18 avqust 2023 15:31
724

«Azəriqaz» çağırış etdi - FOTO

Birlik əməkdaşlarının adından dələduzluq edənlər haqqında 102 xidmətinə müraciət edin

Avqustun 18-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin şikayətlərin araşdılması şöbəsinin rəisi İbrahim Kərbalayevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

Tədbirdə Birliyin 104- Qəza çağrı xidməti mərkəzi şöbəsinin rəisi Xalidə Şimşək bildirib ki, bu ilin yanvar-iyul aylarında SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinə qaz sayğaclarının plombunun zədələnməsi, qırılması ilə bağlı 2 118 məlumat daxil olub: «Təkcə iyul ayında bununla bağlı 293 müraciət daxil olub.»

O qeyd edib ki, burada ciddi bir problem yoxdur: «Əməkdaşlar sayğaca baxış keçirirlər. Əgər sayğaca heç bir müdaxilə halı yoxdursa, əməkdaşlarımız plombu dəyişdirirlər. Yox, əgər hər hansı şübhəli hal aşkar edilirsə, həmin sayğac da müayinə üçün laboratoriyaya göndərilir».

X.Şimşək onu da vurğulayıb ki, ümumilikdə bu ilin yanvar-iyul aylarında Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinə 554 162 müraciət daxil olub: “Təkcə iyul ayında isə Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinə 53 647 müraciət daxil olub. Daxil olan müraciətlər Birlik əməkdaşları tərəfindən dərhal araşdırılır və həllinə nail olunur.»

Təbirdə «Azəriqaz» əməkdaşları adından dələduzluq edənlər barədə Birliyə məlumatlar daxil olduğu da qeyd olundu. Bildirildi ki, dələduzlar borclu abonentləri qazlarını kəsəcəkləri adı ilə qorxudaraq onlardan borclarının silinməsi müqabilində pul almağa çalışırlar: «Ancaq abonentlər bilməlidirlərk ki, onlardan nağd ödəniş istəyənlər dələduzluqla məşğuldurlar. Belə hallarla rastlaşanlar dərhal 102 xidmətinə müraciət etsinlər.»

Elçin Zaman, «İki sahil»