Birliyə daxil olan müraciətlərin sayı xeyli azalıb
Avqustun 8-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.
Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, 2023-cü ilin yanvar-avqust aylarında «Azəriqaz»a müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 7 787 müraciət daxil olub.
Şöbə rəisinin sözlərinə görə, bunlardan 3 527-si «Opentext» elektron sənəd dövriyyəsi proqramı vasitəsilə daxil olub: «Bu müraciətlər elektron formada sistemə yüklənir və həmin müraciətlərin cavablandırılması, o cümlədən rəhbər və məsul şəxslərdən imzaların toplanması operativ həll olunur. «Opentext» proqramı vasitəsilə daxil olan müraciətlərin sayı ötən ilin 8 ayı ilə müqayisədə 455 müraciət azdır.»
İ. Kərbalayev həmçinin qeyd edib ki, daha 4 260 müraciət isə elektron formada daxil olub. Müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin, kənd və qəsəbələrin qazlaşdırılması, sayğacların quraşdırılması, həmçinin qaz xəttinin və ya qaz sayğacının yerinin dəyişdirilməsi və sair məsələlərlə bağlı olub: «Daxil olan bütün məsələlər şöbə tərəfindən araşdırılır və cavablandırılması intensiv qaydada həyata keçirilir.»
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev jurnalistlərə «Azəriqaz» İB-də gedən innovativ proseslər barədə məlumat verib: «Artıq bir müddətdir ki, «Presight G42» şirkətinin və «Azəriqaz»ın birgə layihəsi olan smart qaz şəbəkəsinin və intellektual infrastrukturun, «smart-ötürücü» qurğuların tətbiqi məqsədilə Sumqayıt şəhərinin Yaşma bağları ərazisində pilot layihə həyata keçirilir. Pilot layihə əsasında sözügedən ərazidə qaz istehlakçılarının mövcud sayğacları yenisi ilə əvəz olunur və sayğacların üzərinə «smart-ötürücü»lər quraşdırılır. Layihənin tətbiqi birbaşa abonent məmnunluğunun təmin olunmasına xidmət edir.»
Onun sözlərinə görə, bu yeniliyin tətbiqindən sonra gələn ilin əvvəlində (mexaniki tipli) qaz sayğaclarında da limitin yenilənməsi prosesi avtomatik həyata keçəcək, eyni zamanda, bu tətbiqin nəticəsi olaraq abonentlərlə Birlik əməkdaşları arasında təmas minimuma endiriləcək, sərf olunmuş təbii qazın dəyəri artıq məsafədən hesablanacaq.
Elçin Zaman, «İki sahil»