17 avqust 2023 02:36
749

Bu sirli, sehrli dünya...

Dünya dayanmadan sürətlə inkişaf edir. Lakin geriyə dönüb baxdıqda hələ də səbəbi qaranlıq qalan məsələlərə rast gələ bilərik.

Genetik disk

Bu yaxınlarda alimlər tərəfindən artefaktların birində insanın mikroskop altında görə biləcəyi proses və əşyaların təsvir olunduğu disk tapılıb. Diskdə dölün yaranma və prosesləri açıq aydın təsvir edilib. Həmin genetik diskin haradan tapıldığı hələ də məlum deyil.

Antikiter mexanizmi

Antikiter mexanizmi müasir kompyuterin analoqu olduğu hesab olunur. Onun üzərində aparılan 10 illik tədqiqatdan sonra alimlər bu mexanizmin Günəş, Ay, planetlərin hərəkətini, gün və ayın batmasını müşahidə etmək üçün nəzərdə tutulduğunu müəyyən edib. 1000 il bundan əvvəl hazırlanmış texnika mürəkkəb qurğulardan ibarətdir. Onun kim tərəfindən və necə hazırlanması məlum deyil.

Qrobol mumiyası

Qrobol mumiyasının dünya tarixində özünəməxsus yeri vardır. Unikal tapıntı Almaniyanın Ştutqart şəhərindən olan bir qrup tarixçi tərəfindən 1998-ci ildə dərin bataqlıqda aşkar olunub. Çox maraqlıdır ki, mükəmməl şəkildə qalmış bu mumiyanın həm saçları, həm dişləri yerində imiş. Aparılan tədqiqatlar nəticəsində aşkar olunan mumiyanın ölüm səbəbi məlum olub. Keşişlər tərəfindən amansızca qətlə yetirilən bu insan işgəncələrə məzur qalıbmış. Boynu üzülən Qrobol mumiyasının bu cür yaxşı vəziyyətdə qalması elm adamları üçün hələ də çox müəmmalıdır.

Müəmmalı şəkildə itən sivilizasiyalar

Əslində dünya tarixində əsrlər əvvəl var olan, daha sonra tamamilə məhv olan sivilizasiyalar çox olub. Bu sivilizasiyalardan biri də Olmeklər olub. Olmeklər ilk mezo amerika cəmiyyətlərindən biridir. Olmeklər Meksikanın cənub- mərkəzinin tropik düzənliklərində yaşayırdılar. Olmeklər haqqında ilk məlumatlar San-Lorenso şəhərində aşkar olunub. Olmeklər məharətli inşaatçılar idilər. Onlar hər yerdə təntənəli sarayları, kurqanları, konusvari ehramlar və daş abidələri ilə tanınırdı. Öz dövrünün ilk və inkişaf etmiş mezo mədəniyyətlərindən biri olan olmeklər adətən digər mezo-amerika xalqlarının əcdadı hesab edilirlər. B. e. ə. 400-cü ildə olmek torpaqlarının şərq hissəsi çox güman ki, ətraf mühitin dəyişilməsi səbəbindən boşalmışdır. Həmçinin buradan vulkanik fəallıq olduğu üçün də insanlar köçə bilərdilər. Digər məşhur nəzəriyyə, onların işğal olunduğunu iddia edir. Lakin heç kəs işğalçının kim olduğunu deyə bilmir.

709 min il əvvələ aid insan məskəni?

2018-ci ildə məşhur alimlərdən ibarət olan beynəlxalq qrup Flippində naməlum qədim insanların məskənini aşkarlayıblar.

Deyilənlərə görə, bu məskən 709 min il əvvələ aiddir. Arxeoloqlar daşdan hazırlanmış 57 silah, həmçinin üzərində zədə və kəsik izləri olan heyvan sümükləri tapıblar.

Qeyd edək ki, bu zamana qədər bəşər tarixinə dair ən qədim tapıntı Kalyao mağarasında tapılan sümük hesab olunurdu. Bu tapıntı eramızdan 65 min il əvvələ aid olub. Yeni tapıntı isə insan əcdadlarının Cənub-Şərqi Asiya üzrə daha bir neçə yüz minillik əvvəl məskunlaşdığını sübut edir.

Təyyarəyə bənzər qəribə obyekt

1898-ci ildə Misirdə, bir qəbirdə e.ə 200-cü ilə aid edilən müəmmalı bir obyekt aşkar olunub. Müasir təyyarələr icad edilənə qədər bunun nə olduğu haqqında heç kimin bir fikri olmayıb. 1972-ci ildə məşhur arxeoloq Xəlil Məsihə bunun bir təyyarə maketi olduğunu və qanadlarının "Konkor"du (orta məsafəli, 4 motorlu, dar gövdəli, səsdən sürətli və yüksək sürətli sərnişin təyyarəsidir) xatırlatdığını iddia edib. Lakin onun bu iddiaları hələ də təsdiqlənməyib.

Venesiya “vampiri”

2016-ci ildə İtaliyanın Venesiya şəhərində XVI əsrə aid kütləvi məzarlıqda ağzına daş parçası soxulmuş vəziyyətdə bir skelet aşkar edilib. Aşkar olunan mumiyanın əli və ayağı zəncirlənmiş, ağzı sementlə tıxanmışdır. Ən təəccüblüsü isə odur ki, ölən adamın dişlərindən biri, əslində uzun və iti idi , digərləri isə tamamilə normal idi. Alimlər bunun tarixdə qeydə alınan ilk "vampir dəfni" olub-olmadığını hələ də araşdırmaqdadırlar.

Florensiya Universitetinin alimi Matteo Borrininin sözlərinə görə, isə Nuovo Lazaretto adasında tapılan skelet şeytanı ovsunlama ayininin tətbiq edildiyi bir "vampir"ə aid ola bilər.

İnklərin qızıl fiqurları

Cənubi Amerikada tapılmış bu qızıl fiqurların xarici görkəmi uçan aparata bənzəyir. Belə bir fiqurların nəyə əsasən hazırlanması isə məlum deyil. 1996-cı ildə alman aviamodelçiləri tapılan ink fiqurlarının iri modelini hazırladı. Çox maraqlıdır ki, fiqurun 16 dəfə böyüdülmüş nüsxəsi havada uça bildi.

Kosta-Rikadakı nəhəng daş kürələr

Kosta-Rikada aşkar olunan sirli daş kürələr bir çox insanların marağına səbəb olub. XX əsrin 30-cu illərində tapılan bu kürələnmiş daşları işçilər banan plantasiyası salmaq üçün işləyərkən cəngəllikdə aşkar edib. Əvvəlcə sakinlər kürələrin içində qızıl saxlandığını düşünüb. Lakin daha sonra kürələrin bəziləri sındırılaraq onların içlərinin boş olduğuna şahid olublar. Çox maraqlıdır ki, illər ötsə də, bu kürə daşların kim tərəfindən və nəyə görə hazırlanması hələ də elmə məlum deyil. 

Samirə Tağıyeva, “İki sahil”