22 avqust 2023 17:20
422

Fransa və Hindistan Ermənistanı silahlandırmaqla sülhə ciddi təhdid yaradırlar - Ramil İskəndərli/EKSKLÜZİV

BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə  Azərbaycanın əleyhinə məcburedici hansısa qətnamənin və ya qərarın qəbulu baş vermədi. Əksinə, Laçın yolunun müzakirəsi zamanı Ağdam - Xankəndi yolunun beynəlxalq aləmə Azərbaycan və bir neçə başqa ölkə tərəfindən təqdimatı oldu.

Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli bildirib. 

Ramil İskəndərli  bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclasında çıxışı zamanı, BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələr zamanı üzv dövlətlər tərəfindən səslənmiş bəyanatları təhrif etməsi, eləcə də  Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın elə həmin iclasda səsləndirdiyi yalanları bir daha göstərir ki, Ermənistan həm 44 günlük muharibədə, həm də diplomatik sahədə məğlubiyyəti ilə barışmaq istəmir. Görünən odur ki, Ermənistan Qarabağda vəziyyətin gərginləşməsi, regiona guya xilas üçün beynəlxalq aktorların yaxından cəlb edilməsi və hətta hərbi vəziyyətin eskalasiyasına çalışmaqdadır.

Ekspert vurğulayıb ki, bu məsələdə hətta Ermənistanı dəstəkləyən ölkələr də tapılır. Belə ki, bu günlərdə bəlli oldu ki, nəinki Fransa, eləcə də Hindistan da Ermənistanın aktiv silahlandırır. İranın Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana hərbi yükün olduğu avtomobil karvanının hərəkəti videogörüntülərdə qeydə alınıb. məlum olduğu kimi, Ermənistan və Hindistan 400 milyon dollarlıq hərbi müqavilə imzalayıb. Bu isə regionda məhz Azərbaycanın səyləri nəticəsində formalaşmış sülh arxitekturasına qarşı ciddi təhdidlər yaradır. Lakin Ermənistan başa düşməlidir ki, yalnız Azərbaycanla sülh müqaviləsi onun yeganə ağrısız çıxış yoludur.  Buna isə Azərbaycanla konstruktiv danışıqlarla nail oluna bilər.

Yaqut Ağaşahqızı, "İki sahil"