19 sentyabr 2023 02:37
392

Dünyanın texnoloji gündəliyi Azərbaycanda müzakirə olunacaq - 74-cü Beynəlxalq Astronavtika Konqresi

Dövlət başçısı İlham Əliyev bildirir ki, Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensialı var və gələcək də məhz bu istiqamətdə inkişaf edəcək

“Biz müasir texnologiyalara böyük önəm verərək, Azərbaycanda yüksək texnologiyaların inkişafına hesablanmış çox düzgün addımlar atmışıq. Burada həm kadr potensialı məsələləri, eyni zamanda, bizim investisiyalarımız, sərmayələrimiz - biz indi kosmik dövlətə çevrildik. Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensialı var və gələcək də məhz bu istiqamətdə inkişaf edəcək. Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq.” Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Şuşa şəhərindən müraciətində müasir müstəqil Azərbaycanın uğurlarında yeni texnologiyaların rolunu xüsusi qeyd etmişdir. Ulu Öndərin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev 2003-cü ildən «Neft kapitalını insan kapitalına çevirək!» çağırışını etdi və bu istiqamətdə atdığı davamlı addımlar özünün uğurlu nəticələrini verir.

Azərbaycanın bu il 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi də bu sahədə malik olduğu imkanların təqdimatıdır. Qeyd edək ki, Beynəlxalq Astronavtika Konqresi 1950-ci ildən hər il fasiləsiz təşkil edilir. Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında 2019-cu ildə keçirilən seçkilərdə kosmos ailəsinin üzvü olan Azərbaycanın 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi qərara alınmışdır. Konqres iştirakçılarına videomüraciətində Azərbaycana göstərilən bu etimad üçün minnətdarlığını bildirən Prezident İlham Əliyev kosmik sənayenin inkişafı istiqamətində böyük uğurlar qazanan ölkəmizin nailiyyətlərini də diqqətə çatdırmışdır.

Xatırladaq ki, sözügedən seçimdə Bakı ilə bərabər, daha üç böyük şəhər - Rio-de-Janeyro, Sinqapur və Dehli şəhərləri namizədliyini irəli sürmüşdü. Bu çətin yarışda Azərbaycan qalib gəldi. Bu etimad beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycana hörmətin ifadəsidir. Təcrübə göstərir ki, heç bir təbii sərvətə malik olmayan elə ölkələr vardır ki, yalnız İKT-nin inkişafı ilə dünya birliyində tanınır. Azərbaycan isə təbii zənginlikləri, eyni zamanda, kosmik ailənin üzvü olmaqla da böyük nüfuz qazanıb. Bir məqamı da diqqətə çatdıraq ki, Sovet İttifaqında ilk və yeganə Konqres də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə, İttifaqın tərkibində olan Azərbaycanda keçirilmişdir. Uzun illərdən sonra - 2023-cü ildə Azərbaycanın ikinci dəfə belə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi müstəqilliyimizin tarixi nailiyyətlərindəndir. Videomüraciətində də bu məqama toxunan Prezident İlham Əliyevin vurğuladığı kimi, paytaxtımızın ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyinin rəmzi mənası var: «Lakin həmin vaxt Azərbaycan müstəqil deyildi. Azərbaycan Sovet İttifaqının tərkibində idi, Sovet İttifaqının 15 respublikasından biri idi. 1973-cü ildə Azərbaycanın konqresə ev sahibi seçilməsi xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi. Üç ildən sonra biz sizi Bakıda görəcəyik. Əlli ildən sonra Konqresin bizim şəhərimizə - lakin indi müstəqil Azərbaycanın paytaxtına qayıtması çox rəmzi məna kəsb edəcək… Bu gün Azərbaycan kosmik klubun üzvüdür və 3 peyki ilə öz fəaliyyətini davam etdirir.»

