Bəzi əşyalar var ki, onlara qoyulan qiymətlər çoxlarının cibinə uyğun olmaya bilər. Gəlin hərracda rekord məbləğə satılan ən bahalı parçalara nəzər salaq.
Heç bilirdinizmi ki, məşhur aktrisa Merlin Monronun Beverli Hillsdə satılan paltarı hərracda satılan ən bahalı geyim hesab olunur? Bu paltar nə az, nə çox həmin auksionda 5,5 milyon dollara satılmışdı.
Napoleon Bonapartın qılıncı da auksionların birində satılan əşyalar sırasına daxildir. 2007-ci ildə 6,5 milyon dollara satılan bu qılınc 1978-ci ildə Fransanın milli sərvəti kimi tanınana qədər Bonapart ailəsində nəsildən-nəslə ötürülürdü.
Daha sonra 1821-ci ildə xüsusi olaraq Fransa imperatoru Napoleon Bonapart üçün istehsal edilən “Grand Constance” adlı nadir şərabı 2021-ci ildə hərracda 30 370 ABŞ dollarına satıldı.
Qeyd edək ki, bu şərabdan dünyada cəmi 12 belə nüsxə qalıb. Hərrac onlayn keçirilib. Tarixi və çox nadir şərab butulkasının adı açıqlanmayan yeni sahibi Böyük Britaniya sakinidir.
Həmçinin Fransa imperatoru Napoleon Bonapartın Müqəddəs Yelena adasında sürgündə olduğu zaman öldüyü otağın açarı “Sotheby's” ticarət şəbəkəsində təxminən 112 min ABŞ dollarına satılıb.
Son onilliklərin ən böyük rəngsiz almazı 28 may 2008-ci ildə Honq Konqda yerləşən “Christie's” hərracında satılıb. 101,27 karatlıq tiara brilyantı özəl alıcı tərəfindən 6,21 milyon dollara satın alınıb.
Dünyanın ən bahalı markası olan “Britaniya Qvianası” “Sotheby's” hərracında 8.3 milyon dollara satılıb. Poçt nişanı İngiltərənin ən qədim filateliya şirkəti olan “Stanley Gibbons” tərəfindən alınıb. 8.3 milyon dollara əldə olunan marka şirkətin Londonun Strend küçəsindəki mərkəzi mağazasında nümayiş olunub. Qeyd edək ki, səkkizbucaqlı marka 1856-cı ildə çap olunub. Bir sent nominal dəyərə malik poçt nişanının günümüzə cəmi bir nüsxəsi gəlib çatıb.
7,03 karatlıq nadir mavi almaz mayın 12-də Cenevrədə keçirilən hərracda rekord qiymətə , yəni 9,49 milyon dollara satılıb. Bu dəyərli daş 2023-cü ilin ən qiymətli daşı kimi seçildi. Daş keçən il Cənubi Afrikada yerləşən qədim Kullinan mədənində tapılıb.
"Əjdahalar kreslosu” auksionda 28,300 milyon dollar satılmışdı. Əvvəllər bu bahalı kreslo fransız modelyer Yves Saint Laurentə məxsus idi. Kreslo ağ rəngdə hazırlansa da, daha sonra qəhvəyi dəri ilə üzlənmişdir.
Dünyanın ən bahalı “Klarkın aypara yarpağı” adlı xalçası 2013-ci ildə Nyu-Yorkdakı “Sotheby's” hərracında 33,7 milyona satılıb. Bu xalçanın XVII əsrdə Kirmanda toxunduğu güman edilir.
Qeyd edək ki, həmin xalça "Corcoran Gallery of Art" muzeyininin sahibi Uilyam Klark tərəfindən satın alınıb.
Dünyanın ən bahalı kitablarından biri 1994-ci ildə Leonardo Da Vinçinin "Code Leicester" adlı kitabı Bill Gates tərəfindən auksionların birində 30.8 milyon dollara satın alınıb. Qeyd edək ki, Da Vinçi 72 səhifəlik bu kitabda suyun hərəkəti, atronomiya, geologiya və.s sahələrdə olan araşdırmalarını toplayıb.
2022-ci ildə Paris yaxınlığındakı Fontenblo şəhərindəki “Osenat” auksionunda Sin sülaləsi üslubunda hazırlanmış çini güldan uğrunda mübarizəyə əsasən Çindən olan 30 alıcı qoşulub. Onlar əşyanın 18-ci əsrə aid olduqlarını bildiriblər.
Hərrac evinin mütəxəssisi isə güldanın əntiq əşya olmadığını və XX əsrə aid olduğunu qeyd edib.
Buna baxmayaraq, 7,7 milyo dollar adı açıqlanmayan çinli tərəfindən alınıb. Qeyd edək edək həmin güldan 7,7 milyon dollara satılıb.
