07 sentyabr 2023 03:25
582

Bu ki inanılmazdır: Xəstənin beynində 8 santimetrlik parazit qurd?

Avstraliya xəstəxanalarının birində qadın pasiyentin müəmmalı simptomlarını araşdıran neyrocərrah xəstənin beynindən qıvrılan qurd çıxararaq əhəmiyyətli araşdırmalar etdiyini açıqlayıb.

Cərrah Hari Priya Bandi keçən il Kanberra Xəstəxanasında 64 yaşlı xəstənin kəllə sümüyündəki dəlikdən biopsiya apararkən, 8 santimetr (3 düym) ölçüyə malik paraziti çıxarmaq üçün maşadan istifadə edib.

"Mən sadəcə düşündüm: Bu nədir? Bunun heç bir mənası yoxdur. Amma o, canlı və hərəkətlidir ", -deyə Bandi “The Canberra Times” qəzetinə müsahibəsində təəccübünü gizlədə bilməyib.

Bu canlı əvvəllər insan paraziti olduğu bilinməyən “Ophidascaris robertsi” adlı avstraliyalı yerli dəyirmi qurdun sürfəsi idi. Həmin qurdlara adətən, pitonlarda rast gəlinir.

Bandi və Kanberranın yoluxucu xəstəliklər üzrə həkimi Sanjaya Senanayake “Emerging Infectious Diseases” jurnalının son sayında bu  qeyri-adi tibbi hadisə haqqında məqalə dərc etdiriblər.

Qadın üç ay ərzində unutqanlıq və ağırlaşan depressiyadan sonra xəstəxanaya yerləşdirilmişdi. Yoxlanışlar və cihazlar onun beynində dəyişiklikləri göstərmişdi. Bir il əvvəl o, qarın ağrısı, ishal, quru öskürək və gecə tərləməsi kimi simptomlarla Yeni Cənubi Uels əyalətinin cənub-şərqindəki yerli xəstəxanaya müraciət edibmiş.

Senanayake beyin biopsiyasının xərçəng və ya absesi aşkar edəcəyini təxmin etdiklərini bildirib.

"Xəstəni müalicə edirdik. Əvvəllər parazit tapa bilmədiyimiz üçün immunoloji bir vəziyyət olduğunu düşünürdük və sonra birdən-birə əsas səbəb özünü “bəyan etməyə” başladı. Həm qadın həm də həkimlər görüntülərdən təəccüb içərisində idilər. Qurd çıxarıldıqdan altı ay sonra xəstənin neyropsixiatrik simptomları yüngülləşməyə başlayıb”, -deyə həkimlər müsahibələrində bildiriblər.

Bu qurdların yumurtaları adətən kiçik məməlilər tərəfindən yeyilən otları çirkləndirən ilan qabıqlarında olur. Digər ilanlar məməliləri yediyi üçün həyat dövrü davam edir.

Qadın pitonların yaşayış yerinin yaxınlığında yaşadığını bildirib. İlanlarla birbaşa təması olmasa da, elm adamları onun yumurtaları bitki örtüyündən və ya çirklənmiş əllərindən yediyini fərz edirlər.

Nubar Süleymanova, “İki sahil”