Azərbaycanın türkdilli ölkələrlə, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti nəticəsində artan templə inkişaf etməkdədir. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin bu günlərdə Azərbaycanda səfərdə olması, çox mühüm sənədlərin imzalanması əməkdaşlığın inkişafı üçün növbəti mərhələnin başlanğıcıdır.
"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək "İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə "İki sahil" ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət sahəsində aparılan uğurlu addımların nəticəsi olaraq Azərbaycanla dost ölkələrinin sayı artmaqda davam edir: " Eyni zamanda, başqa bir tendensiya isə bir çox dövlətlərlə dostluq və əməkdaşlıq əlaqələrinin strateji müstəviyə keçməsidir. Dövlət başçımızın xüsusən bəzi dövlət rəhbərləri ilə münasibətlərinin qardaşlıq səviyyəsinə yüksəlməsi strateji müttəfiqliyə mənəvi özəllik də qatır. Məhz bu ölkələrdən biri də Özbəkistan Respublikasıdır.
Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev münasibətlərinin dostluq və qardaşlıq səviyyəsinə qalması tərəfdaşlıqda yeni üfüqlə açıb, inam, etimadı və birliyi özündə ehtiva edir. Bu münasibətlər eyni zamanda Türk dünyası kontekstindən çox əhəmiyyətlidir. Siyasi münasibətləri yüksək səviyyədə olması iqtisadi münasibətlərə də öz töhfəsini verir. Ölkələr arasında iqtisadi əlaqələrin inkişafı və ticarət dövriyyəsinin 1 milyard dollara qədər yüksəlməsi müttəfiqliyi dayanıqlı edən amillərdəndir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın Azərbaycan son səfərləri münasibətlərin inkişafında xüsusi rola malik olacaq. Bu səfər çərçivəsində iki ölkə arasında ümumilikdə 20 sənəd imzalanması səfərin əhəmiyyətini göstərməklə yanaşı iki ölkənin strateji əməkdaşlığını və gələcəyə baxışını açıq ifadə edir.
C.Hüseynzadə vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladığı “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni mühüm əhəmiyyətə malikdir. Bu sənəd əməkdaşlığın inkişaf etdirilməsi üçün vacib mexanizmdir. Digər tərəfdən energetika, mədəniyyət, media, gənclər fəaliyyəti ilə bağlı birgə fəaliyyətin inkişaf etdirilməsi istiqamətində sənədlər də əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar yaradır.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, səfər proqramının genişliyi, qonaqların Qarabağa səfəri xüsusilə qeyd olunmalıdır. Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımıdır. Bu məktəb özbək xalqı adından Azərbaycana hədiyyə olaraq Füzulidə inşa edilib. 960 şagird yerlik bu məktəb təkcə həcminin böyüklüyünə görə deyil, daşıdığı siyasi və ideoloji mövqeyinə görə də iki ölkə arasında bir simvol olacaq.
Cəsarət Hüseynzadənin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Şuşa şəhərinə səfəri isə iki ölkə arasında dostluq və qardaşlığın ən ali göstərici olaraq qiymətləndirilməlidir. Beynəlxalq əhəmiyyətli bu səfər Özbəkistan Respublikasının Azərbaycanın haqq işinə dəstəyinin ən gözəl nümunəsi oldu. Hesab edirəm ki, Azərbaycan və Özbəkistan əlaqələrinin müxtəlif aspektlərdən uğurunu və əhəmiyyətini biz görə bilərik. Lakin ən böyük məqam bu dostluğun və əməkdaşlığın milli-mənəvi müstəviyə və qardaşlıq səviyyəsinə yüksəlməsidir. Münasibətlərin bu müstəviyə çatmasında prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin müstəsna xidmətlər var. İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və vahid mövqedən çıxış etməsi hər iki ölkənin milli maraqlarını ifadə etməkdədir. Xüsusən Qoşulmama Hərəkatına sədrliyin Özbəkistana verilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Və Azərbaycanın növbəti illərdə də Qoşulmama Hərəkatında mühüm rola malik olacağını göstərir.
Yaqut Ağaşahqızı, "İki sahil"