23 avqust 2023 01:14
1255

Dünyanın ən nəhəng saatları

Hazırda dünyanın ən böyük saatı Məkkədəki "Əbrəc-əl-Beyt" binasında yerləşir. Onun diametri nə az, nə çox 43 metrdir. Bəs görəsən digər nəhəng saatlar harada yerləşir?

Ən böyük dekorativ saat

Hindistanın Surat şəhərindəki Gül saatı dünyanın ən böyük dekorativ saatıdır. Bu saat torpaqdan və bitkilərdən hazırlanıb. Onun siferblatının diametri 24,25 metrdir. Beton plitəyə quraşdırılan nəhəng saatının oxlarının hər birinin çəkisi iə təxminən 800 kiloqramdır. Saat şəhərin ən böyük parkı sayılan “Navin Fluorine” şirkətinin bağışladığı torpaq parçasının üzərində inşa edilib.

Gül saatı

2005-ci ildə Tehranın iki böyük magistral yolunun kəsişməsində diametri 15 metr və 7,5 metrlik əqrəbi olan Gül saatı quraşdırılıb. Saat 70 tonluq beton bazaya bərkidilib. Şəhər rəhbərliyi bu saatı həm yerli əhalini , həm də əcnəbiləri cəlb etmək üçün hazırlayıb. Açılış zamanı bu saat dünyanın ən böyük Gül saatı kimi bütün dünyada məşhurlaşıb.

“NTT Docomo Yoyogi”nin şərəfinə ucaldılan saat

240 metr olan “NTT Docomo Yoyogi” binası 2000-ci ildə tamamlandı. 2002-ci ildə isə Yaponiyanın ən böyük mobil operatoru “NTT Docomo Yoyogi”nin 10 illik yubileyi şərəfinə diametri 15 metr olan xüsusi saat hazırlandı. O zamanlar bu saat ən hündür binada inşa edilən saat kimi tanındı.

“Colgate” saatı

“Colgate” saatı 1924-cü ildə “Colgate-Palmolive” şirkəti üçün hazırlanmış və Cersi şəhərindəki fabrikdə yığılmışdı. Saatın səkkizbucaqlı siferblatının diametri 15,24 metr, saat əqrəbinin uzunluğu 6,1 metr, dəqiqə əqrəbinin uzunluğu isə 7,87 metrdir. 1985-ci ildə fabrik binası söküldükdən sonra saatın yeri də dəyişmişdi. Saat 400 metr aralıda yerləşən hündür binaya quraşdırılmışdı. Qeyd edək ki, 2013-cü ildə “Colgate” saatına LED işıqları da əlavə edildi.

“Duken Brewery”

1933-cü ildə Con Franklin “Duken Brewer” adlı 18 metr diametrli saatın əqrəbinin uzunluğu 7,6 metr və dəqiqə əqrəbinin uzunluğu 10,6 metr olan saat hazırladı. Bu saat 1,25 at gücündə Janett mühərriki ilə təchiz edildi. O zamanlar bu, dünyanın tək siferblatlı ən böyük saatı idi. 1961-ci ilə qədər saat Vaşinqtonda bir yamacda quruldu. Bundan sonra saatı Pitsburqda şirkətə məxsus “Duquesne” pivə zavodu aldı. Uzun müddət bu saat “Coca-Cola” da daxil olmaqla bütün növ içkilərin reklamı üçün fəal şəkildə istifadə olunurdu. 2017-ci ildə “Duquesne” pivə zavodunun saatı milli sərvət elan edildi və bundan sonra daha reklam məqsədləri üçün istifadə olunmadı.

Braziliya Mərkəzi Stansiyası

Braziliyanın ikinci böyük şəhəri Rio-de-Janeyro şəhərinin mərkəzi dəmir yolu stansiyasının 135 metrlik qülləsində diametri 20 metr olan saat quraşdırılıb. Bu Saat qülləsi 1943-cü ildə istifadəyə verilmişdi. Qeyd edək ki, bu stansiya Rio-de-Janeyronun əsas nəqliyyat mərkəzidir.

Ukraynanın ən məşhur saatı

Avropanın ən böyük saatı Ukraynanın Krivoy Roq şəhərində Qəhrəmanlar Parkında yerləşir. Çiçəkli saat 2011-ci ildə Ukraynanın müstəqilliyinin 20-ci ildönümü şərəfinə hazırlanmışdır. Saatın siferblatının diametri 22 metr, dəqiqə əqrəbinin uzunluğu isə 13 metrdir. Saat axşamlar projektorlarla işıqlandırılan 22 min güllə bəzədilib.

Ticarət mərkəzində inşa edilən saat

İstanbulun Şişli tərəfində yerləşən “Cevahir” ticarət və əyləncə mərkəzinin şəffaf şüşə damının içinə quraşdırılmış 32 metr diametrli saatı ilə məşhurlaşıb. Bu saat Tehranda yerləşən çiçəkli saatın rekordunu qırmaq üçün yaradılmışdır. Saatın üzərindəki hər rəqəmin hündürlüyü 3 metrdir.

LED lampalarından hazırlanan saat

Qroznı şəhərinin ən hündür bina kompleksi olan 45 mərtəbəli “Olympus Tower”in yuxarı mərtəbəsində diametri 13,6 metr olan siferblatlı saat quraşdırılıb. Saatın üz tərəfi alüminium bazaya quraşdırılmış LED panellərdən hazırlanmışdır.

Samirə Tağıyeva, “ İki sahil”