03 sentyabr 2023 23:17
1486

Dovşanların könlünə yenə qaçmaq düşüb?

Məlum olduğu kimi bir neçə gün öncə Xankəndidəki qondarma rejimin qondarma “prezidenti” Araik Arutyunyan "istefa" verdi. Araikin yerinə qondarma rejimin sabiq qondarma “dövlət naziri”, Azərbaycan torpaqlarında milli sərvətlərin qanunsuz istismarı ilə öz varidatını artıran rusiyalı erməni milyarder Ruben Vardanyanın gətiriləcəyi düşünülsə də, onun yerinə qondarma "təhlükəsizlik şurasının katibi" Samvel Şahramanyan təyin olunub. Bəli, Xankəndidə siyasi səhnəyə Azərbaycan hökumətinə qarşı barışmaz mövqedə dayanan, müstəqillik tələb edən radikal millətçilər çıxırlar. Bu həmin Şahramanyandır ki, Azərbaycan təmsilçiləri ilə Qarabağın erməni icmasının nümayəndələrinin bu ilin martında Rusiya sülhməramlılarının Xocalıdakı qərargahında baş tutmuş yeganə görüşünün iştirakçısı olub. Doğrudur, o görüşün  davamı olmadı. Şübhəsiz, bu məsələdə Qarabağdakı separatçıların, o cümlədən Şahramanyanın da əli olub. Onu da qeyd edək ki,  A.Arutyunyanın istefa qərarı Azərbaycanın təzyiqi nəticəsində separatçı rejimdə formalaşmış aqoniya ab-havasının nəticəsidir. Arutyunyan Koçaryan-Sarkisyan qruplaşması ilə bağlı olsa da, zəif şəxs idi. Hazırda gələnlər radikal mövqeləri ilə seçillr, Arkadi Qukasyan və Bako Saakyan xəttini davam etdirməyə çalışırlar. 

Amma Qarabağdakı separatçı rejimin “hakimiyyətində” baş verən son olaylardan sonra Ermənistanda, həmçinin separatçı qondarma qurumun rəhbərləri arasında vəziyyət yenidən gərginləşib. Bu gərginlikdən istifadə edərək fəallaşan Robet Koçaryan və Serj Sarkisyan həmin hərc-mərclikdən faydalanmağa çalışırlar.  Belə ki, onlar indi daha kəskin şəkildə bildirirlər ki, guya son günlər başlarına gələn bəlaların başında Nikol Paşinyanın Qarabağ  daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə əlaqədarmış. Üstəlik, iddia edirlər ki, məhz Nikol Paşinyanın bu açıqlamasından sonra beynəlxalq aləmin Azərbaycana təzyiq etmək imkanları minimuma enib. Onların məntiqinə görə,  Nikol Paşinyan istefa versə və ya Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etsə, yaranmış situasiyanı  öz xeyirlərinə dəyişə bilərlər.  Amma bu biçarələr hələ də dərk etmirlər ki, Paşinyanın həmin addımı İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqların məntiqi nəticəsi idi. 

Bəli, hazırda bu cütlüyün və onları dəstəkləyənlərin sayəsində Nikol Paşinyanın istefası, onun hökumətinin devrilməsi məsələsi gündəmdədir. Artıq bununla bağlı çağırışlar səslənməkdədir. Hətta bu məsələnin həlli naminə camaatın küçələrə çıxması tələb olunur. Daha doğrusu, xalqın etiraz aksiyalarını təşkil etməyə cəhd edirlər. Bütün bu olayların başında  Ermənistandakı revanşist qüvvələr, həmçinin  Qarabağ klanının keçmiş üzvləri dayanırlar. Bir sözlə, separatçı ünsürlər öz havadarlarının “tövsiyələri” əsasında yenidən vəziyyəti gərginlədirməkdə israrlı görünürlər.  Şübhəsiz, bu addımlarında məqsəd Ermənistan dövlətinin və xalqının maraqlarının təmin olunması deyil. Hədəf hakimiyyət hərisliyi və bölgədə təsir imkanlarının saxlanmasıdır. Digər tərəfdən, onların əsas məqsədi  qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesinin başlanmasına mane olmaq, prosesə imkan verməməkdir. Hətta deyərdik ki,  bütün bu olayların əsasında məhz bu faktor dayanır. Şübhəsiz, bu məsələdə Azərbaycana qarşı indiyədək etdiyi bütün gedişləri flaskoya uğrayan Fransanın, bu ölkənin prezident Makronun  da barmağı vardır. Yəni görünən budur ki, ağaları bu oyuncaq separatçılar  yeni komanda verib.

Paşinyan özü də başını itirib. Elə Nikol Paşinyanın 2 sentyabr 2023-cü il tarixində  bir müddət əvvəl səsləndirdiyi Qarabağ bölgəsi daxil, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi barədə bəyanatı ilə ziddiyyət təşkil edən fikirlər söyləməsi və bununla da sülh danışıqlarına zərbə vurması yuxarıda qeyd etdiyimi fikrimizi sübut edir. Şübhəsiz, onun bu fikirləri radikalların, o cümlədən Köçəryan- Sarkisyan cütlüyünün ona təzyiqindən, hakimiyyəti itirmək qorxusundan qaynaqlanır. Amma bu bir həqiqətdir ki, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesin indiki dalan vəziyyətində olmasının səbəbkarı da elə Köçəryan-Sarkisyan cütlüyü,  həmçinin onları dəstəkləyənlərdir.

Amma bütün bunlar rəğmən güman edirik ki, Ermənistandakı revanşistlər və Qarabağdakı separatçı rejimin ünsürlər postmünaqişə dövründə bölgədə formalaşmış reallıqları düzgün qiymətləndirəcək və sülhün bərqərar olunması üçün Azərbaycana heç bir maneə yarada bilməyəcəklər. Bir sözlə, Azərbaycan öz qəti mövqeyi ilə istəyinə nail olacaq. Yazımızın sonunda isə  Prezident İlham Əliyev çıxışlarının birində söylədiyi bu sözləri xatırlatmaq istərdik: “Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı...”

Qvami Məhəbbətoğlu, “İki sahil”