Dünyanın ən rəngarəng çayı olan “Kanyo Kristales” və ya yerli sakinlərin dili ilə "Rənglər çayı" öz başlanğıcını Kolumbiyanın Makarena dağ massivindən götürür. Rəngarəngliyi ilə seçilən çayın çalarları əsasən 5 rəndgə olur. Bunlar - bənövşəyi-qırmızı, mavi, yaşıl, sarı və qaradır.Maraqlısı budur ki, çayın rəngarəng çalarlarını yalnız yazın əvvəlindən payızın sonuna qədər davam edən quraqlıq mövsümündə görmək mümkündür. Bunun əsas səbəbi isə çayda yaşayan endemik yosun "Macarenia clavigeranın" fəaliyyəti ilə bağlıdır. Çay adətən "Beş Rəngli Çay", "Maye Göy Qurşağı" və "Dünyanın ən gözəl çayı" adlanır. İspan dilindən tərcümədə isə "Büllur çay" deməkdir. Kolumbiyalılar isə " Kanyo Kristales" çayını "Beş rəngli çay" olaraq da adlandırırlar.
"Kanyo Kristales" çayı olduqca qısadır. Uzunluğu 100 km -dən çox deyil, eni isə 20 m-dir. Qayalı bir kanal boyunca axan bu çay bəzən hətta yüngül bir yağış nəticəsində güclü bir dağ axınına çevrilə bilər. Landşaftının gözəlliyi və təbiətin zənginliyinə görə mənzərəli olan bu çay UNESCO -nun Dünya İrsi Siyahısına daxil edilmişdir.
Son illər ərzində aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, çayın suyu distillə olunmuş su qədər təmizdir. Yüksək şəffaflığına görə çayın dibi bir metr dərinlikdən belə görünür. Bu qeyri-adi çayın suyunda üzvi və mineral çirklər, duzlar, dibində isə lil yoxdur. Burada,həmçinin iri balıqlara rast gəlinmir.
Rəngarəng çayın axdığı həmin ərazi "Makarena" dağ silsiləsinin ətəyində yerləşir. "Makarena" isə dünyanın ən qədim dağlarından biri hesab olunur. Təxminən 1 milyon 200 min il əvvəl yaranmışdır. "Kanyo Kristales" çayının axdığı ərazidə məşhur "Serrania de la Macarena" qoruğu da yerləşir . Həmin qoruq öz qeyri-adi flora və faunası ilə zəngindir.
Burada 8 növ primat, 43 növ sürünən, 10 növ amfibiya və 420 növ quş yaşayır.
Samirə Tağıyeva, “İki sahil”