25 sentyabr 2023 16:18
281

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT sessiyası çərçivəsində 26-cı ali səviyyəli toplantısını keçirib- FOTO

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində 26-cı ali səviyyəli toplantısını keçirib.

Bu barədə “İki sahil”ə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Bildirilib ki, BMT-nin Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində "Gələcəyin Formalaşdırılması; Multilateralizmin Yenidən İşə Salınması" mövzusundakı Ali Səviyyəli Toplantıda dünyanın 40 ölkəsindən 30-dan çox sabiq ölkə və hökumət başçıları, 10-dan çox sabiq xarici İşlər nazirləri, 20-dən çox beynəlxalq təşkilatların rəhbərləri qatılıb. Bu toplantı BMT Baş Assambleyası çərçivəsində sabiq liderlərin qatıldığı ən böyük toplantı sayılır.

Toplantı çərçivəsində Albaniya Prezidenti Bayram Beqay, Şərqi Timor Prezidenti Xose Ramos Horta, Monteneqronun Baş naziri Dritan Abazoviç, Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Dr. Tedros Adanom Qebreyesus, BMT Baş Assambleyasının cari Prezidenti Denis Fransiz, Beynəlxalq Valyuta Fondunun İcracı Direktorü xanım Kristalina Qeyorgeva, BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos, BMT-nin Qadınlar Təşkilatının icraçı direktoru Sima Bahos, BMT-nin İnkişaf Proqramının Administratoru Açim Stayner, BMT HİV-AİDS programının icracı direktoru xanım Vinnie Byanyima, "Google" şirkətinin vitse-prezidenti Deyvid Qraff müxtəlif panellərdə çıxış ediblər.

Qeyd edək ki, toplantıya Mərkəzin üzvləri - BMT Baş Assambleyasının 75-ci prezidenti Volkan Bozkır, 73-cü prezidenti Mariya Fernanda Espinosa, 67-ci prezidenti Vuk Yeremiç, 77-ci prezidenti Ksaba Korosi ilə yanaşı, sabiq prezidentlər Vaira Vike-Freiberga, Egils Levits, Boris Tadiç, Rosen Plevneliyev, Borut Pahor, Tarja Halonen, İvo Yosipoviç, sabiq Baş nazirlər Gordon Broun, Binəli Yıldırım, Verner Faymann, Stefan Lohfe, Zlatko Lagumdzija, George Papandreou, Yan Fişer sabiq Xarici İşlər nazirləri Amre Moussa, Tzipi Livni, Hikmet Çetin, Ana Palacio və digələri də qatılıblar.

Ali səviyyəli toplantının müzakirə mövzuları arasında multilateralizm və iqlim dəyişikliyi, Rusiya-Ukrayna müharibəsi, BMT Agentlikləri və G20, qadınların sülh və təhlükəsizlikdəki rolu, qlobal əməkdaşlıq, süni intellekt yer alıb".