31 avqust 2023 22:34
377

Separatçıların bir çıxış yolu var - qeyri-qanuni rejim buraxılmalı və tərksilah olmalıdır

Azərbaycan öz ərazisində hansısa bir boz zonanın olmasını qəbul etməyəcək

Separatçılar hələ də Azərbaycan dövlətinin Qarabağ iqtisadi rayonunda təşkil  etdiyi humanitar tədbirləri qəbul  etmək istəmədiklərini bildirirlər. Belə ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərdiyi 40 ton un hələ də Ağdam Xankəndi yolununda gözləyir. Azərbaycan dövləti isə ermənilərə rəsmi şəkildə bəyan edib ki, Ağdam- Xankəndi  yolunun açılması Laçın- Xankəndi yolunun açılmasında açar rolunu oynaya bilər. Belə ki,  Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev BBC-yə müsa­hibəsində bildirib ki,  Ağdam-Xankəndi yolu açılandan sonra Laçın yolu da 24 saat ərzində açıla­caq: «Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır.»

 Eyni zamanda, Hikmət Haçıyev Azərbaycan dövlətinin  bu məsələlərdə bundan sonra da qətiyyətli siyasət yürüdəcəyini bildirib. Onun sözlərinə görə, Ermənistan Azərbaycanla razılaşdırmadan populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycan sərhədinə -Laçın sərhəd-buraxılış məntəqəsinə gətirib: «Dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altında olan Avropanın korrupsioner siyasətçiləri də bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəliblər. Bu kimi addımların heç bir mənası yoxdur. Bu kimi şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hansısa bir boz zonanın olmasını qəbul etməyəcək. Kimlərsə düşünürlər ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və bu separatist statusunda yaşamaqda davam edərək və bu qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər bu, baş verməyəcəkdir.»

Onun sözlərinə görə, Qarabağdakı separatçıların bir çıxış yolu var: Qeyri-qanuni rejim buraxılmalı və tərksilah olmalıdır.

Prezidentin köməkçisi  bölgədə sülhün yaramasına mane olan xarici qüvvələrə də mesajlarını çatdırıb: «Azərbaycan heç bir halda buna dözməyəcək. Onların da bu yalançı humanitar şoularının əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini və xislətini gizlətsinlər. Əsl niyyət isə Ermənistanın vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində yaratdığı qondarma qanunsuz rejimin mövcudluğunun yaşamasını təmin etməkdir və bu məqsədlə də müxtəlif bəhanələrdən istifadə edirlər.»

Qeyd edək ki, artıq beynəlxalq ictimaiyyətin nümayəndələri, Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusların əməkdaşları da  Ağdam –Xankəndi yolunda Azərbaycanın göndərdiyi humanitar yardımlarla bağlı  müsbət fikirdədirlər. Onlar ermənilərin burada riyakar siyasətini daha yaxından izləyirlər və humanitar yükün qəbul edilməsini istəyirlər.

Bütün bunlardan sonra haqlı  suallar yaranır: Bakının göndərdiyi humani­tar yardıma etirazlarını bildirən Xankəndi separatçılar,  eyni zamanda,  Qara­bağın erməni əhalisinin rəyini, mövqeyini ifadə edirlərmi? Təbii ki, yox. Onların separatçılardan ibarət olduğunu erməni mənbələrinin özləri də təsdiqləyir. Onlar Ruben Vardanyanın yaratdığı qondarma «Qarabağ təhlükəsizlik və inkişaf cəbhə­si»nin üzvləridirlər.  Əslində separatçı hayların bu «yolkəsənli­yi» bir daha göstərir ki, «Qarabağda humanitar fəlakət yaşanır» iddiaları tamamilə siyasi avantüradır. Çünki həqiqətən də orada «humanitar fəlakət» yaşansaydı, bizim göndərdiyimiz yardımı ikiəlli qəbul edərdilər.

Bir önəmli məsələni də vurğulamaq lazımdır ki,  Azərbaycan  Ağdam-Xankəndi yoluna hu­manitar yardım karvanını çıxarmaqla  Ermənistanın siyasi manipulyasiya əməllərinə növbəti dəfə ağır zərbə vurdu . Bu, onları dilemma qarşısında qoyan mühüm faktdır. İndi dünya ictimaiyyəti də aydın şəkildə gördü ki,  sözdə «aclıqdan əziyyət çəkən» hayların bu yükü qəbul etməmələri sadəcə harınlıqdır. Yəni, aclıq çəkənin undan imtinası özünəqəsdə bərabərdir. Digər tərəfdən, bu humantar yardım Azərbaycan rəhbərliyinin  vaxtında və müdrikcəsinə verdiyi siyasi qərardır.  Eyni zamanda, bu yardım kampaniyası Ermənistanda və  Xankəndidə separatçılarla sadə erməniləri qarşı-qarşıya qoyacaq.

Qarabağ ermənilərinə Ba­kıdan ərzaq göndərilməsi o deməkdir ki, birincisi, Ağdam yolu işlək vəziy­yətdədir və buradan Xankəndiyə daha tez çatmaq mümkündür.  Eyni zamanda, bu, Qarabağda «humanitar böhran»dan  nara­hat olan ermənipərəst ölkələrə vaxtında verilən siyasi mesajdır. Bununla da onların Xankəndiyə aparan yeganə yol  kimi Laçın marşurutunu siyasiləşdirmək cəhdləri  iflasa uğramış oldu. Bir daha beynəlxalq aləm  aydın şəkildə dərk etdi ki, Laçın yolundan yan keçməklə də erməni sakinlərə kömək etmək mümkündür.  Sadəcə, bu kömək Azərbaycan Respublikasının qa­nunları və normaları çərçivəsində edilmə­lidir.

Bundan başqa, Qı­zıl Aypara Cəmiyyətinin Qa­rabağ ermənilərinə un yardımı onlara qarşı həm də humanitar jestdir. Yəni bu, o deməkdir ki, onların Azərbaycan cəmiyyə­tinə reinteqrasiya olunmalarında bizim tərəfimizdən heç bir problem yoxdur. Bir sözlə,  haylar tezliklə bu məsələni  həll etsələr  mövcud ağır durumlarından qurtarıb daha yaxşı həyat tərzi qazana bilərlər.

El Ermənistan mətbuatının  yazdığına görə, separatçıların lideri Araik Arutyunyan «istefa» verib. Hətta Araik öz sosial şəbəkə heasabından da belə bir məlumat paylaşıb. Bu isə o deməkdir ki, yaxın zamanlarda həm Ermənistanda, həm də Xankəndidə qarşıdurmaların miqyası genişlənəcəkdir. Hətta buradakı  siyasi  və hərbi qruplaşmalar arasında iç savaşın başlaması ehtimalı da var. Bir sözlə, indi Xankəndidə sözün həqiqi mənasında it yiyəsini tanımır. Görünən odur ki, Azərbaycan dövlətinin Ermənistanın Laçın-Xankəndi yolunda düzənlədiyi «humanitar şou»ya qarşı qətiyyətli mövqe sərgiləməsi  ermənilərdə ciddi ümidsizlik yaradıb və növbəti məğlubiyyətin məsuliyyətini və bölgədə yarana biləcək yeni savaşın məsulliyətini  Araik və onun ətrafı öz üzərinə götürmək istəmir.  Düzdür, o, istefa verməklə canını qurtara bilməyəcək  və gec- ya tez Azərbaycan qanunları  ilə mühakimə olunacaq.  

Elçin Zaman, "İki sahil"