Əsla bu xalq bir daha imkan verməz ki, o günləri bizə təkrar yaşadasınız
Ulu babalarımız deyərdi ki, Vətən sevgisi, insana ana südü ilə, necə deyərlər, qanı ilə, geni ilə gəlir. Mərdlər bu müqəddəs torpağı sevər, namərdlər, əhdinə xilaf çıxanlar onun dəyərini bilməz, keçi qiymətinə satarlar. Belə naxələflərdən biri də hamımızın yaxşı tanıdığı, sözdə Vətən “eşqi ilə alışıb yanan”, əməldə isə bu müqəddəs torpağa, çörəyini yeyib, havasını udduğu cənnət-məkana xəyanət edən, AXCP adlı şərin qulluğunda dayanan bir qurumun əsas sima(sız) larından olan Fuad Qəhrəmanlıdır.
Son zamanlar “cəbhəçilər”in sosial şəbəkələrdə xalqımızı, cəmiyyətimizi ittiham edən statuslarını oxuduqca, qaranlıq mənbələrdən, daha doğrusu, erməni lobbisinin təsiri altında olan bəzi beynəlxalq təşkilatlardan qrant alan radikal müxalifət nümayəndələrinin internet tv-lərdəki çıxışlarınnı dinlədikcə ustad şairimiz Məhəmməd Şəhriyarın dahiyanə sözlərini xatırladım. Çünki biz bu nadürüstlərin, “demokratiya aşiqi” olan bu kələkbazların, siyasi fırıldaqçıların ötən əsrin 90- cı illərində Azərbaycanımızın başına açdıqları oyunların canlı şahidləriyik. Ustad Şəhriyar deyirdi:
Qorxum budur, oyun ola,
Millət yenə qoyun ola.
Kimdir bizə boyun ola? Ki, qurdu biz qova bilək,
Qurdun şərrin sova bilək.
Yox, əsla bu xalq bir daha imkan verməz ki, o günləri bizə təkrar yaşadasınız.
Əslində bu “bəylər”in bu cür status paylaşımları onların iç üzünü açır. Əvvəla, öz antimilli fəaliyyətləri ilə cəmiyyətdən özlərini təcrid edən marginallar bununla öz uğursuzluqlarını nümayiş etdirirlər. Daha doğrusu, cəmiyyətin onları ciddiyə almadıqlarını etiraf edirlər. İkincisi, cəmiyyətin onlara vız vermədiyini görüncə, isterikaya qapılaraq çox aqressiv şəkildə cəmiyyətə, necə deyərlər, virtual hücum edir, xalqımızı ittiham və təhqir edirlər. Bu mənada Fuad Qəhrəmanlının yazdıqları ümumiyyətlə, qəbuledilməzdir. Bu zat, sosial şəbəkələrdəki statuslarında cəmiyyəitimizi ən ağır sözlərlə təhqir edir, onu ictimai və siyasi cəhətdən şüursuz adlandırır. Daha da irəli gedərək xalqımızı “bayağı”, “səviyyəsiz”, zövqsüz” adlandırır.
Bir daha hər kəsin diqqətinə çatdırmağaı özümüzə borc bilirik ki, bütün bunlar təkcə F.Qəhrəmanlının öz fikri deyil. Sözün həqiqi mənasında Əli Kərimlinin verdiyi tezislərdir.
Beləsinə nə deyəsən, nə ad verəsən?.. Sözlə ifadə etmək olmur. Nə deyək?
Hələ bu harasıdır? F.Qəhrəmanlı səviyyəsizliyinin və çarəsizliyinin dozasını bir az da artıraraq deyir ki, cəmiyyətin “siyasi qulağı yoxdur”. Bir də şikayət edir ki, insanlar onları dinləmir. Xalq da F.Qəhrəmanlı və onun kimilərə sual verir: Sənin boxçanda nəyin var? Sənin danışdığın sözün nəyini dinləyək, F.Qəhrəmanlı?. “Tik-tok”da pişiklərin boğuşması və ya biri-birini əl ilə salamlaması sənin danışdıqlarından min dəfə maraqlıdır. “Tik-tok” niyə dedik? Çünki AXCP-nin və radikal müxalifətin özünü, sözünü bilməz bu “bəy”i deyir ki, “Tik-tok”a baxmayın, “mənim çıxışlarımı dinləyin”.
Daha nə deyəsən?..
Zahid Rza, “İki sahil”