06 aprel 2018 15:02
3775

Tarixin ağrı-acılı, faciəli səhifələri

Artıq  100 ili tamam olan 31 mart soyqırımı Azərbaycan tarixinin qanlı səhifələrindəndir.

...1918-ci ilin martında Rusiya bolşeviklərinin  rəhbəri Vladimir Lenin həmkarı, daşnak Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək məqsədilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli fəaliyyətləri üçün şərait yaratmışdılar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlamışdı.  Quldur Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda “Daşnaksütyun” partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, əhalini uşaqdan böyüyədək qətlə yetirilmişdir.

Daşnakların azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmamışdır. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da azərbaycanlıların qırğını törədilmişdir. 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilmişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər tarixi tikililər, məscid və dini ocaqlar, mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. Daha sonra aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. Həmçinin erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini belə yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və  2196 uşaq öldürülmüşdür. Bütövlükdə bu qəza üzrə 10.068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50.000 azərbaycanlı qaçqın düşmüşdür. Qərbi Azərbaycanın digər bölglərində də, İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı da daşnaklar tərəfindən məhv edilmiş, kəndlər isə yerlə-yeksan olunmuşdur. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.

Erməni quldurlarının XX əsrin əvvəllərində başladığı soyqırımlar həmin yüzilliyin sonlarında da davam etdirildi. Azərbaycan xalqına qarşı genişmiqyaslı hər bir təcavüzü, etnik təmizləmə və soyqırımı siyasəti bu gün də davam edir. Nəticədə Azərbaycanın 20 faiz ərazisi işğal edilib, bir milyondan çox insan qaçqın və köçkün düşüb, 20 min insan qətlə yetirilib, 50 min insan əlil olub, 3875 nəfər itkin düşüb. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti özünü Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə aydın şəkildə göstərir və onu deməyə əsas verir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib. Əsrlərdən bəri davam edən soyqırımlar 1990-cı ildə 20 Yanvar, 1992-ci ildə Xocalı hadisələri zamanı bir daha təkrarlandı.

Ölkəmiz müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan bir çox həqiqətlər açıldı, təhrif edilən  hadisələr əsl qiymətini aldı. 1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Həmin ildən etibarən ermənilərin vəhşilikləri ilə bağlı bir çox araşdırmalar aparıldı bir çox faktlar, sənədlər öz təsdiqini tapdı. Araşdırmalar zamanı Qubada kütləvi məzarlıqlarda aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni daşnaklarının və terrorçu dəstələrinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının dəfələrlə çox olduğunu sübut edib.

Lakin bunlarla kifayətlənmək olmaz. Məhz 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ölkəmizin başçısı cənab İlham Əliyevin xalqa müraciətində də deyildiyi kimi, indi hamının bir məqsədi olmalıdır: İki yüz ildən artıq müddətdə erməni millətçilərinin apardığı mənfur siyasəti dünya dövlətlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara çatdırmaq və erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımının tanıdılıb, qəbul olunmasına çalışmaq. Artıq bu istiqamətdə müəyyən addımlar atılır. Beynəlxalq aləmdə diplomatik, iqtisadi, siyasi cəhətdən üstünlük təşkil edən Azərbaycanın ədalətli mövqeyi müdafiə edilir. Xocalı faciəsini törətmiş ermənilərin qəddarlığı dünya ictimaiyyətinə çatdırılır, haqq işimizin qələbəsi yolunda birlik və həmrəyliyimiz təmin edilir. Haqq, ədalət bizimlədir və erməni quldurlarının tarix qarşısında cavab verəcəkləri gün uzaqda deyil.

Mənsumə Babayeva, “İki sahil”