“Badminton kabineti” adlı şkaf 36,662 milyon dollara hərracların birində antik əşyaları toplayan kolleksioner tərəfindən alınıb. Xüsusi qara ağacdan hazırlanmış bu bahalı monumental qarderob əvvəllər məşhur Britaniya aristokratı Henri Skudamora məxsus olub.
1962-ci ilə aid olan Ferrari 250 GTO auksionların birində antik əşyaları toplayan kolleksioner tərəfindən 48 milyon dollara alınmışdı. Qeyd edək ki, bu avtomobil 1962-ci ildə 3 litrlik avtomobillər sinfində FIA Dünya Çempionatında iştirak etmək üçün hazırlanmışdır.
“Oppenheimer Blue Diamond” daşı indiyə qədər hərraca çıxarılan ən böyük parlaq mavi almazdır. Ölçüsü 14,62 karat olan bu mavi parlaq almaz 48,600 milyon dollara satılıb.
Birmadan gətirilmiş yaqutlardan düzəldilmiş “Etsetera” Honkonqda 2013-cü ilin noyabrında “Christie’s” hərracında 6,4 mln dollara satılmaqla ən bahalı yaqutlu boyunbağı oldu.
Qeyd edək ki, kolyedəki qiymətli daşların (yaqut və brilyantların) ümumi çəkisi 87,78 karatdır.
2008-ci il iyunun 24-də Klod Monenin “Su Zanbağı” əsəri Londonda 80 milyon dollara hərraca satılıb. Rəssamın 1919-cu ildə yaratdığı bu rəsm əsəri su zanbaqlarına həsr olunmuş dörd əsərdən biridir. Çox maraqlıdır ki, məhz bu əsər dəfələrlə yanğın təhlükəsi ilə üz üzə qalmış və yalnız təsadüf nəticəsində məhv olmamışdır.
Məşhur rəssam Devid Hokninin “İki fiqurlu hovuz” portreti 2018-ci ildə Hong Konqda yerləşən “Christie's” auksionunda satılıb. İlk görünüşdən sadə görsənən bu rəsm əsəri 2 insan və hovuzdan ibarət olsa da , 90,300 milyon dollara kolleksionerlər tərəfindən alınıb.
383,4 karatlıq brilyant və jadeitli boyunbağıya “Heritage in Bloom” adı verilib. Onun hazırlanması üçün 11551 brilyant lazım olub. 200 milyon dollara satılan bu boyunbağı “Cullinan Heritage” almazından hazırlanıb.
"Graff Pink Diamond" üzüyü məşhur zərgər Qarri Vinston tərəfindən hazırlanmışdır. "Graff Pink Diamond" üzüyünün çəkisi 24.78 karatdır.Eyni zamanda,qiymətli və incə zinət əşyası Honq Konqda keçirilən "Sotheby's" auksionunda 46.2 milyon dollara satılmışdı.
Rəssam Ceff Kunsun “Dovşan” heykəli auksionda 91,100 milyon dollara satılıb. Heykəl adi paslanmayan poladdan hazırlanmışdır. Onun tərkibində qiymətli daşlar və metallar yoxdur. Adi şişmə uşaq oyuncağından ilhamlanan rəssam bu heykəli ərsəyə gətirib.
Alberto Cakomettiyə aid olan “İşarə edən adam” heykəli hərracda 104 milyon dollara satılmışdı. Qəribə səslənsə də, lakin dünyanın ən bahalı heykəllər sırasına daxil olan bu əsəri cəmi 9 saat ərzində yaradıb.
“Gigayacht” adlı yaxta da hərracda satılan ən bahalı əşyalar sırasına daxildir. 168 milyon dollara satılan “Gigayacht” 123 metrlik bu yaxta gözəl şəraitlə təchiz edilmişdir. Burada kinoteatr, helikopter meydançası, 18 normal və lüks otaqlar mövcuddur.
"Əlcəzairin qadınları" tablosu hərracların birində 179,400 milyon dollara satılmışdı. Qeyd edək bu rəsm əsəri 1955-ci ildə məşhur rəssam Pablo Pikasso tərəfindən yaradılmışdır. O, bu tablonu fransız rəssamı Eugene Delacroixin rəsm əsərlərindən ilhamlanaraq yaradıb.
Leonardo da Viçiyə aid olan “Dünyanın xilaskarı” tablosu isə auksionlardan birində 450,300 milyon dollara satılmışdı. Çox maraqlıdır ki, bir çoxları bu rəsm əsərinin Leonardo da Vinçiyə aid olmasını söysələsə də, bəzi ekspertlər kətanın onun tələbələrindən biri tərəfindən çəkildiyini güman edirlər.
Samirə Tağıyeva, “İki sahil”