12 sentyabr 2023 02:15
504

Payızda əhvalınız dəyişirsə nə etməli?

Payız yenilənmə vaxtıdır: dərs ili başlayır, işçilər məzuniyyətdən, uşaqlar tətildən qayıdırlar. Ancaq bir qayda olaraq payızda çox insanlara stress gəlir və əhval-ruhiyyə pisləşir. Bir çoxları aktiv həyat tərzinin əvəzinə özünü isti yorğana sarımaq, evdə qalmaq və isti çay içmək istəyirlər. Bəs yaydan payıza keçərkən emosional tükənmişlikdən necə qurtulmaq olar? Bu sualın cavabını “Rossiya” telekanalında “Ən vacibi haqqında” verilişin ekspertləri açıqlayıblar.

Statistikaya görə, yuxarıda təsvir edilən simptomlar Yer kürəsinin hər beşinci sakinində baş verir. Bu maraqlı məsələni psixiatr, psixoterapevt İlya Gernet özünəməxsus şəkildə şərh edib. Onun sözlərinə görə, payızda çoxları belə “həzin” təzahürləri yaşayırlar. Qıcıqlanma, qəfil əhval dəyişikliyi, diqqətin konsentrasiyasının azalması patoloji deyil və bir qayda olaraq bu vəziyyət 5-7 gündən çox davam etmir. Ancaq ondan çıxış gecikirsə, aşağıdakı tövsiyələrə diqqət yetirməlisiniz.

Payız depressiyasından qurtulmağa nə kömək edir?

Gündəlik pəhrizdə dəyişikliklər

Bəzi qidaların əhval-ruhiyyəni yüksəltmək potensialı vardır. Məsələn, avokadonun çoxlu doymamış yağ turşuları var. Badam, toxum və dəniz yosunu maqnezium və yod ehtiva edir. Kakao və şokolad planetdəki insanların çoxu üçün sevimli antidepresantdır. Həmçinin yağsız balıq, banan kimi tərkibində fosfor olan tərəvəz və meyvələr yemək tövsiyə olunur.

İşıq və rəng müalicəsi

Bu, depressiv vəziyyətlərin müalicəsində təsirli üsullardan biridir. Həkimlər qaranlığa qərq olmamağı məsləhət görürlər: payızda yarımçıq və zəif işıq olmamalıdır. Evdə işıqlandırma həmişə parlaq olmalıdır. Bundan əlavə, gündüz saatlarında xoş bir gəzinti edərək özünüzü yaxşı əhval-ruhiyyə ilə təmin edə bilərsiniz. Həmçinin özünüzü parlaq rənglərlə əhatə etməyə çalışın və tünd rəngli paltarlar geyinməkdən çəkinin.

Aromaterapiya

Ətirlərin və müxtəlif efir yağlarının xoş təsiri şübhəsiz ki, vəziyyətinizi və əhvalınızı yaxşılaşdıracaq. Təbii ki, ətirlərə qarşı allergik reaksiyanız yoxdursa.

İdman

Günə fiziki fəaliyyətlə başlamaq payız depressiyasına qarşı mübarizədə uğurun açarıdır. Ciddi idmana müraciət etmək lazım deyil, lakin səhər yüngül idman sizə bütün gün enerji verəcək.

Gəzinti və əyləncələr

Payız üçün çoxlu müxtəlif maraqlı hadisələri əvvəlcədən planlaşdırmaq çox faydalıdır. Teatrlar, muzeylər, rəqslər, kino - zövqünüzə uyğun nə olursa olsun. Bu, sizi nəinki gündəlik işlərdən yayındıracaq, həm də payız stresinin öhdəsindən gəlməyə kömək edəcək.

Nubar Süleymanova, “İki sahil”