Çinin Zhejiang əyalətinin zooparkındakı ayılardan birinin viral videosundan sonra zooparka gələnlərin sayında artım müşahidə olunub.
Bəzi internet istifadəçiləri yumoristik şəkildə ayının insana çox bənzədiyini və onun ayı kostyumunda bir işçi ola biləcəyini söyləyiblər. Zhejiang əyalətinin “Chao News” agentliyinin verdiyi məlumata görə, Anjela adlı Malay günəş ayısının videosu həftəsonu Çin sosial mediasında trend mövzusuna çevrildikdən sonra “Hangzhou” zooparkına gələn ziyarətçilərin sayı 30% artaraq gündə təxminən 20.000 nəfərə çatıb.
İnternetdə gördüyü videoya yarı inandığını söyləyən You adlı bir kişi: "İnternetdə trend olan bu ayını görəndən sonra onun real həyatda necə göründüyünü görmək istədim və bura gəldim"-deyə bildirib.
Başqa bir ziyarətçi Qian Ming Hançjou yerli televiziya kanalına deyib: "Videonu internetdə gördükdən sonra biz xüsusi olaraq Anjelanı görmək üçün Suzhoudan yüksək sürətli qatara minərək bura gəldik və o, olduqca şirin görünüşə malikdir."
Yayımlanan videoda Günəş ayısının arxa ayaqları üstə dayandığını və onu kənardan seyr edən ziyarətçilərlə üz-üzə gəldiyi zaman boynunu uzatdığını görmək olar.Anjela məhz ayağa qalxanda bəzi internet istifadəçiləri onun ayı kostyumu geyinmiş birinə bənzədiyini söyləyiblər.
“Weibo” platformasında bir istifadəçi "Əgər ayı həqiqətən saxtadırsa, o bu xüsusi hərəkətlərə görə Oskara layiqdir" deyə bildirib.
Zooparkın rəsmisi “WeChat” hesabındakı paylaşımlarda və yerli mediaya müsahibələrdə bu söz-söhbəti təkzib etməyə çalışaraq, Anjelanın insan olmadığını və bu fikirlərin cəfəngiyat olduğunu söyləyib. Zoopark rəsmisi zooparkın hökumət tərəfindən idarə olunduğunu, belə bir vəziyyətin baş verməsinin əsla mümkün olmadığını bildirib. O, həmçinin yayda temperaturun 40 dərəcəyə yaxın olduğunu və xəz kostyum geyinib ayı cildinə girməyin nə qədər gülünc bir fikir olduğunu əlavə edib.
Leyla Şıxəli, “İki sahil”