19 sentyabr 2023 01:36
326

Bugünkü Sərsəng su anbarı: Separatçıların ekoloji terror mənbəyi

Otuz ili əhatə edən işğal dövründə Ermənistan Azərbaycan ərazisində saysız-hesabsız hərbi cinayətlər törədib. Belə cinayətlərdən biri də Qarabağın zəngin su ehtiyatlarından qeyri-qanuni istifadə ilə bağlıdır.  Bir tərəfdən, Azərbaycan işğal dövründə özünün su mənbələrindən məhrum qalmışdı, digər tərəfdən isə işğalçı dövlət və separatçı rejim Tərtərçayın üzərində yerləşən Sərsəng su anbarından ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi.

Xatırlatmaq yerinə düşər ki, uzun illik işğal dövründə qəsbkar ölkə tərəfindən Sərsəng su anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 kilometrlik suvarma kanalları şəbəkəsi, 185 kilometrlik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hid­rotexniki tikinti obyekti, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon kubmetr olan 8 su anbarı yararsız hala salınıb.

Azərbaycan hələ işğalın ilk vaxtlarından başlayaraq erməni faşizminin törətdiyi ekoloji fəlakətlə bağlı dünya ictimaiyyətini məlumatlandırıb, beynəlxalq qurumları bu vəhşiliyə qarşı mübarizəyə səsləyib. Bunun nəticəsi olaraq 2016-cı il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Sərsəng su anbarı ilə bağlı qətnamə qəbul edib. Bu sənədlə AŞPA tərəfindən Ermənistan birmənalı şəkildə günahlandırılıb. adıçəkilən anbardan Azərbaycan tərəfinə suyun keçməsinin qarşısının Mütəmadi olaraq qəsdən alınması isə “ekoloji təcavüz” adlandırılıb. Yeri gəlmişkən, həmin qətnamədə Ermənistanın bu əməllərinin 1966-cı il Helsinki və 2004-cü il Berlin qaydalarına tam zidd olduğu bildirilib.

Yeri gəlmişkən vurğulayaq ki, bir müddət əvvəl Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı Azərbaycan Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən birgə bəyanat yayılıb. Bəyanatda 1976-cı ildə Tərtərçayın üzərində yaradılan və hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Sərsəng su anbarının 30 ildir ki, Ermənistan və onun himayə etdiyi qüvvələr tərəfindən məqsədyönlü şəkildə ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunduğu vurğulanıb. Eyni zamanda, qəza vəziyyətində olan su anbarının aşağı hissədə yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükə yaratdığı xatırladılıb. Bununla əlaqədar AŞPA tərəfindən qəbul olunan 2016-cı il 26 yanvar tarixli Qətnamədə Ermənistanın hərəkətləri Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlərin yaradılmasına yönələn ekoloji təcavüz kimi qiymətləndirilib. Sənəddə xüsusilə vurğulanır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində yerləşən Sərsəng su anbarının düzgün idarə olunmaması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər. Həmçinin AŞPA Ermənistan hakimiyyətini su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırmağa çağırıb.

Bəyanatı imzalayan dövlət qurumlarının qənaəti belədir ki, Ermənistan və onun himayə etdiyi qüvvələr ekoloji təcavüzlə yanaşı, böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının ərazilərinə suvarma tələb olunan mövsümlərdə su anbarından qərəzli şəkildə suyun verilməsinə mane olaraq Azərbaycanın iqtisadiyyatına külli miqdarda ziyan vurmuş və vurmaqda davam edir. Bu su anbarının öz təyinatı üzrə istifadə olunmaması nəticəsində yaranan su çatışmazlığı səbəbindən həmin rayonların ərazisində 100 min hektar əkin sahəsi aktiv kənd təsərrüfatı dövriyyəsinə cəlb edilə bilmir. Eyni zamanda, əhalinin içməli suya olan tələbatının ödənilməsi və qismən suvarılmanın aparılması məqsədilə yeraltı sulardan intensiv istifadə edilməsi təbii resursların tarazlığının pozulmasına səbəb olub.

Nəhayət, bəyanatın sonunda Azərbaycanın dövlət qurumları tərəfindən Ermənistan himayə edildiyi qüvvələr vasitəsilə sözügedən rayonların əhalisinin insan hüquqlarının pozulmasına, regionun ekosisteminin deqradasiyasına, fauna və floranın itirilməsinə səbəb olan hərəkətlərindən əl çəkməyə çağırılır.

Hazırda Azərbaycan vətəndaş cəmiyyətində də Sərsəng su anbarı ətrafında yaranmış acınacaqlı vəziyyətlə bağlı ciddi narahatlıq yaşanır. Bu günlərdə Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar olaraq ekolojiyönümlü qeyri-hökumət təşkilatları da bəyanatla çıxış ediblər. Aidiyyəti dövlət qurumlarına ünvanlanan bəyanatı 16 QHT nümayəndəsi imzalayıb. Sənəddə su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar vətəndaş cəmiyyəti təsisatlarının ciddi və əsaslı narahatlığı öz əksini tapıb.

Bəyanatda da bildirildiyi kimi, Sərsəng su anbarının Ermənistan və onun himayə etdiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən qəsdən Azərbaycan əhalisinə qarşı ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunması yolverilməzdir. 47 il əvvəl istismara verilmiş Sərsəng su anbarının təmir və bərpasına ciddi ehtiyac var. 30 ildən artıqdır ki, Ermənistan bu su anbarını qanunsuz istismar edib, iqtisadi və ekoloji cinayətkarlıqla məşğul olub. Anbarın mövcud qəza vəziyyəti onun aşağı hissəsində yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükə yaradır.

Qeyri hökumət təşkilatlarının yaydığı bəyanatda Ermənistanın və separatçı tör-töküntülərin Sərsəng su anbarı ilə əlaqədar Azərbaycanın və beynəlxalq ictimaiyyətin çağırışlarına heç vaxt məhəl qoymadıqları ciddi şəkildə qınanılıb. Bildirilib ki, böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının suvarma tələb olunan əraziləri Ermənistanın Sərsəng su anbarı ilə əlaqədar özbaşınalıqlarının qurbanına çevrilib. Sərsəng su anbarı təyinatı üzrə istifadə olunarsa, 100 min hektar əkin sahəsi aktiv kənd təsərrüfatı dövriyyəsinə cəlb oluna bilər.

Nigar Orucova, “İki sahil”