15 sentyabr 2023 16:55
639

İlin sonunadək daha 50 kəndin qazlaşdırılması başa çatdırılacaq - VİDEO

Sentyabrın 15-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayevin  moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

İbrahim Kərbalayev bildirib ki, bu il üçün nəzərdə tutulan qazlaşdırma işləri çərçivəsində 100 yaşayış məntəqələrində və yeni yaşayış massivində daşıyıcı və paylayıcı qaz təsərrüfatı infrastrukturunun qurulması işləri tamamlanıb. Onun sözlərinə görə, bu il üçün ümumilikdə 150 kənd və yeni yaşayış massivində qaz infrastrukturunun qurulması nəzərdə tutulub.

Şöbə müdiri onu da qeyd edib ki, proqramda nəzərdə tutulan yaşayış məntəqəsinin 100-də işlər tamamlanıb, qalan 50-də isə ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

İbrahim Kərbalayev onu da əlavə etdi ki, ötən il “Azəriqaz” tərəfindən 110 yaşayış məntəqəsində daşıyıcı və paylayıcı qaz infrastrukturunun qurulması işləri həyata keçirilib.

«Azəriqaz» İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Əhmədov bildirib ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyi üzrə 14 sentyabr 2023-cü il tarixində respublika ərazisində ümumi sutkalıq təbii qazın qəbulu 11 milyon 630 min kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq günü ilə müqayisədə 1 milyon 18 min kubmetr və ya 9,6 faiz çoxdur: “Sutka ərzində ümumi qaz qəbulunun  75 faizi Bakı şəhəri və Abşeron yarımadasının, 25 faizi isə regionların payına düşüb. Ümumiyyətlə, təbii qaz qəbulunun həcmi hava şəraitindən asılı olaraq dəyişir. Hava soyuyynda təzyiq artırılır. Mülayimləşəndə isə azaldılır».

Elçin Zaman, «İki sahil»