08 avqust 2023 03:19
655

Lüks bir otel tarixi xəzinəni aşkar edib

Arxeoloqlar bu yaxınlarda  Roma mətnlərində adı keçən, lakin əvvəllər kəşf edilməmiş qədim imperiya teatrı olan Neron Teatrının qalıqlarını Vatikanın yaxınlığında tikilməsi planlaşdırılan  “Four Seasons” otelinin bağında aparılan qazıntı işləri zamanı  aşkar etdiklərini bildiriblər. Beləliklə, Romada tikilməsi planlaşdırılan lüks bir otel tarixi xəzinəni aşkar edib…

Arxeoloqlar freskalarla bəzədilmiş İntibah binasında planlaşdırılan təmir işləri çərçivəsində 2020-ci ildən bəri Palazzo della Rovere-nin divarlı bağının altında dərin qazıntılar aparıblar. Qüdsün “Müqəddəs Qəbir Cəngavərlər ordeni”nin general-qubernatoru Leonardo Viskonti di Modrone mətbuat konfransı zamanı arxeoloji kəşfi elan edərək, gələn otellər şəbəkəsinin Four Seasons olduğunu  da təsdiqləyib.

Xəbərlərə görə, otelin Vatikanın 2025-ci il yubileyində, təxminən 30 milyon insanın və zəvvarın Romaya axışacağı vaxtda açılacağı gözlənilir.

Rəsmilər, Roma İmperiyasından 15-ci əsrə qədər olan dövrünə nəzər saldıqlarını nəzərə alaraq, qazıntıdan əldə etdiklərini nadir  tapıntılar  kimi qiymətləndirdilər. Kəşflər arasında 10-cu əsrə aid şüşədən rəngli qədəhlər və dulusçuluq parçaları da yer alıb. Bundan əlavə, arxeoloqlar mərmər sütunlar və qızıl yarpaqlarla bəzədilmiş suvaq tapıblar və belə bir nəticəyə gəliblər ki, qədim Roma müəllifi və filosofu Yaşlı Plininin mətnlərində xatırlanan Neron Teatrı həqiqətən də oradadır və Tiber çayının yaxınlığında yerləşir.

Səlahiyyətli nümayəndələr  əntiq əşyaların muzeyə daşınacağını, teatrın xarabalıqlarının isə bütün tədqiqatlar tamamlandıqdan sonra yenidən örtüləcəyini bildiriblər.

dailysabah.com

Leyla Şıxəli, “İki sahil”