Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə birgə “Dövlət dilinin elmi şəkildə zənginləşməsi” mövzusunda tədbir keçirilib. “İki sahil” xəbər verir ki, bu barədə AMEA-nın Dilçilik İnstitutundan məlumat verilib.
Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, professor Sayalı Sadıqova, professor İlham Tahirov, dosent Fidan Salayeva, dosent Sevinc Məmmədova, AMEA Gənc Alimlər və Mütəxəssislər Şurasının sədr müavini Fatimə Fətullayeva, Elmi Kitabxananın müdiri Sevil Zülfüqarova və kitabxananın əməkdaşı Sona Məmmədova iştirak ediblər.
Tədbirdə Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli Azərbaycan dilinin dövlət səviyyəsində qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, dövlət dilindən düzgün istifadənin vacibliyini vurğulayıb. O, rəsmi-işgüzar sənədlərdə ədəbi dil normalarının qorunması, orfoqrafiya və orfoepiya qaydalarındakı yeniliklər barədə ətraflı məlumat verib.
Daha sonra tədbirdə “Azərbaycan dilinin zənginləşməsində terminoloji leksika”, “Dövlət dilinin zənginləşməsində elmi tədqiqatların əhəmiyyəti”, “Rəqəmsal media şəraitində Azərbaycan dilinin inkişaf perspektivləri”, “Dövlət dilinin qorunmasında və inkişafında gənclərin rolu”, “Azərbaycan dili üzərində linqvokulturoloji yanaşma” mövzularında məruzələr dinlənilib.
FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev mövzunun aktuallığını qeyd edərək, Azərbaycan dilinin elmi əsaslarla inkişaf etdirilməsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib. O, Dilçilik İnstitutu ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən alimlər dövlət dilinin inkişafı, terminoloji sistemin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən bəhs ediblər. Görüş çərçivəsində elmi əməkdaşlıq və kitab təminatı məsələləri də müzakirə olunub. Dilçilik İnstitutunun Elmi Kitabxanasının müdiri Sevil Zülfüqarova institut əməkdaşlarının hazırladığı elmi nəşrlərdən 200 nüsxəni FHN Akademiyasının kitabxanasına hədiyyə edib.
Tədbirin sonunda Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev tərəfindən Fəxri fərmanla təltif olunub.