23 sentyabr 2023 00:34
230

Narkomaniya ilə mübarizə hər kəsin borcudur

Respublikamızda ictimai-siyasi və sosial-iqtisadi sabitliyin təmin edilməsi, insan həyat və sağlamlığının, genofondunun mənəvi-əxlaqi dəyərlərinin qorunması, gələcək nəslin normal formalaşmasını təmin etmək məqsədi ilə narkomanlığın, narkotik xassəli bitkilərin yetişdirilməsinin qarşısının alınması və aşkarlanaraq məhv edilməsinin ümumdövlət vəzifəsi olduğunu başa düşərək, aqrar sahə mütəxəssisləri özlərinin gündəlik fəaliyyətlərində bu məsələni daim diqqət mərkəzində saxlayırlar.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi sistemində səlahiyyətlərimiz çərçivəsində bir çox tədbirlər həyata keçirilmiş və mütəmadi olaraq Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna hesabatlar verilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası məqsədi ilə Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üçün İş Planı təsdiq edilmişdir.

İş Planının 22-ci bəndinə uyğun olaraq, cari ilin yanvar-avqust ayları ərzində narkotik xassəli bitkilərin qanunsuz əkinlərinin və yabanı halda bitmiş sahələrin aşkar edilib məhv edilməsi məqsədi ilə yerli orqanlarla birlikdə “Xaş-xaş 2023” şərti adı altında xüsusi axtarış tədbirlərində iştirak etməklə təsərrüfatlara, həyətyanı sahələrə və ərazilərə baxış reydləri keçirilmişdir.

Reydlər zamanı becərilən torpaq sahələrində əkilən və ya yabanı halda bitən narkoxassəli bitkilər aşkarlandığı hallarda müvafiq məlumatlar, həmçinin bu bitkilərin məhvedilmə prosesini əks etdirən foto və video materiallar tərtib olunan aktlara əlavə edilərək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupuna təqdim edilmişdir.

Nazirliyin rayon təşkilatlarının mütəxəssisləri tərəfindən ictimaiyyət arasında, məktəblərdə izahat işləri aparılmış, kənd təsərrüfatı məhsulları istehsalçıları arasında maarifləndirmə işləri və narkotik xassəli bitkilər, onların formaları və vegetasiya müddətlərinin tanınması haqqında tövsiyələr verilmişdir.

Nazirliyin aidiyyəti mütəxəssisləri tərəfindən Lənkəran, Cəlilabad, Ağdaş, Yardımlı, Yevlax, Zaqatala, Salyan, Neftçala, Quba, Xaçmaz, Göyçay rayonlarında, Şirvan və Gəncə şəhərlərində kənd təsərrüfatı bitkilərinin toxum satışı obyektlərində reydlər keçirilmişdir.

Eyni zamanda bildiririk ki, cari ildə bəzi rayonlarda rayon Polis şöbələrinin (RPŞ) əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssisləri münbit torpaq sahələrində, meşə zolaqlarında və həyətyanı sahələrdə əkilən və ya yabanı halda bitən narkoxassəli bitkilər aşkar edilərək məhv edilmişdir.

Belə ki, Ağsu RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı Ağsu dolaylarında, Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə aid 2 hektara yaxın sahədə 2763 ədəd 80-100 sm ölçülərdə 1050 kq yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Qazax RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Kosalar kənd sakininin pay torpağında hündürlüyü 27-100 sm olmaqla 12 ədəd aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Neftçala RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Qaraqaşlı kənd sakininin həyətyanı sahəsində 207 ədəd hündürlüyü 22-74 sm ölçülərdə 685 qram aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Siyəzən RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı Siyəzən şəhər sakininin rayonun Candahar kəndi yaxınlığındakı sıx kolluq ərazisinin içində hündürlüyü 2-70 sm ölçülərdə olmaqla 50 ədəd aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Belə ki, Zəngilan RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı Oxçu çayının ətrafında 8000 ədəd 120-140 sm ölçülərdə 2400 kq yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Bərdə RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Mustafaağalı kənd sakininin həyətyanı sahəsindən 19 ədəd aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Bərdə RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Hacıbəyli kənd sakinlərinin həyətyanı sahələrindən ayrılıqda 2-3 ədəd olmaqla aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitkilər aşkar edilmişdir.

Kəlbəcər RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı Kəlbəcər şəhəri ərazisində hal-hazırda yaşayış olmayan həyətyanı sahədən 3212 ədəd 45-125 sm ölçülərdə 1284 kq yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Qax RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Qum Bələdiyyəsi ərazisində yerləşən meşə massivində 2890 ədəd 132-240 sm ölçülərdə 2400 kq yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Qax RPŞ-nin əməkdaşları ilə birlikdə Nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Almalı kənd sakininin həyətyanı sahəsindən 8 ədəd aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitkilər aşkar edilmişdir.

Şabran RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Gəndov kənd sakininin həyətyanı sahəsindən 14 ədəd 6-15 sm hündürlüyündə aqrotexniki qaydada qulluq olunmuş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Şəki RPŞ-nin əməkdaşları ilə birlikdə Nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Çapağan kənd sakininin əkin sahəsindən 10 ədəd 30-60 sm hündürlüyündə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilmişdir.

Xocavənd RPŞ-nin əməkdaşları ilə birlikdə nazirliyin mütəxəssislərinin də iştirak etdiyi əməliyyat tədbirləri zamanı rayonun Toğavənd kənd ərazisində yerləşən meşə massivində 5000 ədəd 60-130 sm ölçülərdə 1500 kq yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunmuşdur.

Nazirlik tərəfindən kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə rayonlarda keçirilmiş seminar və müşavirələrdə aqrar islahatların nəticəsində yaranmış bütün özəl qurumlarla narkomanlığın insanlara vurduğu ağır ziyanların nəticələri barədə söhbətlər aparılmış, onlarının qarşısının alınması sahəsində Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamının əhəmiyyətini nəzərə alıb əhali arasında təbliğatın genişləndirilməsi, yerli inzibati orqanlarla əlaqəli şəkildə ərazilərdə narkotik tərkibli bitkilərin aşkar olunub məhv edilməsi istiqamətində mübarizə işlərinin gücləndirilməsi tövsiyə olunmuşdur.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən səlahiyyətləri daxilində aidiyyəti qurumlarla birlikdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı”nın icrası istiqamətində müvafiq tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.

Saleh Zərbaliyev,
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin baş məsləhətçisi