02 avqust 2023 22:27
358

Ermənilər niyə sülh istəmirlər?

Paşinyan “Euronews”a müsahibəsində dolayısı ilə arvadının və oğlunun cinayətkar olduğunu etiraf etdi...

Dünyanın aparıcı media qurumlarından olan “Euronews” televiziyası avqustun 1-də eyni vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın müsahibələrini yayımladı. Əsasən iki ölkə arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin mətninin razılaşdırılması istiqamətində aparılan danışıqları, Azərbaycanın öz suveren ərazisində yaratdığı Laçın sərhəd-nəzarət məntəqəsinin fəaliyyətini, həmçinin ümumilikdə Cənubi Qafqazda cərəyan edən son prosesləri əhatə edən müsahibələr bir sıra mühüm məqamlara aydınlıq gətirilməsi baxımından diqqət çəkir. Təbii ki, Azərbaycanın dövlət başçısının hər iki ölkə liderinə ünvanlanmış təxminən eyni məzmunlu suallara verdiyi səlis məntiqə və tutarlı arqumentlərə əsaslanan cavabları ilə Nikol Paşinyanın həmişəki kimi bir-birini təkzib edən fikirlərini müqayisə etmək belə doğru deyil. Çoxmilyonluq izləyici kütləsi olan “Euronews”un tamaşaçıları növbəti dəfə Prezident İlham Əliyevin erməni baş nazir üzərindəki siyasi qələbəsinin şahidi oldular. Nəticə etibarilə, Azərbaycan Müzəffər Ali Baş Komandanının şəxsində öz qətiyyətli mövqeyini, Ermənistan və onun havadarları tərəfindən təhrif edilən həqiqətləri, eyni zamanda regionda yaratdığı və hər kəsin qəbul etməli olduğu reallıqları bütün dünyaya çatdırdı. Nikol Paşinyan isə müsahibəsində 44 günlük İkinci Qarabağ müharibəsinə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin səbəb olduğunu, hazırda erməni cəmiyyətində revanşizm meyillərinin mövcudluğunu dolayısı ilə etiraf etdi.

Prezident İlham Əliyev xanım jurnalistin suallarını cavablandırarkən Azərbaycanın sülh çağırışlarına sadiq olduğunu, müharibədə qalib gələn tərəf olmasına rəğmən Ermənistana sülh müqaviləsinin mətninin müddəalarını təşkil edəcək beynəlxalq hüquqa əsaslanan beş prinsip irəli sürdüyünü xatırlatdı. Yeri gəlmişkən, hazırda bəndləri hər iki ölkənin xarici işlər nazirlərinin görüşlərində müzakirə edilən sülh müqaviləsi layihəsi həmin prinsiplər nəzərə alınmaqla hazırlanıb. Bu prinsiplər özündə ilk növbədə Azərbaycanın və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımasını ehtiva edir. Harada və hansı formatda keçirilməsindən asılı olmayaraq sülh danışıqlarında da Azərbaycanın qəti tələbi, necə deyərlər, “qırmızı xətti” sərhədlərimizin toxunulmazlığı ilə bağlıdır. Məlumdur ki, Azərbaycan heç bir dövlətə, o cümlədən Ermənistana qarşı ərazi iddiasında olmadığını sözdə deyil, əməli şəkildə nümayiş etdirir, qarşı tərəfdən də eyni addımların atılmasını gözləyir. Ermənistanın baş naziri isə dəfələrlə ölkəsinin Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını bəyan etsə də, hər fürsətdə müxtəlif bəhanələrlə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır. Elə “Euronews”a müsahibəsində də Paşinyan guya Laçın-Xankəndi yolunun “bağlandığını”, Qarabağda yaşayan erməni azlığın “humanitar fəlakət”lə üzləşdiyini iddia etməklə həm növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirir, həm də beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Onun istəmədən etdiyi etiraflara gəlincə, Ermənistanın baş naziri arvadının və oğlunun 4 günlük müharibədə iştirak etdiyini deyib. Sual yaranır: Müharibə harada gedirdi? Paşinyanın bu gün Azərbaycanın suveren ərazisi olduğunu etiraf etdiyi Qarabağda. Əgər dedikləri həqiqətdirsə, Paşinyanın arvadı və oğlu qeyri-qanuni olaraq sərhədlərimizi keib Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirməsinə kömək etməyə çalışıblar. Və deməli, beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə görə onların hər ikisi cinayətkardır.

Daha bir maraqlı məqam Paşinyanın jurnalistin “Azərbaycan ictimaiyyətinə nə demək istəyərdiniz” sualına verdiyi cavabda mesajın həm də erməni xalqına ünvanladığını bildirməsi idi. O, hər iki ölkənin ictimaiyyətinin öz hakimiyyətlərindən sülh tələb etməli olduğunu deməklə, əslində Ermənistanda əhalinin sülhə hazır olmadığını, ölkəsində revanşizm meyillərinin və kənar təsirlərin mövcudluğunu etiraf etmiş oldu. Çünki erməni baş nazir müharibədən ötən iki il yarımdan artıq müddətdə sülh müqaviləsinin imzalanmasının baş tutmamasının günahkarının elə özləri olduqlarını yaxşı bilir. Onu da yaxşı bilir ki, Azərbaycanda iqtidar-xalq birliyinin sülh gündəminə münasibəti eynidir. Biz ermənilərdən fərqli olaraq həqiqətən sülhün və mehriban qonşuluğun tərəfdarıyıq. Ermənistanda isə İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyətlərindən lazımi dərsi almayanlar sülh istəmirlər, dərsini alanlar, yaranmış reallıqları, regionda cərəyan edən prosesləri başa düşənlər isə sülh istəməyənlərdən qorxduqları üçün sülh istədiklərini dilə gətirə, Paşinyanın dediyi kimi, Ermənistanın siyasi hakimiyyətindən sülh tələb edə bilmirlər.

Ancaq sülhün alternativi yoxdur və Ermənistan istəsə də, istəməsə də o müqavilə imzalanacaq. Çünki indi Cənubi Qafqazda nəhayət sabitliyin və dayanıqlı sülhün bərqərar olması üçün addımlar atan, iki ölkə liderinin müxtəlif formatlarda görüşlərini təşkil edən beynəlxalq aktorların da maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşür. Qalır Ermənistanın konstruktiv yanaşması və ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoyması...

Mahir Rəsuloğlu, “İki sahil”