26 sentyabr 2023 21:21
295

Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq FOTO

Bakıda bu mövzuda beynəlxalq tədbir keçirilib

Sentyabrın 26-da  Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) birgə təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib.

“Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, Ombudsman Aparatının şöbə müdiri Lamiyə Zeynalova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva iştirak ediblər. Həmçinin konfransa Albaniya, Almaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Türkiyə və Gürcüstanın həmkarlar ittifaqlarının nümayəndələri, eləcə də BHİK-nın və Pan Avropa Regional Şurasının (PARŞ) məsul şəxsləri qatılıblar.

Konfrans iştirakçılarını salamlayan  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev bildirib ki, AHİK qadın üzvlərinin öz potensiallarının üzə çıxarılmasını prioritet istiqamətlərdən sayır: “Gender statistikası göstərir ki, həmkarlar ittifaqları üzvlərinin ümumi sayında kişilər 47,7 faiz olduğu halda, qadınlar 52,3 faiz təşkil edir. Üzvlərin 18,9 faizi gənclərdir. Onların da yarıdan çoxu, yəni 9, 534 faizi gənc qadınlardır və bu xanımlardan da 6,18 faizi bütün səviyyəli rəhbər vəzifələrdə təmsil olunur. Sədr vəzifəsində işləyənlərin isə 32,7 faizi gənc qadınlardır. Ümumilikdə həmkarlar ittifaqlarının seçkili orqanlarında qadınlar 47,8 faiz, bütün səviyyəli rəhbər vəzifələrdə isə 42,5 faiz göstərici ilə təmsil olunurlar”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə dövlətimizin qadın siyasətindən, ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün həyata keçirilən tədbirlərdən, qadınların elm, təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurlardan danışıb. Bildirib ki, Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə layiqincə təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Milli Məclisin komitə sədri Hicran Hüseynova ölkəmizdə qadınlarla bağlı məsələlərin həlli üçün qəbul olunan qanunlardan, imzalanan Fərman və sərəncamlardan danışıb.  O, həmçinin müvafiq beynəlxalq sənədlərin ölkəmizdə tətbiq olunması ilə qadın hüquqlarının reallaşması və təminatı istiqamətində əldə olunan nailiyyətlərdən bəhs edib.

BHİK-nın Bərabərlik departamentinin müdiri xanım Paula Simonetti çıxışında qadın hüquqları ilə bağlı dünyadakı vəziyyət barədə ətraflı məlumat verib. BHİK rəsmisi, eyni zamanda, bu istiqamətdə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələri səsləndirib, bütün sahələrlə yanaşı, əmək şəraitində də qadınlar üçün bərabər imkanların yaradılmasının vacibliyinə toxunub.

Tədbirdə, həmçinin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirlinin, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın, ASK-nın vitse-prezidenti Vüqar Zeynalovun, Ombudsman Aparatının şöbə müdiri Lamiyə Zeynalovanın mövzu üzrə çıxışları dinlənilib.

Beynəlxalq Konfransda rəy və təkliflər səsləndirilib, mövzu üzrə geniş fikir mübadiləsi aparılıb.

Yaqut Ağaşahqızı, ”İki sahil”