Kanadanın Ontario vilayətinin Toronto şəhərində Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, Toronto şəhərində Nort York Mərkəzi Kitabxanasında keçirilən təqdimat mərasimi Azərbaycan Evinin rəhbəri Lalin Həsənova və kitabın müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirlinin təşkilati dəstəyi ilə təşkil olunub.
Təqdimat mərasimində Kanada hökumətinin və parlamentinin təmsilçiləri, yerli ictimaiyyətin, icmaların nümayəndələri, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.
Əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edən Kanadanın keçmiş multikulturalizm naziri və sabiq parlament üzvü Toni Ruprext, Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Lalin Həsənova dahi şəxsiyyət Heydər Əliyevin mənalı və şərəfli ömür yolunun parlaq səhifələrinin xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil etməsindən danışıblar.
Sonra çıxış edən “Heydər Əliyevin həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli tədbirin təşkil edilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Evinin rəhbəri Lalin Həsənovaya minnətdarlığını bildirib.
E.Nəsirli Ulu Öndərin nəsillərə örnək olan həyat yolu, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi siyasi fəaliyyət barədə geniş məruzə edib. O, Ulu Öndərin Azərbaycanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, elm və təhsilinə, eləcə də digər sahələrə verdiyi yüksək qiyməti vurğulayaraq deyib: “Ulu Öndər çiyinlərinə bir xilaskarlıq missiyası götürdü. Azərbaycanın müstəqillik qazanması nə qədər çətin idisə, onu qoruyub saxlamaq ondan da çətin idi. Ümummilli Lider öz siyasi dünyagörüşü, zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycan dövlətini və xalqını dövrün ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail oldu. Heydər Əliyevin hələ sovet məkanında və müstəqillik illərindəki xidmətlərinin əhəmiyyəti ictimai-siyasi həyatımızda özünü göstərirdi. Ümummilli Liderimizin dövlətçilik siyasəti sayəsində Azərbaycanın özü ilə birlikdə səhiyyə sistemi də xilas edildi. Bundan sonra müstəqil Azərbaycanda siyasi-iqtisadi, elmi-mədəni sahələr və eləcə də hərbi quruculuq yüksələn xətt üzrə irəliləməyə başladı”.
E.Nəsirli Heydər Əliyev şəxsiyyətindən və onun ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanmasındakı xidmətlərindən danışaraq bildirib: “Ümummilli Liderimiz ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət konsepsiyasını uğurla həyata keçirmiş, bu siyasi kurs bütün istiqamətlərdə dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsinə və inkişafına xidmət etmişdir. Ulu Öndərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf istiqamətində gördüyü işlər bütövlükdə müstəqilliyimizin möhkəmlənməsinə və əhalinin rifahının yüksəlməsinə yönəlmişdir”.
Baş redaktor onu da bildirib ki, Azərbaycanda 2023-cü ilin Heydər Əliyev İli elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır, dünyamiqyaslı siyasətçi və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir. “Ulu Öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir. Bu qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq”, – deyə Emil Nəsirli vurğulayıb.
Müəllifi olduğu “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan və ingilis dillərində işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabı haqqında geniş məlumat verən Emil Nəsirli vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcək.
Sonda diqqətə çatdırılıb ki, bu gün hamımız Heydər Əliyevin amallarına sadiq qalaraq prezident İlham Əliyevin ətrafında sıx birləşməli, müstəqilliyimizi və qələbəmizi daha da möhkəmləndirməliyik. Ulu Öndərin ən böyük arzusu Azərbaycan xalqını müstəqil, qalib, torpaqlarımızı işğaldan azad edilmiş görmək idi. Azərbaycan xalqı Ulu Öndərin dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda fədakarlığını heç zaman unutmayacaq.
Sonra Toronto Universitetinin Yaxın və Orta Şərq Sivilizasiyaları Departamentində fəlsəfə doktoru Lala Javanşir, York Universitetinin professoru Ulduz Rəhimov, Türk Federasiyasinin Prezidenti Sima Acan, Türk Federasiyasının xarici əlaqələr üzrə konsul əlaqələndiricisi İsmayil Vataner, tarixçi professor İlqar Məmmədov çıxış ediblər. Bildirilib ki, Heydər Əliyev şəxsiyyəti və onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı deyil və Ulu Öndərin bir siyasi xadim kimi fəaliyyəti də Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. O, istər sovet xalqları müstəvisində, istərsə də Şərqi Avropadan tutmuş, hətta Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir.
Sonda Kanada hökumətinin və parlamentinin təmsilçiləri, yerli ictimaiyyətin, icmaların nümayəndələri, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və digər şəxslərin qatıldıqları tədbirdə mərasim iştirakçılarının Ulu Öndər Heydər Əliyevin irsi ilə bağlı suallarını cavablandıran Emil Nəsirli "Heydər Əliyevin həyatının 100 anı" kitabını tədbir iştirakçılarına hədiyyə edib.