08 sentyabr 2023 00:12
793

“Heydər Əliyev ili”nin işığında

Milli-mənəvi dəyərlərimiz: Qürur və iftixar mənbəyimiz

Hər bir millətin tarix boyunca inkişaf etmiş milli dəyərləri var və hər bir xalqı millət kimi formalaşdıran da bu dəyərləridir. Bəzən fərdlərə görə dəyişən milli dəyər anlayışı çox zaman ümumi rahatlıq və vətən naminə birlik nümayiş etdirməkdir. Çünki bir milləti var edən və daim ayaqda saxlayan milli-mənəvi dəyərləridir.

Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.

Azərbaycanda milli-mənəvi dəyərlərin yaşadılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət – ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, Ulu Öndər gənclərimizi, xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Ulu Öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsinin əhəmiyyətini xüsusi vurğulayırdı: “… Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə öz zəngin milli-mənəvi irsini və adət ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən – nəsilə ötürmüşdür. Xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdirir. Müqəddəs daxili inama, mənəvi saflığa tapınan Azərbaycan xalqı tarixin ən keşməkəşli mərhələlərində belə mənəviyyatın təntənəsinə xidmət edən İslam dininin zəngin dəyərlərindən dönməyərək onlara həmişə sadiq qalmışdır. İslam dininin mahiyyətini dərk edən xalqımız onun insan ruhunu paklığa səsləyən müqəddəs çağırışlarına, mərasim və ayinlərinə tarixin bütün məqamlarında əməl etməyə çalışmışdır. Ulu Öndər bu barədə demişdir: “Bizim xalqımız yüz illərlə, min illərlə adət ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıb və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir.”

Ümummilli Lider müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu 1993-2003-cü illərdə xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi dahi şəxsiyyətin xalqa mənən bağlılığını və İslami dəyərlərə sədaqətini göstərən parlaq dəlillərdır. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda dini bayramların, o cümlədən Qurban bayramının qeyd olunmasını rəsmiləşdirən Ulu Öndər demişdir: “Müsəlmanların böyük bir təntənə ilə, həmrəylik və qardaşlıq rəmzi ilə qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. Islamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızn öz milli və dini ənənələrinə sadəqətinin parlaq ifadəsidir”. Heydər Əliyev mürəkkəb struktura malik olan milli-mənəvi dəyərlər sistemində onun üç tərkib hissəsini xüsusi ilə qeyd edirdi: dil, din və adət-ənənə.

Heydər Əliyev 1969-1982-ci illərdə respublikaya rəhbərlik edərkən sovet rejiminin olduqca sərt xarakterinə baxmayaraq, milli ənənələrimizin qorunub saxlanması üçün böyük fədakarlıq göstərirdi. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət yetimişdir.

“Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət – ənənələrini yaşatmalıyıq”deyən Heydər Əliyev azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi-dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın, dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.

Ulu Öndərimiz Heydər Əliyev türkdilli xalqlara öz milli tarixlərini, doğma dillərini, ədəbiyyatlarını, mədəniyyət və incəsənətini, adət-ənənələrini sevməyi, qorumağı və onları zənginləşdirməyi tövsiyə edirdi.  Bu baxımdan ümummilli lider türkdilli ölkələrin mədəni əlaqələrini həyata keçirən TÜRSOY Təşkilatının fəaliyyətinin genişlənməsinə və Azərbaycanın bu təşkilatın işində fəallıq göstərməsinə həmişə xüsusi diqqət yetirmişdir.

Bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Ümummilli Liderin bu siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Tam əminliklə söyləmək olar ki, Prezident İlham Əliyev Azərbaycanın milli mənəvi dəyərlərinin qoruyucusudur. Azərbaycan kimi spesifik coğrafi ərazidə, mədəniyyətlərin kəsişməsində yerləşən bir ölkə üçün qloballaşma şəraitində milli kimliyin, mənəvi dəyərlərin qorunub saxlanılması bir vəzifə kimi dövlət və cəmiyyət qarşısında durur.

Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, təbliği, dünyaya təqdimatı yönündə sistemli tədbirlər həyata keçirilir. Milli bayramların, tarixi günlərin yüksək səviyyədə qeyd olunması, mədəni irsimizin beynəlxalq təşkilatlarda tanıdılması bu qəbildəndir.

Haqqında geniş söhbət açdığımız bu mənəvi dəyərlər dövrün, mövcud şəraitin və ictimai quruluşun ruhuna, tələblərinə uyğun cilalanır, yeni forma və məzmun kəsb edir. Eyni zamanda, şəraitə uyğun mənəvi dəyərlər adət və ənənələr yaranır. Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tutulur. Belə bir faktı isə xüsusi vurğulamaq lazımdır ki, milli-mənəvi irsimizin qorunması və inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna rolu vardır. Müasir dövrdə ən aktual problemlərdən biri qloballaşma prosesi ilə milli adət-ənənələr arasında optimal nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də düşünülmüş şəkildə, ya da qərəzsiz - sirayət etməyə cəhd göstərir. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu ,məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənələri saxlamaq, hansı yöndə isə yenilikləri qəbul edib tətbiqinə nail olmaq düşünülmüş konsepsiya tələb edir...

Nigar Orucova “İki sahil”