Hazırda bir çox insanlar görünüşlərinə görə gənclərə bir çox irad bildirirlər. Lakin onlar unudurlar ki, qədim zamanlarda belə dəbdə bir çox qeyri-adi meyarlar mövcud olub. Bəs görəsən keçmişdə gözəl və cazibədar görünmək üçün insanlar hansı metodlardan istifadə ediblər?
Korset üsulu
Avropalı qadınlar XV-XVI yüz illiklərdə bellərini incəltmək üçün korsetdən istifadə ediblər. Bellərini qum saatına bənzədən qadınlarda halsızlıq, qusma, qəbzlik kimi hallar tez-tez baş verirdi. Çünki korset daxili orqanların yerini dəyişirdi.
Qara dişlər
Şərqdə isə 20-ci əsrin ortalarına qədər qara dişlər qadın gözəlliyinin parlaq əlaməti sayılırdı. “Ohaquro” adlanan və Meiji dövrünə (1868-1912) qədər mövcud olan bu tendensiya daha çox yapon qadınları arasında məşhurlaşmışdı. Bu qeyri-adi adi proses əsasən ərə gedən qızlar tərəfindən həyata keçirilirdi. Yaponiyada dişlərini qaraldan qız beləliklə ərinə qarşı olan güclü və dəyişməz hisslərini nümayiş etdirirdi. Dişlər dəmir qırıntılarından, sirkədən və çay tozundan hazırlanmış xüsusi pasta ilə boyanırdı.
Kiçik ayaq dəbi
Çinlilərə görə, qadın ayağı nə qədər kiçik olsa daha gözəl hesab olunurdu. Bu səbədən yeni doğulan qızlara ağacdan hazırlanmış qəlib ayaqqabılar geyindirərdilər. Bir neçə ildən sonra ayaqqabılar çıxarılır və qızların ayaqları inkişafdan dayanmış, deformasiyaya uğramış olurdu. Çox ağrılı bir prosedur olmasına və ayağın fiziki qüsurlu qalmasına baxmayaraq, kiçik ayaq gözəllik meyarı olaraq görülürdü. Çində normal ayaq ölçüsünə malik qadınla ailə həyatı qurmazdılar. Ənənəyə uyğun şəkildə, deformasiya olmuş ayaq ölçüsü olan qadınlar üçün “lotus” adlanan ayaqqabılar hazırlanırdı. XVII-XVIII ərsrlər Fransasında da “lotus” ayaqqabılar dəbdə olur. Bu adət Çində XX əsrin ortalarınadək, Sinxay inqilabına qədər davam etmişdir.
Qırxılmış alın
İntibah dövründə (1558-1603) modapərəstlər daha çox açıq alına üstünlük verirdilər. Onlar, həmçinin alın və boynu vurğulamaq üçün tez-tez qaş və kirpiklərini qırxırdılar. Leonardo da Vinçinin “ Mona Liza” əsəri buna bariz nümunədir.
Rəngli qaşlar
Qədim Yunanıstanda rəngli qaşlar gözəllik simvolu hesab olunurdu. O, dönəmlərdə yaşayan imperatorlardan biri öz xanımına qaşlarını mavi rəngə boyamasını əmr edib. Digər qadınlar da bu üsulla qaşlarını boyayıblar. Üstəlik mavi qaş Yunanıstanda zadəganlıq rəmzi hesab olunurdu.
Böyük pariklər
XVI-XVII əsrlərdə Avropada taxma pariklər Fransa kralı XIV Lüdovikin zamanında dəbə düşdü. Bir çoxları tərəfindən sevilən pariklər XVIII əsrə qədər öz aktuallığını qoruyub saxlayır.
Qeyd edək ki, o zamanlar uzun saçlar Avropada güc simvollarından biri hesab olunurdu. Pariklərdən istifadə edən həm kişilər, həm qadınlar beləliklə cəmiyyətdə tutduğu statuslarını vurğulayırdılar.
Qeyri-təbii solğunluq
19-cu əsrdə bir çox qadınlar dərilərinin solğun görünməsi üçün bilərəkdən tərkibində arsen olan vafli yeyir, həm də onu təmiz formada az miqdarda istehlak edirdilər. Bu manipulyasiya üzü daha solğun etməyə, çilləri və sızanaqları aradan qaldırmağa imkan verirdi. Həmçinin, dərini çox solğun göstərmək üçün bəzi qadınlar quru at gübrəsindən istifadə edirdilər.
