18 oktyabr 2023 16:57
733

FHN-də “Azərbaycanın müstəqilliyinin qorunmasında Heydər Əliyevin rolu” adlı tədbir keçirilib - VİDEO

Oktyabrın 18-də Fövqəladə Hallar Nazirliyində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycanın müstəqilliyinin qorunmasında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

FHN-dən "İki sahil"ə verilən məlumata görə, tədbirdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Nazirliyin Aparatının məsul şəxsləri, FHN-in strukturuna daxil olan qurumların rəhbərləri və əməkdaşları iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbirdə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Azərbaycan xalqının ən böyük sərvəti olan dövlət müstəqilliyinin qorunub saxlanmasının hər bir vətəndaşın ümdə vəzifəsi olduğunu vurğulayıb. Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu şərtləndirən səbəblərdən danışan nazir müavini, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımızın dövlət müstəqilliyini bərpa etmək imkanı əldə etdiyini, həmin dövrdə mürəkkəb tarixi şəraitdən, cəmiyyətin bütün sahələrini əhatə edən dərin böhrandan, yaranmış xaosdan bəhs edib. O, bildirib ki, məhz Ulu Öndərin parlaq siyasi zəkası, mükəmməl idarəçilik qabiliyyəti, böyük dövlətçilik təcrübəsi, mətin iradəsi və yorulmaz fəaliyyəti sayəsində milli dövlətimiz tarix səhnəsindən silinmək, xalqımız isə vətəndaş qarşıdurmasından qurtulub, Dahi Rəhbər tərəfindən bugünkü qüdrətli Azərbaycanın möhkəm və sarsılmaz özülləri atılıb. Ulu Öndər tərəfindən yürüdülən müdrik daxili və xarici siyasət, həyata keçirilən hərtərəfli və dərin, elmi əsaslarla işlənib hazırlanmış konseptual islahatlar nəticəsində dövlət müstəqilliyimizin möhkəmləndiyini, respublikamızın beynəlxalq birliyin tamhuquqlu üzvünə çevrildiyini qürur hissilə dilə gətirən Etibar Mirzəyevin sözlərinə görə, Heydər Əliyevin mütərəqqi siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz illərə sığmayan çox böyük sürətlə inkişaf edib. 44 günlük Vətən müharibəsindən və 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatından bəhs edən nazir müavini diqqətə çatdırıb ki, Azərbaycan tarixinin təkrarsız qəhrəmanlıq nümunəsi və qızıl səhifələrindən olan Vətən müharibəsində böyük Zəfərin qazanılması və Qarabağda separatçı qüvvələrin tərksilah edilərək dövlət suverenliyimizin tam təmin olunması Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqımız və müstəqil dövlətimiz qarşısında əvəzsiz xidmətlərindəndir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, 1993-cü ilin ortalarında xalqın təkidli tələbi və xahişi ilə ulu öndər Heydər Əliyevin Bakıya qayıdışı Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı olub, Azərbaycanın gələcək taleyini düşünən hər bir kəsin qəlbində dərin kök salmış narahatlığa son qoyulub, insanların sabaha itmiş inamları özünə qayıdıb. Azərbaycanda vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin aradan qaldırılması məhz həmin o tarixi günlərdən başlayıb.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət polkovniki Aqşin Kazımov öz çıxışında diqqətə çatdırıb ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan dahi rəhbər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Ulu Öndər müxtəlif sahələr arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasındakı ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələrin ən optimal həllərini müəyyənləşdirib və məharətlə həyata keçirib.

Tədbirdə digər çıxış edənlər də Ümummilli Liderin müstəqil dövlətimizin qorunub saxlanmasında, dövlətçiliyimizin inkişaf etdirilməsindəki tarixi missiyasının əhəmiyyətindən söz açıb, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar.