KÖŞƏ

Əhməd Qurbanoğlu
[email protected]

Yevlağa kimi gəldilər

22 sentyabr 2023 00:57
3020

Günün nəbzi

Amma bizi Kür çayına tökməyə yox, əfv diləməyə...

Yəqin ki, çoxları hələ lokal antiterror tədbirlərinin başlanmasından xeyli əvvəl Qarabağ bölgəsinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan hissəsində yaşayan ermənilərin nümayəndələrinə reinteqrasiya məsələlərini müzakirə etmək üçün Yevlax şəhərində görüşmək təklifi verilməsini məkan seçimi baxımından təsadüf kimi qiymətləndirə bilər. Amma qarabağlılar, xüsusilə yevlaxlılar Azərbaycan siyasi rəhbərliyinin bu prinsipial qərarını təsadüfi addım hesab etmirlər. Niyəsini izah etməyə çalışacağam.

Yaşlı nəslin nümayəndələri yaxşı xatırlayırlar. “Dağlıq Qarabağ avantürası” alovlanmamışdan hələ çox-çox əvvəl içimizdəki ermənilər müxtəlif tədbirlərdə, məclislərdə yarızarafat, yarıciddi bütün Qarabağ ərazisinin Yevlağa, daha dəqiq desək, Kür çayına kimi onların tarixi torpaqları olması iddiasını sızdırırdılar. Təbii ki, “sovet xalqlarının vahid ailəsi”nin  tərkibində ermənilərlə “can bir qəlbdə” yaşadığımız o çağlarda təbiətən sadəlövh və unutqan olan biz azərbaycanlılar  hayların bu iddialarını boş xülya, sayıqlama hesab edib əhəmiyyət vermirdik. Halbuki hələ XX əsrin əvvəllərində erməni daşnak-millətçiləri “dənizdən-dənizə böyük Ermənistan” planlarının ilk mərhələsi üçün strateji məqsədlərinin Azərbaycanın Kür çayına qədərki ərazilərini zəbt etmək olduğunu gizlətmirdilər.

Elə ki, 1988-ci ilin fevralında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzlə müşayiət olunan ərazi iddiaları rəsmən start götürdü, tarixi düşmənlərimiz həm İrəvandakı, həm də  Xankəndidəki mitinqlərində bu sərsəm iddialarını açıq şəkildə dilə gətirməyə başladılar. “Miatsum” (birləşmək) bağırtıları ilə keçirilən mitinqlərdə hətta “Yevlağa qədər ərazilər Ermənistanın tarixi torpaqlarıdır”, “Tezliklə tankların, BTR-lərin üstündə Yevlağa qədər gedib azərbaycanlıları Kür çayına tökəcəyik” tipli şüarlar, plakatlar qaldırılırdı. Otuz il davam edən işğal dövründə isə hər dəfə zəbt olunmuş ərazilərimizin boşaldılmasının vacibliyini onlara xatırladanda hətta siyasi və hərbi rəhbərlik səviyyəsində cavabları belə olurdu: “Səsinizi kəsib oturun yerinizdə. Çox o yan, bu yan edərsiniz “yenilməz Ermənistan ordusu” bir günün ərzində Yevlağa qədər gəlib hamınızı Kür çayına tökər.”

2020-ci il sentyabrın 27-də qətiyyətli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə düşmənin növbəti hərbi təxribatına cavab olaraq başlayan 44 günlük müharibədə rəşadətli Azərbaycan Ordusu yağı düşmənin bu sərsəm niyyətini gözündə qoydu. Ermənistan diz çökdürülərək kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bununla da erməni millətçi-daşnak tör-töküntüləri nəinki Yevlağa qədər gəlib bizi Kür çayına tökmək kimi sərsəm planlarından vaz keçdilər, hətta bu gün vaxtilə havadarlarının dəstəyi ilə sahibləndikləri  tarixi torpaqlarımız Zəngəzurda, İrəvanda və digər ərazilərdə belə özlərini təhlükəsiz hiss etmirlər.

Yuxarıda sadaladığımız faktlar bir daha sübut edir ki, sentyabrın 21-də, yəni Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun Qarabağ bölgəsində cəmi 23 saat müddətində uğurla başa çatdırdığı lokal antiterror tədbirlərindən bir gün sonra  erməni icmasının nümayəndələri ilə görüşün məhz Yevlaxda keçirilməsi məkan seçimi baxımından qətiyyən təsadüfi sayıla bilməz. Onlarla məhz bir vaxtlar hədəf seçdikləri Yevlaxda görüşmək mümkün idi və qalib Azərbaycan dövləti bunu etdi. Məlum olduğu kimi, lokal  antiterror tədbirlərindən xeyli əvvəl Azərbaycanın siyasi rəhbərliyi dəfələrlə Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşlarımıza müraciət edərək reinteqrasiya məsələlərinin müzakirəsi məqsədilə onların nümayəndələri ilə Yevlaxda görüşməyi təklif etmişdi. Lakin Yevlax sözünü eşidən separatçılar daş atıb başlarını tutur, cığal uşaqlar kimi israrla  ermənilərin heç bir halda oraya ayaq basmayacaqlarını bildirir, Azərbaycan nümayəndələri ilə rus sülhməramlılarının patronajlığı altında ya Xankəndidə, ya Moskvada, ya da digər ərazidə görüşə  biləcəklərini deyirdilər.

Bəs nə oldu, balaca paşinyanlar?! Necə oldu ki, Azərbaycan dövlətinin bütün şərtlərini qəbul edib ağ bayraq qaldıraraq təslim olduğunuz andan bir gün sonra hələlik Yevlağa kimi gəlməyə razı oldunuz?! Ona görə “hələlik Yevlağa kimi” deyirik ki, inşallah yaxın günlərdə iməkləyə-iməkləyə Bakıya qədər  gedib əfv üçün Azərbaycan rəhbərliyinin ayağına düşəcəksiniz. Yeri gəlmişkən, işğal dövründə Kəlbəcərdəki dəbdəbəli restoranının qarşısında Bakıya istiqamətləndirdiyi yol nişanının altında  dayanıb şeşi-şeşi bizi tezliklə Bakıya qədər gələcəkləri ilə hədələyən, İkinci Qarabağ müharibəsindən sonra alçaq niyyəti ilə birlikdə restoranı da gorbagor olan,  yumaq kimi bükülmüş vəziyyətdə arvadsayaq zarın-zarın ağlayan zırpı erməni dığasını hamımız yaxşı xatırlayırıq. Sən bir tarixin ironiyasına bax! Bir zamanlar lovğalıqla tankların, BTR-lərin üstündə Yevlağa kimi gəlib bizi Kür çayına tökəcəklərini  vəd edirdilər. Axır ki, gəldilər. Amma bizi Kür çayına tökməyə yox, 35 il ərzində törətdikləri ciyayətlərə, soyqırımlarına, qətliamlara görə vətəndaşı olduqları humanist Azərbaycan dövlətindən əfv diləməyə... Bu məqamda “Adın nədir, Daşdəmir, yumşalısan, yumşalı” məşhur Azərbaycan atalar məsəlini xatırlamamaq olmur...

Əhməd Qurbanoğlu, “İki sahil”