24 sentyabr 2023 03:30
218

İtaliya Avropada sığınacaq üçün ən çox müraciət edilən dördüncü ölkədir

İtaliya Avropa İttifaqına (Aİ) üzv dövlətlər arasında Almaniya, Fransa və İspaniyadan sonra sığınacaq üçün ən çox müraciət olunan ölkədir.

“İki sahil” xəbər verir ki, İtaliyaya sığınacaq üçün müraciət edənlərin sayı ötən il 77 min 195 nəfər olub. Ümumilikdə 52 min 625 müraciətin araşdırıldığı və onlardan 53 faizinin, yəni 27 min 385-nin rədd edildiyi bildirilib.

İtaliya, həmçinin son illərdə Şimali Afrikadan Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib. Cari ildə Aralıq dənizini keçərək İtaliyaya gələn mühacirlərin sayında əvvəlki illərlə müqayisədə ciddi artım müşahidə olunur. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il yanvarın 1-dən sentyabrın 22-dək ölkəyə dəniz yolu ilə 132 min 867 miqrant gəlib. Keçən ilin eyni dövründə bu rəqəm 69 min 498, 2021-ci ildə isə 43 min 756 nəfər olub.

Bundan başqa, İtaliya hökumətinin yeni qəbul etdiyi qərara əsasən, ölkəyə sığınacaq üçün müraciət edən və tələbləri rədd olunan qeyri-qanuni immiqrantlar bu rədd cavabı üzrə etirazları ilə bağlı qərar verilənə qədər repatriasiya mərkəzlərində saxlanılmamaq üçün 4938 avro təhlükəsizlik rüsumu ödəməli olacaqlar. Sığınacaq ala bilməyənlərin repatriasiya mərkəzlərində qalma müddəti isə 18 ayadək uzadılıb.