Parlaq dəri dəbi
Radiumu kəşf edən Mari və Pyer Küri bu təhlükəli elementin kosmetikada istifadə ediləcəyini bilmirdilər. Lakin 1930-cu illərdə dərini daha “parlaq” edən radium sözün əsl mənasında "hər şeyin dərmanı" elan edildi. Onu pudralara, dodaq boyalarına və kremlərə aktiv şəkildə əlavə etməyə başladılar. Belə ölümcül kosmetik vasitələrin ən məşhur istehsalçısı isə Amerikanın “Tho-Radia” şirkəti oldu. Şirkət milyonlarla dolları qazanarkən, milyonlarla qadın isə dərisini daha parlaq etmək üçün inanılmaz dozada radiasiya qəbul edərək sağlamlıqlarına zərər verirdilər.
Bitişik qaşlar
Orta Asiyada isə bitişik qaşlı qadınların gözəllik etalonu sayılırmış.
Burada ortadan birləşən qaşlar gözəllik simvolu hesab edilirdi. Bu ölkələrdə kiçik yaşlardan qızların qaşlarının arasına tük gəlməsi üçün müxtəlif bitki yağları sürtülürdü. Çox maraqlıdır ki, bu gözəllik standartı hazırda Tacikistanın bəzi kənd yerlərində qalmaqdadır.
Uzun dırnaqlar
Çində çox uzun dırnaqlara sahib olmaq bir neçə yüz il dəb halını almışdı. Səbəbi isə olduqca maraqlı imiş. Uzun dırnaqlara sahib olan qadınların evlərində heç bir iş görmədikləri, onların bir neçə qulluqçularının olmasından xəbər verirdi.
Parlaq və dərin baxışlar
Hazırda qadınlar gözlərinin gözəlliyini vurğulamaq üçün müxtəlif kosmetik vasitələrdən və kontakt linzalardan fəal şəkildə istifadə edirlər. Lakin əvvəllər bu mümkün deyildi. Məhz buna görə də qadınlar gözəl görünmək üçün zəhərli bitki olan belladonnanın şirəsindən istifadə edirdilər. Bir çox qadının həyatına son qoyan bu bitki göz bəbəyini genişləndirərək , baxışları parlaq və dərin edirdi.
Saxta xallar
18-ci əsrdə bir çox ölkələrdə qadınlar aktiv şəkildə parlaq makiyajdan istifadə etməyə başladılar. Solğun dəri ilə yanaşı, saxta xallar da dəbə düşdü. Kiçik dəri qüsurlarını gizlətmək üçün qadınlar ulduz, kvadrat və digər formalar şəklində hazırlanan parça qırıqlarını istifadə edirdilər. Onların düşüncələrinə görə, xalları xatırladan bu parça qırıqları onların gözəlliklərinə bir şarm qatır.
Gözəllik üçün rentgen aparatı
Heç bilirdinizmi ki, əvvəllər rentgen aparatı arzuolunmaz tüklərdən azad olmaq və dərinin vəziyyətini yaxşılaşdırmaq üçün fəal şəkildə istifadə olunurdu? Təəssüf ki, o zamanlar heç kim radiasiyaya təkrar məruz qalmanın hansı dəhşətli nəticələrə səbəb ola biləcəyini bilmirdi.
Geniş ətəklər dəbi
19-cu əsrin birinci yarısında geniş ətəklər dəbə düşdü. Bu ətəklər əsasən kətan və balina sümüyündən hazırlanmış halqalardan ibarət idi. Yəqin ki, bu paltarların nə qədər narahat olduğu barədə danışmağa dəyməz . Bu ətəklərdə normal gəzmək və oturmaq mümkün deyildi.
Kəllə sümüyünün qəsdən deformasiyası
Kəllə sümüyünün qəsdən deformasiyası bir qayda olaraq Mayyalar, Hunlar, Hindlər və Afrikanın müxtəlif xalqları arasında yayılmışdır. Bu qəribə metod çoxdan mövcuddur və onun hansı məqsədlə edildiyini dəqiq söyləmək mümkün deyil. Bəzi tədqiqatçılar bu metodu bir çox xalqların mədəni dəyərlərinin dəyişməz bir parçası olaraq təqdim edirlər. Digərləri isə bunun gözəllik naminə olunmasını vurğulayırlar.
Samirə Tağıyeva, “İki sahil”