09 aprel 2018 15:36
1114

Cəlilabadın Xəlilabad kəndinə təbii qaz verilib

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, Cəlilabad rayonunun Xəlilabad kəndinə təbii qaz verilib.

281 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında polad və polietilen borularla 35 min 768 metr daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bu münasibətlə kənddə keçirilən mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, Milli Məclisin deputatları Malik Həsənov, Mirkazım Kazımov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik ediblər.

Qeyd olunub ki, son illər ölkəmizin bütün regionlarında qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş işlər, təbii qaz almayan yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Bildirilib ki, ölkənin qazlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək. Bu il Cəlilabad rayonunun Cəlayir kəndinin qazlaşdırılması da nəzərdə tutulub.

Kənd sakinləri onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.