11 avqust 2023 00:41
681

Xeyirxah məşhurlar

Tarkan

Meqastar Tarkanla həyat yoldaşı Pınar Tevetoğlu 2018-ci ildə dünyaya gələn qızları üçün göndərilən uşaq geyimlərini və oyuncaqları  Türkiyənin müxtəlif yerində yerləşən uşaq evlərinə və kimsəsiz uşaqlara paylayıblar.

Pavel Durov

2022-ci ildə "Telegram" və "VKontakte" sosial şəbəkənin qurucusu Pavel Durov Birləşmiş Ərəb Əmirliklərinin  şeyxi Məhəmmədin "Bir milyard yemək" xeyriyyə tədbirində iştirak edib. 

Durov təkbaşına 50 ölkədə yoxsul insanlara yemək paylayıb. Bu xeyriyyə aksiyasına o,  3,2 milyon dollardan çox vəsait xərcləyib. Qeyd edək ki, həmin il təşkil olunan bu  kampaniya  dünyanı aclıqdan xilas etmək məqsədi daşıyıb.  

Qeyd edək ki, Durov "Forbes"in ən zəngin rus iş adamları siyahısında üçüncü yerdədir və  sərvəti 15,1 milyard dollar dəyərində qiymətləndirilir.

Şəhzadə Diana

Bu cazibədar və bir qədər utancaq qadın müxtəlif sosial təbəqələrdən, dinlərdən, partiyalardan olan insanlarla asanlıqla ünsiyyət qurmaq üçün heyrətamiz bir qabiliyyətə sahib idi. Böyük Britaniyada onu çox sevirdilər və onu "Ürəklər kraliçası" və ya "Ürəklərin Xanımı” adlandırırdılar. Onun fəal iştirakı ilə dünyada yüzlərlə fond yaradılıb. Şahzadə ölümcül xəstələr üçün hospislər təşkil edərək, ürək xəstəlikləri və leykozlu uşaqlara maddi və mənəvi dəstək olurdu.  Diana şəxsən xəstəxanalara baş çəkərək, xəstələrlə söhbət edir, tibb bacısı kimi əməliyyatlarda iştirak edirdi.

Diananın ölümündən sonra insanlar onun xeyriyyəçilik işlərini davam etdirdilər. Onun ən son missiyası “Piyada əleyhinə minaların qadağası” ilə bağlı hərəkat Nobel Sülh Mükafatını alıb.

Yıldız Tilbe

Məşhur müğənni Yıldız Tilbe xeyirxah addımı ilə diqqət çəkib.
Tanınmış sənətçi  “Bir Kira Bir Yuva” TV kampaniyasına qoşularaq zəlzələdən zərərçəkən 12 ailənin bir illik kirayə haqqını ödəyəcəyini bildirib.
Tilbe bununla yanaşı, həmin ailələrin bir il ərzində gündəlik xərclərini də qarşılayacaq. 

Ceyden Smit

2019-ci ildə Hollivudun məşhur aktyoru Uil Smitin populyarlıqda özündən geri qalmayan oğlu Ceyden Smit ad günündə etdiyi xeyirxah addımı ilə medianın gündəminə düşüb. 21 yaşını qeyd edən kiçik Smit yardıma ehtiyacı olan insanlara sürpriz edib.

O, Los-Ancelesdə evsiz, küçədə yaşayan insanlar üçün furqon-kafe açaraq onlara yemək ismarlayıb. Bu kafenin digərlərindən fərqi verilən yeməklərin veqan mətbəxinə aid olmasıdır.

Ceyden 12,5 milyonluq şəxsi “İnstagram” hesabında açdığı furqon-kafenin fonunda foto və video çəkdirərək izləyiciləri ilə bölüşüb.

Kiçik Smitin paylaşımında səfil həyat tərzi sürən bir sıra insanların kafeyə yaxınlaşaraq yemək götürməkləri əks olunub. Ceyden təkərli restoranını “Mən səni sevirəm” adlandırıb.

Ebru Yaşar

Müğənni Ebru Yaşar  iş adamı, həyat yoldaşı Necat Gülsevənlə birliktə Türkiyədə baş verən güclü zəlzələdən sonra qızı dağıntılar altında qalan Mesut Hançerə  əşyalı ev bağışlayıb.

İfaçının bu xeyirxah addımı sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb və hər kəs Ebrunun ünvanına xoş sözlər yazaraq ona tərif yağdırıb.

Elton Con

1992-ci ildə  Elton Con QİÇS-lə Mübarizə Fondunun təsisçisi olub və bu gün də onun inkişafı üzərində işləməyə davam edir. Böyük Britaniya və ABŞ-da onun əsərlərinin satışından əldə edilən bütün vəsaiti  QİÇS problemi ilə bağlı tədqiqatların təşkilinə yönəldir. Müğənni, o vaxtdan bəri o, bir neçə dəfə xeyriyyə konsertləri (o cümlədən Moskvada) təşkil edib.

