Qeyri-adi qadınlar haqqında eşitmisinizmi? Əgər eşitməmisinizsə bilin ki, onların bəziləri xarici görünüşləri, digərləri isə keçirdiyi xəstəliklər nəticəsində digər insanlardan fərqlənirlər.
Model kimi tanınan albinos bacılar
Asel və Kamilla Kalaqanovalar Qazaxstanda yaşayan albinos bacılardır.
Qeyri-adi görünüşləri ilə model biznesində məşhurlaşan bacıların xarici görünüşü Qazaxıstan üçün olduqca qəribə və inanılmaz hesab edilir. Belə ki, albinosların Qazaxıstanda dünyaya gəlişi nadir hadisədir. Aralarında 15 yaş fərq olan bacıların xarici görünüşləri qazax cəmiyyətində rezonans doğurub. Qonşuları belə onlara qəribə bir varlıq kimi yanaşırlar.
Bununla belə genetik anomaliya qızlara uğur gətirib. Onlar artıq yerli model agentliklərinin diqqət mərkəzindədir. Qızların anası Ayman Sarkitovanın sözlərinə görə, doğum evində ilk övladını qucağına alanda şoka düşüb. Buna xəstəxananın işçi heyəti də təəccüblənib. Çünki belə bir hadisə həmin xəstəxanada ilk dəfə baş veribmiş.
Albinos qızların doğulması Aymanın ailəsində problemlərə də səbəb olub. Belə ki, yaxınları uşaqların atasının başqa millətə mənsub olmasından şübhələniblər. Ancaq tezliklə onlardan əvvəlki genetikada vaxtilə albinosların olduğu və bu genlərin uşaqlara Ayman vasitəsilə ötürüldüyü məlum olub.
Təəssüf ki, hər iki bacının görmə qabiliyyəti zəifdir. Analarının sözlərinə görə, bu problemdən başqa onlar digər uşaqlardan heç bir xüsusiyyətləri ilə fərqlənmirlər. Qızların Əliyar adlı qardaşları da var. O, bacılarından fərqli olaraq, normal xarici görünüşə sahibdir.
Qeyd edək ki, albinoslar günəş şüalarına çətinliklə dözürlər. Bu səbəbdən küçəyə çıxanda günəş eynəyindən, uzunqol libaslardan istifadə etməlidilər. Elə buna görə, qızlar axşamüstü küçəyə çıxmağa üstünlük verirlər.
Ən uzun saqqallı qadın?
Bu il 30 sm uzunluğunda saqqalı olan Erin saqqalı 25,5 sm-ə çatan 75 yaşlı Vivian Vheelerin əvvəlki rekordunu qıraraq” Ginnesin Rekordlar Kitabı” na düşüb.
Erin bildirir ki, o, yeniyetməlik dövründən sonra gün ərzində bir neçə dəfə uzun qırxırmış. Sən demə, Erinə uşaqlıqdan hormonal balanssızlığa səbəb olan polikistik yumurtalıq sindromu diaqnozu qoyulub.
Ancaq görmə qabiliyyətini itirdikdən sonra və üzünü təraş etməkdən yorulan qadın sonda onları uzatmağa qərar verib. Qeyd edək ki,bir çox xəstəlikdən əziyyət çəkən qadının ayağını da bakterial infeksiyaya görə amputasiya ediblər.
Onun həyat yoldaşı Cen bu fikri dəstəkləyib və ona haqq verib.
Ən güclü xanım
Aneta Florçik dünyanın ən güclü qadınıdır. O, 500 kq yük ilə məşq edir. Bundan başqa, insanları havaya qaldırmaq üzrə də rekorda sahibdir. Aneta nə az, nə çox 12 nəfəri başının üzərinə qaldırıb. Bundan başqa,o, tavaları əymək üzrə də rekord sahibi olan xanım 1 dəqiqə ərzində 5 tavanı əyə bilir.
İncə belin sahibəsi
Xarici görünüşü ilə dünyada məşhurlaşan Keti Yunq heç vaxt plastik cərrahlara müraciət etməyib. Onun boyu 165 sm, belinin diametri isə 38 sm-dir. Keti 38 yaşından xüsusi korset taxır. Deyilənlərə görə, onun beli nəticədə günü-gündən daha çox incəlir.
Ağrı hiss etməyən Marisa de Toledo
Braziliyalı Marisa de Toledo dünyada nadir genetik qüsura malik 50 nəfərdən biridir. Bu qüsur bədəndən beyinə ağrı siqnallarının daxil olmasına imkan vermir.
O, baş barmağını itirib, anesteziyasız üç uşaq doğub və bədəni müxtəlif zədələrin yerləri ilə doludur. Lakin buna baxmayaraq Marisa heç vaxt ağrı hiss etməyib.
O analgeziya deyilən anadangəlmə genetik qüsurla doğulub. Bu qüsur insanın ağrı hiss etməsinə imkan vermir.
Dünyada belə qüsura malik 50 nəfərin olduğu təxmin edilir.
Bionik uşaq
Bütün dünyada məşhurlaşan balaca qızcığaz Olivia Farnsvours 2008-ci ildə İngiltərənin Huddersfield şəhərində anadan olub. Bir neçə aydan sonra Oliviyanın anası körpəsinin bütün uşaqlar kimi olmadığını görür. Yenicə doğulan bu uşaq heç ağlamır və demək olar ki, yatmırdı. Bir neçə ildən sonra Olivia bədbəxt hadisəyə tuş gəlir. Balaca Olivia həyətdə oynayarkən yoldan keçən avtomobil tərəfindən vurulur.Lakin buna baxmayaraq, heç nə olmamış kimi təkərlərin altından sağ-salamat çıxır. Xəstəxanaya aparılan Oliviaya həkimlər tərəfindən nadir bir genetik xəstəlik-altıncı xromosom mutasiyası diaqnozu qoyulur. Sen demə, bionik uşağın çox az yeməsinə, praktik olaraq yatmamasına və ümumiyyətlə, ağrı hiss etməməsinə səbəb olan məhz bu nadir xəstəlik olub.
Cox təəssüf ki, tibb elmi bu xəstəliyi hələ də yetərincə araşdıra bilməyib. Bu qeyri-adi xəstəliyin bir müalicəsi yoxdur.
Bir qəza və ...
Qeyri-adi yaddaşa malik olan Jill Price 1965-ci ildə Nyu- York şəhərində anadan olub. Fenomen qadının sözlərinə görə, 1976-ci ildə keçirdiyi qəzadan sonra aldığı stress nəticəsində həyatının hər bir dəqiqəsini xatırlayır. Bundan narahat olan qadın 1999-cu ildə həkimlərə müraciət edir. Ona insan beyninin uzun müddət ərzində ətraflı məlumat saxlama qabiliyyəti olan hiperteziya diaqnozu qoyulur. Jill Price özü bunun yorucu olduğunu söyləyir, çünki keçmiş günlər ilə bağlı xatirələr real həyatda baş verənlərə diqqət yetirməyə və daha vacib məqamları xatırlamağa mane olur.
Samirə Tağıyeva, “İki sahil”