10 avqust 2023 23:54
968

Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli insanlardır

Dahi lider ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, təhsilin xüsusi rolunu həmişə yüksək dəyərləndirib

Azərbaycan təhsilinin çağdaş tariximizə əsl  intibah illəri kimi daxil olan ilk mərhələsi Ulu Öndər Heydər Əliyevin Azərbaycana  rəhbərliyinin birinci dövrünə təsadüf edir. Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirilən təhsil islahatları bu sahənin inkişafına zəmin yaratdı. Ötən əsrin 70-80-ci illərində məktəbəqədər təhsil müəssisələrinin sayı 1600-dən 1875-ə, orada tərbiyə alanların sayı 110 mindən 147 min nəfərə çatmış, məktəbəqədər təhsillə əhatə səviyyəsi 12 faizdən 19 faizə yüksəlmişdi. Bu dövrdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazası da xeyli möhkəmləndirilmiş, 35200 yerlik yeni körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilmişdi. Hələ 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarların icrası nəticəsində respublikada orta məktəb şəbəkəsi genişləndirildi, əsaslı keyfiyyət dəyişikliyinə nail olundu. Həmçinin məktəblərin dərsliklərlə təminatı problemi həll edildi və 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsinə başlanıldı.

Həmin dövrdə təhsilin inkişafına xüsusi diqqət məktəb tikintisində də özünü göstərdi. 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən üç dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdı. Şagirdlərin sayı 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 minə yüksəldi. 1970-1980-ci illərdə respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verildi ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1,7, təhsilalanların sayı isə 2,5 dəfə artdı. Onun təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirildi, 54 yeni texniki peşə təhsili müəssisəsi fəaliyyətə başladı.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı istiqamətində böyük işlər görülmüşdü. Ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikilmişdi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açıldı və ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək artdı. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəbdə 105 fakültə, 450 kafedra var idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi.

Respublika rəhbərinin təşəbbüsü və himayəsi sayəsində 1970-ci ildən başlayaraq hər il gənclər SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. 1970-1980-ci illərdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına şərait yaradıldı. Bu isə respublikanın milli kadr potensialının daha da gücləndirilməsində mühüm rol oynadı.

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu 1982-1987-ci illərdə də Azərbaycan gənclərinin respublikanın hüdudlarından kənarda təhsil almasına şərait yaradırdı. Tez-tez azərbaycanlı tələbələrlə görüşür, onların problemlərinin həlli üçün bütün imkanlardan istifadə edirdi. Onları “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirirdi.

“Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər 1993-2003-cü illəri əhatə edən Azərbaycana rəhbərliyinin ikinci dövründə bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. Nəzərə almaq lazımdır ki, ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərin əvvəllərindən başlayaraq Ermənistanın təcavüzkar siyasəti nəticəsində soydaşlarımızın deportasiyası və Qarabağın dağlıq hissəsinin işğal edilməsi ilə bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi Azərbaycan təhsili üçün əlavə çətinliklər yaratmışdı. Respublikanın çox ağır vəziyyətində rəhbərliyə qayıdan Heydər Əliyev bir çox problemləri həll etməklə yanaşı, təhsil sahəsində zamanın tələblərinə uyğun islahatlar həyata keçirməyə başladı. 1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə gətirildi, planlı islahatların əsası qoyuldu. Ümumtəhsil məktəblərinin sayı və şagird kontingenti əsaslı surətdə artdı. Əgər 1993-1994-cü tədris ilində respublikanın 4364 ümumtəhsil məktəbində 1 milyon 549 min şagird təhsil alıbsa, 2002-2003-cü tədris ilində 4561 ümumi təhsil müəssisələrində 1 milyon 600 min nəfərdən çox yeniyetmə təhsilini davam etdirirdi.

Bununla yanaşı, təhsil sisteminin maddi-texniki bazası yaxşılaşdırıldı, 200 yeni məktəb binası tikilərək istifadəyə verildi, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı rayon və şəhərlərdə 700-dən çox ümumtəhsil məktəbi təşkil edildi. İstedadlı uşaqların qabiliyyətini inkişaf etdirmək məqsədilə 30-a yaxın lisey və gimnaziya təşkil edilərək buraya 12 minə yaxın şagird cəlb olundu.

“Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir” deyən Ulu Öndər Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün mühüm işlər görüb. 1998-ci il martın 30-da Prezidentin Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı, “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi.

“Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanlar təhsilimizin dünya standartları səviyyəsinə qaldırılmasında böyük rol oynayıb. Bununla yanaşı, Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının tədrisinə, mükəmməl dərsliklərin hazırlanmasına, Azərbaycan dilinin öyrədilməsinə, xüsusilə dövlət dili statusunda təbliğinə diqqət artırıldı.

“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” 2002-ci il 4 oktyabr tarixli, “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” 2003-cü il 17 fevral tarixli sərəncamlar ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaradıb, mövcud problemlərin aradan qaldırılması yönümündə mühüm addımlar oldu.

İslahatlar təkcə təhsil müəssisələrini əhatə etmir, gənclərin təhsilə həvəsləndirilməsi üçün də əsaslı işlər görülürdü. Ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında 2001-ci il 3 sentyabr tarixli Fərman bunun bariz nümunəsidir.

“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirir, onlara böyük hörmətlə yanaşır, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalırdı.

Ulu Öndər 1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayında bu barədə danışaraq deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir. Belə hallar bu gün də var, gələcəkdə də ola bilər. Ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların hamısını məktəblərdən, universitetlərdən, müəllimlərdən, sizdən almışıq”.

Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalayıb. Bütün bunlar Ulu Öndərin müəllim əməyinə verdiyi qiymətin əyani təzahürüdür.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev təhsili millətin gələcəyi kimi dəyərləndirərək bu sahədə biri-birindən önəmli addımları atmaqla təhsilimizin bugünkü inkişafının əsasını qoymuşdur. Ulu Öndərin təhsil strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi təhsil sahəsində yeniliklərin, təkmilləşmənin davamlı olmasında özünü qabarıq şəkildə büruzə verir.

Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması bugünümüzün reallıqlarıdır. Respublikanın dövlət büdcəsində təhsil sahəsinə ayrılan xərclər ilbəil artır. Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, Dövlət proqramları bu sahəyə böyük töhfələr verib və verir. Xüsusi olaraq qeyd etməliyik ki, Ümummilli Liderin ideyalarına söykənən dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz sanballı töhfəsini verən, Azərbaycanda elm və təhsilin inkişafında müstəsna xidmətlərə malik olan Heydər Əliyev Fondu bu sahədə ən uğurlu layihələrə imza atır. Bu cür layihələrin reallaşdırılmasında Azərbaycanın Birinci vitse- prezidenti , Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri xüsusi  qeyd olunmalıdır. 

Qısa təhlil əsasında bu qənaətə gəlmək olar ki, təhsilimizin milli əsaslar üzərində qurulması, əsl inkişafa qоvuşması məhz  Ulu Öndər Heydər Əliyev dühası sayəsində gerçəkləşdi.  Ümummilli Liderin təhsilin hərtərəfli yüksəlişinə göstərdiyi qayğı sayəsində elm və təhsil sahəsində  gerçəkləşən köklü dəyişikliklər, qəbul olunmuş qərar, Fərman və sərəncamlar bu sektorun hərtərəfli  tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya standartlarına yaxınlaşmasını şərtləndirdi.

Yaqut Ağaşahqızı, “İki sahil”