22 sentyabr 2023 13:49
527

“Azəriqaz” gələn ildən geniş texniki müayinələrə başlayacaq

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların mənzil, ev və obyektlərində tam miqyaslı texniki müayinələrə gələn ilin yanvar ayında başlayacaq.

“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, müayinələrin həyata keçirilməsi və nöqsanların aradan qaldırılması yanvarın 1-dən noyabrın 1-dək olan dövrü (qış mövsümünə qədər – red.) əhatə etməlidir.

Şöbə müdiri qeyd edib ki, hazırda bu sahədə işlər daha çox lokal və hazırlıq xarakteri daşıyır.

“Düzdür, artıq bu işlərə başlanılıb, yəqin ki, daha geniş anlamda yanvar ayının birindən, belə deyək, bayram günlərindən sonra, biz bu texniki müayinələri həyata keçirə biləcəyik”, - Eldəniz Vəliyev vurğulayıb.

Xatırladaq ki, ötən ildən abonentlərə məxsus mənzil, ev və obyektlərdə qazdan istifadə qaydalarına riayət olunmasını yoxlamaq üçün texniki müayinələrin keçirilməsi prosesi “Azəriqaz”a həvalə edilib.