03 avqust 2023 08:00
3190

Meşəli sakinlərinin ürək dağlayan xatirələri

Meşəli kəndində erməni silahlılarının törətdiyi qətliam insanlığa sığmayan soyqırımı hadisəsidir. Kənd sakinləri ürək sızladan xatirələrini danışdıqca o günlərə qayıtmış olur, hadisələri yenidən yaşamış kimi hisslər keçirirlər.

Vaqif Xaçaturyan kimi separatçı erməni dəstəsinin üzvlərinin təkcə Meşəlidə törətdiyi qətliam bəşər tarixinin ən qəddar, ən faciəli və amansız hadisələrindəndir. Sakinlər hadisədən 32 il ötməsinə baxmayaraq o ağrılı günlərin xatirələri ilə yaşayırlar. Meşəli sakini Alış Alışov deyir ki, uzun illər kənddəki orta məktəbin direktoru vəzifəsində çalışıb. Həm də özünümüdafiə batalyonunda döyüşüb. Vaqif Xaçaturyanı və quldur yoldaşı İlyanı tanıyırdı.

“Kəndimizdə qırğını törədənlər də elə Vaqif Xaçaturyan və onun erməni silahlı quldur dəstəsinin üzvləri idi. Səhərə yaxın kəndi üç tərəfdən mühasirəyə almışdılar. Muzdlu əsgərlər də aralarında var idi. İnsanları can verən halda, dünyasını hələ dəyişməmiş, yandırırdılar və işgəncələr verirdilər. Məktəbin 7-ci sinif şagirdi Vidadi Allahverdiyevi, kəndin yaşlı qadınlarından 75 yaşlı Sürayə Xudayarovanı qətlə yetirmişdilər. Qocaya, uşağa, heç kimə rəhm etmədən qəddarcasına əhalini qırdılar” – deyə Meşəli sakini Alış Alışov bildirib.

Meşəli sakinləri tələb edir ki, qırğını törədən Vaqif Xaçaturyanın silah yoldaşları da tutularaq məhkəmə qarşısında cavab versinlər.

AZƏRTAC