Ancelina Coli

Hollivudun ən yüksək maaş alan aktrisalarından biri olan Ancelina Coli Kambocada əfsanəvi “Lara Croft Tomb Raider” filminin çəkiliş meydançasında ilk dəfə üçüncü dünya ölkələrinin amansız reallığı ilə üzləşdikdən sonra  Tanzaniyanı, daha sonra Pakistanı ziyarət etdikdən sonra Ancelina bu ölkələrə dəstək olmaq üçün  1 milyon dollar bağışladı. BMT Komissiyası onu özünün xoşməramlı səfiri elan edib. Coli hətta hamilə olanda da humanitar missiyalarla Afrika ölkələrini ziyarət etməyə davam edirdi. O, tarladakı insanlarla  eyni şəraitdə yaşayaraq, onlarla  eyni işi görürdü. Qeyd edək ki,  aktrisa bir neçə xeyriyyə təşkilatı yaradaraq Afrika ölkələrində və başqa yerlərdə aclıqdan, yoxsulluqdan əziyyət çəkən uşaqları himayə edir. Dünyanın ən böyük xeyriyyəçi sənətçilərindən olan Coli yüzlərlə, minlərlə insana dayaq olur.  Hətta Kambocanın baş naziri Coliyə həmin ölkənin fəxri vətəndaşı titulu verərək, orada onun şərəfinə məbəd tikdirmişdi.

Rihanna

Məşhur müğənni Rihanna da yardımsevər insanların sırasına daxildir. Müğənni  Barbadosdakı Kraliça Yelizavetanın xəstəxanasına böyük ianələr, yardımlar edir, bununla yanaşı, o, QİÇS-lə mübarizə aparan insanlara da həm maddi, həm mənəvi dəstək olur.

Rihannanın Harvard Universiteti tərəfindən “İlin ən xeyriyyəçi adamı”kimi  seçilməsi bunun  sübutudur.

Anita Tsoy

Tanınmış rusiyalı müğənni Anita Tsoy 2001-ci ildə  anadangəlmə qüsurlu uşaqlara kömək edən “Anita”  fondunu açıb. Cəmi bir il ərzində o, 35 mindən çox uşağa yardım göstərib. 2010-cu ildə   Tsoy “Universal Music” şirkəti  ilə birlikdə “Vicdanla”  proqramını açaraq kimsəsiz insanlara dəstək olur. Qeyd edək ki, onun  "Şərqə" albomundan əldə etdiyi bütün gəlirləri uşaq evlərinə yönləndirildi.
Anita Tsoy, həmçinin  Moskvada aparıcılıq etdiyi konsertdən təxminən 160 min avro toplayaraq bu pulları Beslan faciəsindən əziyyət çəkən uşaqlara göndərib.

İosif Kobzon

Müğənni uzun illər xeyriyyəçiliklə məşğul olub. 1992-ci ildə “Qalxan və Lira” Fondunu təşkil edib.
Fond  həlak olan hərbi qulluqçuların ailələrinə yardım göstərmək və daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsi üçün yaradılmışdı. Kobzon nəinki Krasnodardakı məbədi də bərpa edib, bununla yanaşı,   Xilaskar Məsihin Katedralının bərpası üçün külli miqdarda pul xərcləyib. Bu məşhur, həmçinin iki uşaq evinə himayədarlıq edib və uşaqlara müxtəlif yardımlar göstərib.

Opra Vinfrey

Media dünyasının ən uğurlu və ən nüfuzlu qadınlarından biri olan  Opra Vinfrey kimsəsiz və köməyə möhtac olan  insanlara dəstək olaraq onları ruhlandırır. Kasıb ailədə böyüyən, aclıq və yoxsulluq görən, zorakılıq nəticəsində 14 yaşında uşağının  ölümündən sonra Opra  Afrikada yaşayan qızların çətin həyatını bir az da olsa yüngülləşdirməyi qarşısına məqsəd qoyur.

Milyarder xanım  xeyriyyəçilik  üçün bir milyon dollardan çox pul xərcləyib. Opra öz hesabına Cənubi Afrikada yoxsul ailələrdən olan istedadlı qızlar üçün məktəb və bir neçə təhsil müəssisəsi açıb. O, həmçinin müntəzəm olaraq kütləvi yarışlarda iştirak edir və döş xərçəngi ilə mübarizə üçün ianələr toplayır. Çox maraqlıdır ki, Opra  afrikalı uşaqlara kömək etmək üçün öz paltarlarını auksionlarda  sataraq topladığı pulları onlara göndərir. Xeyriyyəçi xanım Haitidə baş verən  zəlzələdən sonra zərərçəkənlərə yardım əlini uzatmış, 2012-ci ildə  humanist işlərinə görə,  Kino Sənəti və Elmləri Akademiyasının “Gene Herşolt” Mükafatında Oskara layiq görülmüşdü.

Samirə Tağıyeva, “İki sahil”