KÖŞƏ

Vəli İlyasov

11 oktyabr 2023 01:14
2758

Siçan deşiyindəkilər...

Bir çoxlarının, elə özlərinin də heç inanmadıqları və gözləmədikləri bir möcüzə baş verdi. Bir zaman Qarabağda onun-bunun hesabına at oynadanların, donuzlarını Kürdə sulayıb Bakıya qədər gələcəklərini deyənlərin, günahsız azərbaycanlıları asıb-kəsənlərin, şəhər və kəndlərimizi yandırıb külünü göyə sovuranların daha səsləri çıxmır. Onlar qaçıb siçan deşiyinə elə pərçimləniblər ki, əli çıraqlı axtaran da tapa bilməz. Dünənə qədər qəhrəmanlıqdan dəm vuran qorxaq haylar indi sanki dillərini udublar. Törətdikləri çirkin əməllərə görə cavab verməli olduqlarını anlayan terrorçular harada gizlənsələr də aşkar olunmaq xofu canlarından çıxmır.

Qarabağda darmadağın edilən separatçı terrorçuların əl-qollarının qandallanaraq Bakıya gətirilməsindən sonra Ermənistanda əsas müzakirə mövzularından biri də Azərbaycanın “qara siyahı”sında olan cinayətkarların taleyinin necə olacağıdır.  Rəsmi Bakının “qara siyahı”sında Ermənistanın keçmiş prezidentləri, yüksək rütbəli zabitləri, generalları, Birinci və İkinci Qarabağ müharibəsinin təşkilatçıları, Xocalı soyqırımı və digər qətliamlarda iştirak etmiş Robert Koçaryan, Seyran Ohanyan və Serjik Sarkisyan da daxil olmaqla, 300 nəfərin adının olduğu haqda məlumatlar var. Maraqlı burasıdır ki, azərbaycanlılarla bərabər, bir çox ermənilər də bu şəxslərin tutulub cəzalandırılmasını istəyirlər. Onlar mətbuata açıqlamalarında Azərbaycandan adı çəkilən müharibə canilərinin aşkarlanmasını və haqq-hesab istəmələrini tələb edirlər. Bunların əksəri övladları Qarabağ müharibələrində ölən və itkin düşən valideynlər və onların qohumlarıdır.

Məlum olduğu kimi, Qarabağdan qaça bilməyən hərbi cinayətkarların bir qismi artıq tutulub qandallanaraq çoxdan "arzuladıqları" Bakıya gətiriliblər. Özü də it maşınında və qatı cinayətkar qismində. Bəs qaçıb gizlənənlərin cəzalandırılması baş tutacaqmı? Aydındır ki, Ermənistan öz ərazisində gizlənmiş bu şəxsləri Azərbaycana verməkdən imtina edəcək. Lakin erməniləri qorxudan Bakının cinayətkarları həbs etmək üçün başqa yollardan istifadə edəcəyidir. Əslində gorbagor olmuş "Qarabağ klanı" Ermənistanın indiki hakimiyyətinə real təhdiddir. Robert Koçaryan və Serjik Sakisyan bu qanlı klanın rəhbərləri olublar. Baş nazir Nikol Paşinyan ağıllı dövlət başçısı olsa onları Azərbaycana özü təhvil verər ki, gələcəkdə başı salamat olsun. Ancaq ermənidir, gündə bir ağıla qulluq eləyir, çətin ki, buna getsin.

Təcrübəli erməni hüquqşünas Siranuş Saakyan bu günlərdə İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan “qara siyahı”da olan şəxsləri üçüncü ölkələrdə də həbs edə bilər. O, işğal dövründə Qarabağa qanunsuz səfər etmiş Aleksandr Lapşinin Belarusda qandallanaraq Bakıya gətirilməsini buna nümunə kimi göstərib.

Azərbaycan cəmiyyəti üçün əsas məsələlərdən biri müharibə  cinayətlərinin təşkilatçıları Robert Koçaryanın və Serjik Sarkisyanın tutulub cəzalandırılmasıdır. Bu şəxslər azərbaycanlılara qarşı qətliamların birbaşa təşkilatçılarındandır. Serjik Sarkisyan Avropada britaniyalı yazıçı, Qafqaz üzrə mütəxəssis Tomas de Vaalın sualına cavabında Xocalıda soyqırımı törətdiklərini özü də etiraf edib. Hətta Xocalıda dəhşətli soyqırımı törədilməsindəki iştirakını yekəxanalıqla qəhrəmanlıq hesab etdiyini bildirib. Yəqin ki, indi Serjik vaxtilə verdiyi açıqlamalara görə "dilim-dilim olasan, dilim" deyərək özünü yamanlayır, qırdığı qələtlərin özünə baha başa gələcəyini anlayır.

Azərbaycan tarixində sirli qalan çoxlu sayda cinayət hadisələri və terror olayları mövcuddur. Qarakənd faciəsi - vertolyotun vurulması ilə dövlət xadimlərimizin öldürülməsi ermənilərin başladıqları qanlı prosesin ilk mərhələsi idi. Bakıda müttəhim kimi əyləşən şəxslər bu sirri açacaq şəxslərdəndir. Birinci Qarabağ müharibəsi dövründə Xocalıda, Qaradağlıda, Başlıbeldə və digər ərazilərimizdə konkret olaraq kimlər terror törədib, mülki əhalini soyqırımına məruz qoyub, kim kimdən bu haqda göstəriş alıb, silahlarını kimlər verib hamısı ortaya çıxacaq. Digər tərəfdən, terror fəaliyyətlərində kimlərdən, hansı ölkələrdən maliyyə, silah, texniki və digər dəstək alıblar, hansı yolla əraziyə, hansı ölkədə kimin vasitəsilə keçiriblər hamısının üstü açılacaq. Erməni lobbisində və diasporlarda Azərbaycana qarşı müharibədə hansı ölkənin məmurları, diplomatları, deputatları, məşhur şəxsləri nə qədər korrupsiya ilə ələ alınıb, hansı vasitələrlə cinayətkar əlaqələrə qurulub hamısına cavab tapılacaq.

Erməni diasporunun cinayətlərlə zəngin minlərlə səhifəlik fəaliyyətlərinə aid dosyelər faş olacaq. Çünki artıq "qara qutular" və eləcə də “qara adamlar” Bakı istintaqında ifşa prosesinə qədəm qoymaqdadır. Bu prosesin dövriyyəsi o qədər böyükdür ki, zərbəsindən ABŞ, Avropa, İran və Hindistana kimi hakimiyyətlərin cinayət əlaqəsində olduğu yüksək eşelonlarına qədər silkələnəcək. Samanta Pauerin, Nensi Pelosinin, Ann İdalqonun, Ketrin Kolonnanın və digər ermənipərəstlərin gəlişinin şifrələri başqa bir dünyanı üzümüzə açacaq.

Şübhəsiz ki, hərbi cinayətkarların cəzalandırılması Azərbaycan dövlətinin hədəflərindən biridir və əliqanlı cəlladlar olan Robert Koçaryanın və Serjik Sarkisyanın üçüncü ölkələrin birində qandallanaraq Bakıya gətirilməsi heç də istisna deyil. Əsas odur ki, onlar başlarını siçan deşiyindən bayıra çıxarsınlar. Ondan sonrası  çətin deyil. Ancaq onlar dünyaya hələlik o siçan, siçovul yuvalarından baxırlar. Ancaq bu da uzun sürməz, bunun da bir sonu olacaq.

Vəli İlyasov, "İki sahil"