“Ermənistan sülhün əldə edilməməsi üçün mümkün bütün təxribatlara əl atır. Ancaq unudur ki, sülh hal-hazırda daha çox ermənilərə lazımdır”.
“İki sahil” xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu deyib ki, hərbi-strateji üstünlük və mövcud beynəlxalq şərtlər Azərbaycanın lehinədir: “Üstəlik, zaman da Azərbaycanın lehinə işləyir. Yəni bugünkü şərtlərlə sülh müqaviləsi imzalamaq istəməyən Ermənistan çox keçmədən indiki şərtlərlə sülh üçün yalvarmalı olacaq. Ancaq onda da təbii ki, Azərbaycan yaratdığı daha üstün şərtlərlə sülh istəyəcək. Ona görə də Ermənistan Qafan hava limanı təxribatındansa, ilk növbədə, Azərbaycanla sülhə nail olmağa çalışmalıdır. Azərbaycanla sərhədin dibində yerləşən, üstəlik 1987-91-ci ilə qədər əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət olan, hazırda isə Zəngəzur dəhlizinin üzərində əsas keçid məntəqələrindən biri sayılan Qafanda bütün bu məsələlərə aydınlıq gətirilmədən, sərhədlər ən azı delimitasiya edilmədən, Qafana qayıdacaq azərbaycanlıların hüquqları bərpa olunmadan tələm-tələsik belə bir addımın atılması absurddur”.
Deputat nəzərə çatdırıb ki, Qafan rayonunun relyefi və coğrafiyası olduqca mürəkkəbdir: “Kiçik Qafqazın yüksək zirvələri ilə əhatə olunduğuna və bu zirvələr Azərbaycanın dövlət sərhədi ilə kəsişdiyinə görə Azərbaycanın hava məkanını pozmadan təyyarələrin enib-qalxması mümkün deyil. Sovet dövründə sərhədlər şərti və ortaq olduğu üçün təyyarələrin hansı sərhədi nə qədər pozması o qədər də ciddi qanun pozuntusu hesab edilmirdi. Ancaq indi söhbət iki müstəqil və eyni zamanda Ermənistanın antisülh siyasəti ucbatından müharibə vəziyyətində olan ölkədən gedir. Üstəlik, hər kəsə aydındır ki, Ermənistan bu hava limanı vasitəsi ilə sərhədlərimizə ən müxtəlif silah-sursat növləri daşıyacaq və bu limanı həm də hərbi liman kim istifadə etmək üçün əlindən gələni edəcək. Ona görə də sərhəd hava limanları ilə bağlı məsələlər Avropada necə qonşu ölkələr arasında xüsusi razılaşma ilə nizamlanırsa, ermənilər də bu etməlidirlər. Əks təqdirdə, Azərbaycanla razılaşdırılmayan hava limanı əsla fəaliyyət göstərə bilməz. Azərbaycan öz təhlükəsizliyini təhdid edən belə bir obyektin istismar olunmasına yol verməz”.