və “Telegram” dünyada ən yaxşı sosial media platforması hesab edilir.
Leyla Şıxəli, “İki sahil”