05 sentyabr 2023 01:36
756

Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin, müstəqil Azərbaycanın təntənəsidir

Möhtəşəm Qələbəmiz Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurların məcmusu, gələcək hədəflərin təqdimatı oldu

“Biz bütün istiqamətlərdə uğurla inkişaf edirik. Bizim inkişafımızın təməlində Ulu Öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, biz tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik.” Dövlət başçısı İlham Əliyev bu fikirlərin fonunda Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının nə qədər böyük, müəyyənləşdirdiyi yolun nə qədər əhəmiyyətli, möhtəşəm olduğunu açıqlayır. Bu yol bizi 30 il işğal altında qalan torpaqlarımıza qovuşdurdu.

Azərbaycan hər zaman dövrün tələblərini özündə əks etdirən inkişaf modeli ilə diqqətdədir. Təbii ki, bu uğur düşünülmüş və gələcəyə hesablanmış siyasətin, böyük səylərin nəticəsidir. Azərbaycan 30 ildən sonra dünyanın diqqətini qalibiyyətinə, tarixi ədaləti bərpa edərək regionda və dünyada yeni reallıqlar yaratmasına yönəltdi. Dövlət başçısı İlham Əliyevin 2021-ci ildə Böyük Qayıdışın təntənəsi kimi dəyərləndirilən Vaqif Poeziya Günlərinin açılış mərasimindəki çıxışında söylədiyi fikirləri yada salmaq istərdik: «İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.»

Azərbaycan 30 il dünyadan ədalət gözləməklə yanaşı, bütün sahələrdə inkişafa, tərəqqiyə nail oldu. Tarixi Zəfərimiz Azərbaycanın müstəqilliyinin bərpasından ötən dövrün təhlilində və təqdimatında mühüm rol oynadı. Bu reallıq inkaredilməzdir ki, hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən mühüm hadisələr baş verir. Azərbaycan 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini yenidən bərpa etsə də, ilk illərdə yaşanan durum yaddaşlardadır. Ölkədə ictimai-siyasi durumun gərginliyi, özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsi, torpaqlarımızın bir-birinin ardınca işğalı xalqda sabaha ümidsizlik yaratmışdı. Belə çətin məqamda dahi şəxsiyyət Heydər Əliyevin xalqın cağırışına səs verməsi, birlik, həmrəylik nümayiş etdirməsi bu ümidsizliyi aradan qaldırdı. Bu fikri böyük inam və qətiyyətlə bildiririk ki, Ulu Öndər Heydər Əliyev istər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında müstəqil və müasir dövlətin simvolu kimi qalır və qalacaq. O, Azərbaycanın yeni tarixində müstəqil dövlətin əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və inkişaf strategiyasının müəllifidir. Onun uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və Vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür. Bu fikir aforizmə çevrilib ki, Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən, bəşəri düşüncəli Ulu Öndər ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə siyasətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin əsasını qoydu. Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar kimi ona nəsib oldu. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. 1993-cü ilin 3 oktyabrında yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə qələbəsini təkrarlayan Heydər Əliyev milyonların ürəyindən keçən istəkləri reallaşdırdı: «Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram... Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.» Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində reallaşdırdığı genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna «yaşıl işıq» yandırdı. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın sözü ilə imzası arasında heç bir fərq yoxdur. Regionda və dünyada yeni reallıqlar yaradan Azərbaycan bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün Ermənistana sülh təklifini edir, yeni əməkdaşlıq formatlarının yaradılması üçün bu mühüm addıma böyük ehtiyacın olduğu bildirilir. Azərbaycan hər zaman olduğu kimi, bu gün də dünyaya sülh, dostluq, əməkdaşlıq çağırışını edir.