«Mən əminəm ki, 2023-cü ildə paytaxtımızda keçiriləcək Konqres ölkəmizdə kosmik sənayenin inkişafına əlavə stimul verəcək» söyləyən
 Prezident İlham Əliyevin bildirdiyi kimi, müstəqillik dövründə möhtəşəm inkişafa nail olan, beynəlxalq arenada böyük nüfuz qazanan, təbii sərvətlərini insan kapitalına çevirən Azərbaycanda kosmik sənayenin inkişafı naminə qarşıdakı illər üçün də fəaliyyət proqramları hazırlanıb. 

Ölkəmizdə elm, texnologiya, İKT, o cümlədən kosmik sənayenin inkişafı istiqamətində son illərdə çox mühüm işlər görülüb. Kosmik proqramların hazırlanması və reallaşdırılması müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi tarixə düşüb. Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyıb. 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi, ölkəmizin İKT sahəsində əldə etdiyi uğurların dünya ictimaiyyətinə təqdimatı olacaq. Azərbaycan hər zaman yeni texnologiyaların inkişafına və təbiqinə xüsusi önəm verir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə «İnformasiya-kommunikasiya texnologiyaları İli» elan edilməsi, həmin ildə ilk kosmik peykin buraxılması Azərbaycanın yeni texnologiyaların inkişafına göstərdiyi diqqətin və bunun nəticəsində qazandığı uğurların təqdimatıdır.

Beynəlxalq Astronavtika Konqresi xalqımızın yüksək intellektual sərvətini, texniki potensialını da bütün dünyaya nümayiş etdirilməsi baxımından zəruridir. Dövlət başçımızın rəhbərliyi ilə ölkəmizdə elm, texnologiya, İKT, o cümlədən kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində son illərdə çox mühüm işlər görülüb. Kosmik proqramların hazırlanması və reallaşdırılması müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi tarixi əhəmiyyət daşıyır. Ölkəmizin orbitdə 3 peyklə təmsil olunması Azərbaycanı dünya kosmik klubunun fəal üzvünə çevirib. Bununla da Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyıb. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqini əsas prioritet kimi qarşıya qoyan Prezident İlham Əliyevin imzaladığı «Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması», «Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında» sərəncamlar, «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi, Yerüstü Peyk- İdarəetmə Mərkəzinin yaradılması ölkədə kosmik sənayenin inkişafını sürətləndirdi. «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi ilə azsaylı kosmik ailənin üzvlərindən olan ölkəmizdə «fəza elmi»nə diqqət artırıldı. Azərbaycanı orbitdə təmsil edən, Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələrini əhatə edən «Azerspase-1», informasiya müstəqilliyini və təhlükəsizliyini təmin edən telekommunikasiya peyki, «Azersky» müşahidə peyki, «Azerspase-2» kosmik sənayemizi inkişaf etdirməklə yanaşı, kommersiya xarakterli, ölkəmizə sərmayə qazandıran önəmli layihədir. «XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır» söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, astronavtika sahəsində əldə edilmiş uğurlar böyük biznesin dəstəyi ilə baş verir. Qitələr, sivilizasiyalararası körpü olan Azərbaycan kosmik sənayenin inkişafında da önəmli addımlar atır. Beynəlxalq astronavtika aləminin inanılmış üzvü kimi ölkəmizə etimad göstərilir.

«Bu gün dünyanın inkişafı müasir texnologiyaların inkişafından asılıdır. O ölkələr ki, bu texnologiyaları icad edir, yaxud da ki, onları tətbiq edir, o ölkələr daim uğur qazanacaqlar» söyləyən Prezident İlham Əliyev Azərbaycanın iqtisadi qüdrətinin güclənməsində xidmətləri olan informasiya texnologiyalarının inkişafına xüsusi diqqətlə yanaşır. Qitələrarası əməkdaşlığı möhkəmləndirən, coğrafiyası genişlənən, qlobal enerji, nəqliyyat layihələrinin reallaşmasında təşəbbüskar kimi rolu artan Azərbaycanın informasiya-texnologiyaları sahəsində də liderliyini qoruması XXI əsrin çağırışlarına cavabdır.

