26 avqust 2023 10:55
765

Kamran Bayramov: Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün uğurla davam etdirilir

«Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında birmənalı olaraq dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Ulu Öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib.  Hələ Sovet hakimiyyəti illərində Ümummilli Liderimiz yüzlərlə Azərbaycan gəncinin ittifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil almalarına şərait yaratmışdır. Bu gənclər keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilir və savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərməyə başlayırdılar. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər. Ulu Öndər savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada oxumağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı.»

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqət  dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildi. Yeni nəslin hərtərəfli inkişafının əsas şərtlərndən biri gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında aktiv iştirakının təmin edilməsidir. Fərəhli haldır ki, Azərbaycanda əsası 1994-cü ildən ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti məhz bu prinsiplər əsasında formalaşıb və müvafiq hüquqi sənədlərdə də öz əksini taparaq həyata keçirilir. Ulu öndər Heydər Əliyev gənclərə münasibətdə xüsusi mövqe ortaya qoyaraq, onların dövlətin inkişafı prosesində fəal iştirakına geniş imkanlar yaratdı. Ümummilli  liderin Sərəncam və təşəbbüsləri əsasında Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərin qurultayları keçirildi. 1996-cı il fevralın 2-də keçirilən I Forumda ulu öndər Heydər Əliyev "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" deyərək gənclər qarşısında tarixi bir vəzifə qoydu. Ulu öndərimiz Azərbaycan gəncləri forumunun ilk ildönümü münasibətilə keçirilən tədbirdə gənclərə müraciətində bildirirdi: «Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik.»  I Forumdan sonra gənclərlə aparılan işin canlandığını nəzərə alaraq Ulu Öndər 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni "Azərbaycan Gənclər Günü" elan etdi.  Ümummilli Liderin 1999-cu il iyulun 29-da imzaladığı «Dövlət gənclər siyasəti haqqında» fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Ölkəmizdə 2002-ci ildə "Gənclər siyasəti haqqında" qanun qəbul edilib. Qanuna əsasən Azərbaycanda gənclər siyasətinin başlıca prinsipləri gənc nəslin xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyət həyatında gənclərin fəal iştirakının təmin edilməsi nəzərdə tutulmuşdu.

Deputat diqqətə çatdırıb ki, Ümummilli Lider həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu Öndər üzünü Azərbaycan gəncliyinə tutaraq gənc nəsilin 21-ci əsrdə getməli olduğu yolu göstərərək deyirdi: «Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”» 

 Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə  dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı  qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur. Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.

K.Bayramov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı isə  gənclərimiz xalqımızda böyük qürur hissi yaratdılar. Vətənpərvər gənclərimiz təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş Qarabağın və Şərqi Zəngəzurun düşməndən azad edilməsi uğrunda misilsiz qəhrəmanlıq göstərdilər. Əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyev ideyalarını daim öz fəaliyyətində rəhbər tutan Azərbaycan gəncliyi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da var qüvvəsini səfərbər edəcəkdir.