01 oktyabr 2023 15:01
1184

Görsünlər ki… - Cavab verə bilməyəcəyimiz sual, gizlədəcəyimiz heç nə yoxdur!

Qoy BMT nümayəndələri də görsünlər ki, erməniəsilli şəxslərə Bakı necə humanistlik nümayiş etdirir

Azərbaycan Prezidentinin Administrasiyasının dəvəti əsasında Yevlaxda, Xocalıda Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə keçirilən görüşdə beynəlxalq normalar və qanunlar çərçivəsində Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və digər məsələlər üzrə müzakirələr aparıldı. Rəsmi Bakı bu müzakirələrdə üzərinə götürdüyü öhdəlikləri uğurlar həyata keçirməyə başladı. 

Artıq Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq, erməniəsilli əhalinin yaşadığı ərazilərdə əmin-amanlığın, yerli sakinlərin şəxsi təhlükəsizliklərinin və sosial problemlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir. Məsələn, elə bu gün Azərbaycan Respublikasının səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası Xankəndiyə ezam olunub. Bu isə o deməkdir ki, artıq Xankəndi şəhərində müvafiq tibbi xidmətlərin təşkilinə başlanılıb.

O ki qaldı erməniəsilli şəxslərin seçiminə… Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli sakinlər  könüllü surətdə və öz iradələri çərçivəsində sərbəst hərəkət etmək hüququndan yararlanmaqdadırlar. Yəni, onlar Azərbaycanın qanunları ilə yaşamaq və yaxud başqa məskunlaşma yeri seçmək kimi alternativlərdən faydalanmaqdadırlar. Rəsmi Bakı onların qərarlarına hörmətlə yanaşır. Belə ki, Laçın dövlət sərhədindəki buraxılış məntəqəsindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin maneəsiz keçidi təmin edilib. Yeri gəlmişkən qeyd edək ki, rəsmi Bakı dəfələrlə  onları çoxmillətli Azərbaycanın tərkibində qalmağa, başqa sözlə desək, reinteqrasiya olunmağa çağırıb. Yəni, Azərbaycanın Qarabağdakı erməni sakinləri oranı tərk etməyə məcbur etmək kimi bir planı olmayıb və hazırda da yoxdur. Əksinə, Azərbaycan Qarabağda qaldıqları təqdirdə onların təhlükəsizliyinə tam zəmanət verdiyini bildirib. Amma Ermənistan hakimiyyəti və separatçı rejimin tör-töküntüləri ermənəsilli bütüm şəxslərin Qarabağdan çıxması üçün təzyiq göstərir.

Göründüyü kimi, dövlətimiz  müəyyən çətinliklərə rəğmən özünün Qarabağdakı erməni vətəndaşları üçün mümkün olan hər şeyi edir. Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi erməniəsilli sakinlərin də ürəyincədir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Qarabağdakı vətəndaşlarına qayğı ilə yanaşır, onların hər hansı bir probleminin həllinə çalışır. 

Amma bütun bunlara rəğmən, Ermənistan və onun havadarları Azərbaycanın bu humanist addımlarına, xüsusən erməniəsilli şəxslərin Qarabağı könüllü tərk etmələrinə müxtəlif siyasi don geyindirməyə səy göstərir. Elə bu səbəbdən Azərbaycan BMT nümayəndələrini Qarabağa dəvət edib. Qoy gəlib görsünlər ki, Azərbaycan taleyüklü məsələlərdə  şəffaflığı necə təmin edib.  Qoy gəlib görsünlər ki, erməniəsilli şəxslərə rəsmi Bakı necə humanistlik nümayiş etdirir. Qoy gəlib görsünlər ki, Prezident İlham Əliyevin bildirdiyi kimi, bizim sözümüz imzamız qədər keçərlidir. Bu yerdə məşhur atalar sözümüzü xatıtlamaq yerinə düşərdi: Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bir də Azərbaycanın  cavab vetə bilməyəcəyi sual, gizlədəcəyi hər nə isə yoxdur axı.  Bu mənada BMT-nin missiyası Azərbaycanı alqışlayacağı şübhə doğurmur. Təki onlar olaylara həqiqi qiymət versinlər.
Bu gün BMT-nin missiyası Qarabağa gəlib. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir. Missiya təxminən 10 gündən az olmamaqla bölgədə fəaliyyət göstərəcək. Qeyd edək ki,  BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.

Qvami Məhəbbətoğlu, “İki sahil”