Hər bir azərbaycanlı yaxşı bilir ki, mənalı ömür yolu, müdrik və praqmatik siyasi fəaliyyəti, Vətən və xalq qarşısında misilsiz xidmətləri məhz müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir. Ulu Öndər bütün ömrünü Azərbaycanın maraqları naminə həsr etmiş böyük şəxsiyyətdir. Azərbaycanda bütün sferalarda dahi Heydər Əliyev siyasətinin izi vardır. Həmin sahələrdən biri iqtisadiyyatdır ki, Ümummilli Liderin təşəbbüsü ilə bu sahədə böyük nailiyyətlər əldə edilib. Əlbəttə ki, iqtisadi gücü olmayan dövlət hər an məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Tarixi keçmişimizə ekskursiya etsək görərik ki, 1969-1982-ci illərdə Azərbaycana ilk dəfə rəhbərlik etməyə başlayan dahi Heydər Əliyevin böyük siyasi fəaliyyəti ilə respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektlər istifadəyə verildi, 630 min yeni iş yeri açıldı. Sənaye istehsalı 2,7 dəfə, tələbat mallarının istehsalı 3 dəfə, kənd təsərrüfatı istehsalı 2,7 dəfə, taxıl, pambıq, üzüm, ipək, tərəvəz, tütün, bostançılıq məhsulları istehsalı sahəsində məhsuldarlıq 1,8 – 2,6 dəfə artdı, heyvandarlıqda artım isə 2,7 dəfə oldu.Taxıl istehsalı 573,9 min tondan 1 milyon 211,3 min tona, üzüm istehsalı 272 min tondan 1 milyon 725,4 min tona,pambıq istehsalı 299,4 min tondan 831,2 min tona, meyvə-tərəvəz istehsalı 410 min tondan 850 min tona yüksəldi. Bütün bunlar, aparılan genişmiqyaslı işlər, həyata keçirilən uğurlu iqtisadi layihələr geriləməkdə olan Azərbaycan iqtisadiyyatını sözün əsl mənasında dirçəltdi.
Ümummilli Lider Heydər Əliyev həmin dövrlərdə bütün digər bölgələrimiz kimi, Yevlaxa da daim xüsusi diqqət və qayğı göstərmişdir. Dahi şəxsiyyətin hər dəfə rayonumuza səfər etməsi rayonun sosial-iqtisadi, aqrar inkişafına təkan vermiş və nəticədə XX yüzilliyin ikinci yarısında Yevlax özünün sözün həqiqi mənasında tərəqqi dövrünü yaşayırdı. Xüsusilə vurğulamaq lazımdır ki, SSRİ məkanında Yunun İlkin Emalı Fabrikinin Yevlaxda tikilməsi nəticəsində rayonda 2000-dən artıq yeni iş yerləri yaranmış, şəhərdə çox sayda sənaye, tikinti müəssisələri fəaliyyətə başlamışdır. Məhz dahi Heydər Əliyevin təşəbbüsü ilə Yevlax respublikada 4-cü iri sənaye şəhərinə çevrilmişdi. Bununla yanaşı, 1980-ci illərdə Ümummilli Liderimizin xüsusi diqqəti nəticəsində Yevlax ən böyük pambıqçılıq rayonuna çevrilmiş, 30 min tondan çox pambıq toplanmışdır. İnkişaf yolunda addımlayan rayonumuzda çox sayda yaşayış binaları, təhsil, səhiyyə, mədəniyyət müəssisələri tikilib vətəndaşlarımızın istifadəsinə verilmişdir. Dahi Heydər Əliyevin Xaldan kənd kompleks orta məktəbində olması sonradan həmin məktəbin SSRİ məkanında tanınan təhsil ocağına çevrilməsinə əsaslı zəmin yaratmışdır.