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan və dünyada analoqu olmayan layihə kimi, maraq doğuran «ASAN xidmət», Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərində, vergi və gömrük orqanlarında, biznes sahəsində aparılan əməliyyatlar zamanı istifadə olunan texnologiyalar insanların həyat tərzini də asanlaşdırır. Hazırda ölkə iqtisadiyyatının 85 faizini təşkil edən qeyri-neft sektorunun inkişafında xidmətləri olan iş adamlarını, fermerləri maraqlandıran məlumatların sistemləşdirilməsi, internet vasitəsilə həyata keçirilməsi, «bir pəncərə» sisteminin tətbiqi İKT-nin inkişafına göstərilən diqqətin nəticəsidir.

Dövlət başçısı İlham Əliyevin 7 fevral 2022-ci il tarixli «74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında» Sərəncamında da bu mühüm məqam xüsusi qeyd edilir ki, Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılmışdır. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir.

Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq.

Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir. Ölkə Prezidenti, həmçinin diqqəti Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərinə yönəldərək bildirir ki, yeni texnologiyaların tətbiqi bundan sonra da öz hərbi gücümüzü daim yüksək səviyyədə saxlamağa imkan verəcək. 

Son 20 ilə yaxın dövrün reallıqlarına diqqət yetirsək hər bir hədəfə zamanında nail olduğumuzu böyük əminliklə qeyd edə bilərik. Cənab İlham Əliyev bütün çıxışlarında Bakının Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi haqqında qərarın dəstəklənməsini ölkəmizin siyasi nüfuzunun təzahürü, Azərbaycana olan inamın nəticəsi kimi qeyd edir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, dünyanın texnoloji gündəliyi Azərbaycanda müzakirə olunacaq.

Onu da qeyd edək ki, cənab İlham Əliyevin 8 avqust 2023-cü il tarixli Sərəncamı ilə Bakı şəhərində keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib. Sənədə əsasən, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycana gələn və bu Sərəncamda qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər. Bu sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir: 74-cü Beynəlxalq Astronavtika Konqresinin beynəlxalq təşkilatçısı olan Beynəlxalq Astronavtika Federasiyasının müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçməni təsdiq edən sənəd; bu Konqreslə əlaqədar Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin rəsmi dəvət məktubu. Sərəncamda o da vurğulanır ki, Xarici İşlər Nazirliyi Konqreslə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Astronavtika Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir. Nazirlik, eyni zamanda, Konqreslə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir. Dövlət Miqrasiya Xidmətinə isə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.

Azərbaycan tədbirin yüksək səviyyədə keçirilməsi üçün zəruri olan bütün addımları atır. Ümumilikdə ölkəmiz ev sahibliyi etdiyi bütün tədbirlərin təşkilində nümayiş etdirdiyi təcrübə ilə dünyanın diqqətində olur. Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunması da bütün məqamları özündə ehtiva edir.

Azərbaycan Respublikasının Kosmik Agentliyinin məlumatında bildirilir ki, oktyabrın 2-dən 6-dək davam edəcək Bakı Beynəlxalq Astronavtika Konqresində ölkəmizin 14 universitetindən 82 tələbə və 17 professorun çıxışı planlaşdırılır. Məlumatda o da qeyd olunur ki, “Azərkosmos”un əməkdaşları tərəfindən təqdimatçılarla Azərbaycan-Fransız Universitetində görüş keçirilib, onların uğurlu və effektiv çıxışlarını təmin etmək məqsədilə “Bədən dili və jestlər”, “Effektiv təqdimatetmə metodları”, “Emosional zəka” mövzularında interaktiv təlimlər təşkil olunub. Konqresdə çıxış etmək üçün ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub.

Yeganə Əliyeva, «İki sahil»