Cəsarətli bir hərəkətlə “Bratz” kuklaları “Barbie”nin uzun müddətdir davam edən üstünlüyünə meydan oxuyaraq bütün diqqəti üzərinə çəkib. Brend məşhur model Kylie Jenner ilə ortaqlığını elan edərək , ilk dəfə olaraq məşhur bir fiqurun onların kuklalarından birinə çevrildiyini bildirib. Cəsarətli və müxtəlif üslubları ilə tanınan “Bratz” 2000-ci illərdə böyük uğur qazanaraq, 2001-2006-cı illərdə satışdan 2 milyard dollar əldə edib.
Çox gözlənilən, məhdud sayda satışa çıxarılan “Mini Bratz x Kylie Jenner” kolleksiyası çərşənbə axşamı rəsmi olaraq təqdim edildi və amerikalı modelin pərəstişkarları arasında həyəcanlı anlar yaşatdı. “Bratz” həvəskarları indi Kylie Jennerin məşhur geyimlərindən ilhamlanan altı fərqli ikonik görünüşündən zövq ala biləcəklər.
Kolleksiyaya modelin həm 2019-cu ildə “Met Gala”da geyindiyi “Versace” brendinin su pərisini xatırladan geyimi , həm də üç il sonra eyni tədbirdə tamamilə ağ rəngə bürünmüş geyimi daxildir. “Bratz”ın sponsor istehsalçısı “MGA Entertainment” qarşıdan gələn həftələrdə modelin pərəstişkarlarına həyəcanverici sürprizlər vəd edib.
“Bratz”ın bu strateji hərəkəti “Barbie”nin kukla bazarında uzun müddət davam edən hökmranlığına qarşı cəsarətli çağırış hesab olunur. “Bratz”ın artan populyarlığı və onun Kylie Jenner kimi qlobal ikona ilə əlaqəsi “Barbie”nin nüfuzunu bir müddət aşağı salacaq.
Leyla Şıxəli, “İki sahil”