Xüsusilə qeyd etmək lazımdır ki, bu dövrdə qeyri neft sektoru ilə yanaşı, neft sektoru sahəsində böyük irəliləyişlər baş vermişdir. Ümumilikdə ölkəmizdə neft hasilatı 2,8 dəfə, maşınqayırma və metal emalı 3,3 dəfə, kimya və neft kimyası 2,8 dəfə artdı. Sənayedə əmək məhsuldarlığı 1,7 dəfə yüksəldi, 4400 yeni maşın, cihaz, avadanlıq və digər məmulatlar istehsal olundu ki, bunlardan da 400-ü keçmiş SSRİ-də ilk dəfə istehsal edilirdi. Əgər 1969-cu ilədək olan 100 il ərzində Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə - cəmi 13 il ərzində onların sayı 1048-ə çatdırıldı.1971-ci il martın 28-də Azərbaycanın neft hasilatı tarixində 1 milyard ton “qara qızıl” çıxarıldı. Bütün bu uğurlar Ümummilli Liderimiz Heydər Əliyevin bənzərsiz siyasətinin göstəricisidir. 1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında Azərbaycan oğlunun yüksək mövqe tutması çox möhtəşəm tarixi hadisə idi. Bu illər ərzində də Azərbaycanda bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə yüksək inkişaf var idi. Azərbaycan iqtisadi göstəricilərinə görə digər respublikalardan geridə olsa da, dahi şəxsiyyətimizin apardığı müdrik siyasət nəticəsində ölkəmiz 15 respublikanın olduğu 14-cü sıradan 2-ci sıraya uğurla qalxdı. Daha sonra tarixi faktlar göstərir ki, bəli, Ulu Öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postunu tutması Qorbaçov-erməni qruplaşmasına əsla sərf etmirdi və onların hədəfi Azərbaycanın böyük oğlunu bu vəzifədən uzaqlaşdırmaq idi. Sov.İKP MK-nın Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yürütdüyü siyasi xəttə etiraz olaraq Heydər Əliyev 1987-ci il oktyabrın 21-də tutduğu vəzifədən istefa verdi. 1990-cı illərin əvvəllərində Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və yeni əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Bütün baş verən neqativ proseslər torpaqlarımızın 20 faizinin itirilməsi ilə nəticələndi. Belə bir gərgin vəziyyətdə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdan Ulu Öndər Heydər Əliyev xalqımızın Qurtuluşuna imza atdı, ölkəni məhv olmaqdan xilas etdi. Belə ki,1993-cü il iyunun 15-də dahi Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 15 iyun günü Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazıldı.
1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə Ulu Öndər Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başladı. Bütün bunlar öz xalqının Ümummilli Liderinə olan sevgisinin və sonsuz inamının göstəricisi idi. Xalq öz xilaskarını hər zaman dəstəkləyirdi. Elə bunun nəticəsidir ki, 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev qısa müddətdə xaos və anarxiyaya son qoyulmasına, ictimai-siyasi sabitliyin bərqərar edilməsi istiqamətində gərgin fəaliyyətə başladı. Ölkəmizə Prezident kimi rəhbərlik etdiyi 10 il ərzində Azərbaycan digər sahələrdə olduğu kimi, iqtisadi sahələrdə də növbəti uğurlu inkişaf yoluna qədəm qoydu. 1994-cü il sentyabrın 20-də “Gülüstan” sarayında dünyanın 7 ölkəsinin məşhur neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Bu saziş ölkəmizin dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi kimi tanınmağa başladı. Müqavilə digər sahələrdə çalışan şirkətlərin də ölkəmizə marağını artırdı. Eyni zamanda qeyd etmək lazımdır ki, bu müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatının inkişafına verilmiş ən böyük töhfə idi. 1997-ci ilin sentyabrında “Əsrin müqaviləsi” çərçivəsində qazma işlərinin başlandığı “Çıraq” yatağında noyabrın 7-də ilk neft hasil olundu. Noyabrın 12-də bu münasibətlə platformada Ulu Öndər Heydər Əliyevin, layihənin əməliyyatçısı olan BP şirkətinin və tərəfdaşlarının nümayəndələrinin, xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə təntənəli mərasim keçirildi. Bu tarixi hadisə Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı oldu. 2005-ci ilin fevralında “Mərkəzi Azəri” yatağından, 2006-cı ilin yanvarında “Qərbi Azəri” yatağından, 2006-cı ilin oktyabrında isə “Şərqi Azəri” yatağından neftin hasilatına başlanıldı. Digər bir statistik göstəriciyə baxsaq;- 1993-cü ildə 60 xarici ölkə ilə ticarət əlaqələri qurulmuşdusa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənərək 128 xarici dövlətlə idxal-ixrac əməliyyatları aparıldı. 2002-ci ildə xarici ölkələrlə ticarət dövriyyəsi 3 milyard 832,9 milyon ABŞ dollarına çatdı və 1993-cü illə müqayisədə 2,8 dəfə artdı.Bütün bu uğurların əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanırdı.
Hər bir vətəndaşımız fəxr edir ki, hazırda dahi Heydər Əliyev siyasəti ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Bəli, qüdrətli dövlətin var olması üçün həmin dövlətin güclü iqtisadiyyatı olmalıdır. Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır.Məhz güclü iqtisadiyyatı olan dövlət kimi Azərbaycan heç bir ölkədən və ya heç bir beynəlxalq təşkilatdan maliyyə dəstəyi almadan,öz gücü hesabına Müzəffər Ali Baş Komandan, dövlətimizin başçısı cənab İlham Əliyevin ali rəhbərliyi ilə cəmi 44 gün davam edən Vətən müharibəsində-haqq savaşımızda işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bu parlaq Qələbə möhtərəm Prezidentimizin bənzərsiz siyasəti və Azərbaycan Ordusunun rəşadəti hesabına əldə olundu. Bu tarixi hadisə bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanın xilaskar oğlu dahi Heydər Əliyevin müdrik ideyaları keçmişdə olduğu kimi, bu gün də yaşayır, gələcəkdə də yaşayacaqdır.
Rafiq Əliyev,
YAP Yevlax rayon təşkilatının sədri