Möhtəşəm Qələbəmiz Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurların məcmusu, gələcək hədəflərin təqdimatı oldu. 1993-cü ildən başlanan inkişaf, tərəqqi yolu müasir Azərbaycana möhtəşəm uğurlar qazandırır. Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıran Ümummilli Lider əsas vəzifə kimi respublikada dövlət quruculuğuna diqqət yetirdi. «Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir» söyləməklə dünya sivilizasiyasına daxil olmağın yollarını müəyyənləşdirdi, prioritetləri qarşıya qoydu. Demokratik cəmiyyətdə insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, müxalif qüvvələrlə konstruktiv əməkdaşlıq baxımından qanunlara əsaslanan mövqeyini bəyan etdi. Bütün prioritetlərin əsasında isə qüdrətli respublikanın inkişaf perspektivləri - düşünülmüş, dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması, çoxmillətli respublika olan Azərbaycanın tolerant dövlət kimi bütün azərbaycanlılar üçün Vətən olması və s. kimi biri-birindən məsuliyyətli vəzifələr dayanırdı.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin çəkisi və əhəmiyyəti ölçüyəgəlməz dərəcədə çoxdur. Ümummilli Liderin səyləri nəticəsində 1994-cü il sentyabr ayının 20-də tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişinin imzalanması bugünümüzə və gələcəyə hesablanmış addımlar sırasındandır. Belə ki, çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional əməkdaşlığın əsası qoyuldu. Bu layihələr bölgədə sabitliyin, təhlükəsizliyin qarantına çevrilərək dövlətləri, xalqları bir araya gətirdi. İllər keçdikcə bu əməkdaşlığın coğrafiyasının genişləndiyinin şahidinə çevrildik. Bu gün Azərbaycanın dünya miqyasında enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasının əsasında da Ulu Öndərin hazırladığı neft strategiyası, ölkənin enerji siyasətinin uğurlu həlli dayanır. Artıq bu gün dünya Cənub Qaz Dəhlizinin perspektivlərindən danışır. Perspektivdə nəzərdə tutulan irimiqyaslı layihələrin və islahatların həyata keçirilməsi ilə Azərbaycan həm beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorudu, həm də etibarlı tərəfdaş imicinə yeni əlavələr etdi.

Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə biri-birindən çətin, o dövrdə həyatı əhəmiyyətli məsələlərin həlli üçün vacib olan xalqın birlik və həmrəyliyinin, insan hüquq və azadlıqlarının təminatı konsepsiyasını hazırladı, Milli Konstitusiya qəbul olundu. Dünya Azərbaycanlılarının I qurultayını keçirməklə, soydaşlarımızın həmrəyliyini təmin etməklə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporun təşkilatlanması üçün hüquqi bazanın əsası qoyuldu.

Neft strategiyasının tətbiqini sürətləndirməklə qeyri-neft sektorunu inkişaf etdirən, bazar iqtisadiyyatı yolu ilə irəliləmənin mexanizmlərinin təkmilləşdirilməsi üçün ölkəyə xarici investisiya axınının təməlini qoyan Ulu Öndər inanırdı ki, yaxın illərdə ən böyük arzusu olan Azərbaycanın dünya birliyində lider dövlət kimi tanınmasına nail olunacaq. Neft strategiyasının əsasını təşkil edən Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarından səmərəli istifadə, xarici ölkələrin tanınmış neft şirkətləri ilə birgə fəaliyyətə əsaslanan, neft və təbii qaz hasilatının artırılmasını təmin edən yeni yataqların kəşf olunub birgə işlənməsi istiqamətində görülən işlər miqyasına və geosiyasi əhəmiyyətinə görə yeni mərhələlər üzrə davam etdirilirdi.

Dövlət siyasətinin əsas prioritetləri kimi böyük əhəmiyyətə malik, Avropa və dünya birliyi dövlətlərinin enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş sayılan Azərbaycanın lider dövlət kimi tanınmasının təməlində də əsası Ulu Öndər tərəfindən qoyulan daxili və xarici siyasətin uğurlu həlli dayanır. Bütün xalqlar və dövlətlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq siyasətini yeridən, Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda təmsil olunub, söz sahibi nüfuzu qazanması müdrik bir siyasətin məntiqi nəticəsi kimi bu gün də özünü doğruldur.

Bütün fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun, Ümummilli Liderin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən cənab İlham Əliyevin başçılığı ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar dağ kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq dünya standartlarına və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edən Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi naminə inamlı addımlar atır. Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın iqtisadi inkişaf baxımından qüdrətli ölkə, Prezident İlham Əliyevin lider dövlət başçısı adlandırılmasının özü Heydər Əliyev ideyalarının təntənəsi və qələbəsidir.

Azərbaycan düzgün təmələ əsaslanan siyasətin nəticəsində yeni-yeni hədəflərə nail olmaq üçün səylər göstərir. Məhz bu uğurlar bu gün beynəlxalq aləmdə inkişafın Azərbaycan modelinin mövcudluğunu önə çəkir və öyrənilməsinin vacibliyini şərtləndirir. Təbii ki, bu günümüzü müstəqilliyimizin ilk illərində yaşanan durumla müqayisə etdikdə müqayisəsi mümkün olmayan reallıqların şahidi oluruq. O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri də etiraf edirlər ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan, xalqın dəstəyinə arxalanan xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Prezident İlham Əliyev bildirir: «Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.»

Yeganə Əliyeva, «İki sahil»